Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:06

Qırğızıstan Avrasiya Birliyindən çıxa bilərmi? –'Kyrexit'


Rusiya prezidenti Vladimir Putin və qırğızıstanlı həmkarı Almazbek Atambaev.
Rusiya prezidenti Vladimir Putin və qırğızıstanlı həmkarı Almazbek Atambaev.

Qırğızıstan da bir gün Böyük Britaniyanın yoluyla gedib Avrasiya İqtisadi Birliyindən (AİB) çıxa bilərmi? Thediplomat.com saytında Christopher Schwartz bu suala cavab axtarır.

Böyük Britaniyanın Avropa Birliyindən çıxması qısaca «Brexit» (British exit) adlandırılır. Müəllif «Kyrexit»in mümkünlük səbəblərini araşdırır, qeyd edir ki, bir tərəfdən iqtisadi çətinliklər, dəyişən geosiyasi mövqe, sosial narazılıqlar bu birliyin getdikcə daha az fayda verdiyini üzə çıxarır. Ancaq digər tərəfdən rəy sorğuları və strateji çək-çevir bu rahatsız nikahın saxlanmasının vacibliyini ortaya qoyur.

PROBLEMLƏR KƏSKİNLƏRŞİR

«Dünyanın demokratiya adasıyla Orta Asiyadakı «demokratiya adası» arasında maraqlı paralellər mövcuddur. Hər iki ölkə regional bloklara elektoratla birbaşa məsləhətləşmədən üzv olublar. 1973-cü il yanvarın 1-də Edward Heath hökuməti səsvermə keçirmədən Avropa İqtisadi İcmasına qoşuldu. Almazbek Arambayev hökuməti isə 2014-cü il dekabrın 23-də Avrasiya İqtisadi Birliyinə üzv oldu», - müəllif yazır.

Hələ 1973-cü ildə «Gallup»un sorğuları bu məsələdə Britaniya ictimaiyyətinin bərabər bölündüyünü üzə çıxarmışdı. Bu il iyunun 23-də isə seçicilərin çoxu AB-dən çıxmağa səs verdi.

Qırğızıstanın Tacikistanla sərhəd, Özbəkistanla su münaqişəsi var, Oş vilayətində qırğızlarla özbəklər arasında etnik gərginlik qalır, millətçi və islamçı ekstremizm yüksəlir. «Bütün bunlar simvolik olaraq bir-birinə bağlıdır», - Hüquqi Məsələlər üzrə Dövlət Komissiyasından Meerim Maturaimova deyir. «Bunlar təkcə maddi narazılıqlar deyil, kimin qrupu, hansı mədəniyyət bu ərazilərə, resurslara nəzarət edəcək – bu nəzarətdən ötrü aparılan rəqabətdir».

Müəllif yazır ki, Avrasiya Birliyinə üzvlük Qırğızıstanda bu problemləri daha da kəskinləşdirib.

Buna da bax - 'Azərbaycan Avrasiya İttifaqı və ya Gömrük Birliyinə qoşula bilər'

TİCARƏTDƏ ƏNGƏLLƏR

Rəsmi rəqəmlər bu ilin ilk beş ayında idxalın 8.2, ixracın 29.3 faiz azaldığını göstərir. Avrasiya Birliyinin digər üzvləriylə ticarət 770 milyon dollar olub ki, bu da 21.6 faiz azalma deməkdir. İlin birinci yarısında ÜDM 2.3 faiz düşüb.

AİB üzvlüyü iqtisadi çətinliklərdə əsas faktor sayılır. Ölkənin qeyri-birlik üzvləriylə ticarətində yüksək tarif sistemi tətbiq olunur, bu da Çinlə ticarəti qəlizləşdirir. Çin son 14 ildə bu ölkənin iqtisadiyyatında aparıcı rol oynayıb.

AİB Qırğızıstanda bazarların fəaliyyətini daraldıb, Rusiya və Qazaxıstandan asılılığı gücləndirib.

İSLAMÇI RADİKALLIQ

Üzvlüyün daha təhlükəli əmmaları da var. Hindistanda mənzillənən «Təbliği Camaat» islamçı hərəkatı Orta Asiyada radikallığa darvaza hesab olunur, regionun təhlükəsizlik agentlikləri bundan narahatdırlar. 2013-cü ildə Qazaxıstanda bu hərəkat yasaqlanıb. Qırğızıstan hökumətinə yaxın mənbə deyir ki, hərəkat ölkədəki sərhəd siyasətində boşluqdan faydalanaraq fəallarını buraya keçirə bilib. AİB daxilində səyahət qaydaları daha da asanlaşdırılıb deyə, bu təhlükə də böyüməkdədir.

Elə Maturaimova da deyir ki, onlara şikayətlər çoxalıb, «Təbliği Camaat» missionerləri və ya keçmiş üzvləri qapı-qapı gəzib islamçılıq yayırlar.

NİYƏ QALMALI

Amma demoqrafik və strateji səbəblər Qırğızıstanın taleyini AİB-ə bağlamış da sayıla bilər. Bunu Dünya Bankının analitik konsultantı Alisher Khamidov deyir.

Yarım milyondan bir milyonadək qırğızıstanlı AİB üzvləri olan ölkələrdə işləyirlər. Ölkəyə gələn pulların 85 faizi Rusiyaya bağlıdır ki, bu da ölkə ÜDM-sinin 1/3-ini təşkil edir.

«Məncə, Qırğızıstan Orta Asiya respublikaları içində ən sabit ölkədir. İronik səslənsə də, qismən ona görə ki, Rusiyadan asılıdır», - Khamidov deyir. «Xeyli sayda gənc orada ağır şəraitdə işləyir, özünü məhsuldar sayır, ancaq Qırğızıstanda işsiz qalıb, içlərinə qəzəb dolmur».

Müəllif yazır ki, qırğız miqrantların alternativ marşrutu da yoxdur. Qərbdə immiqrasiya qaydaları daha sərtdir, Türkiyə getdikcə daha artıq qeyri-sabit ölkəyə çevrilir, Çinin özünün artıqlamasıyla işçi qüvvəsi var.

Beynəlxalq Respublikaçılar İnstitutunun martda keçirdiyi sorğuya görə, respondentlərin 65 faizi ölkənin düzgün yolda olduğunu bildirib. 36 faiz AİB-i güclü şəkildə, 42 faiz müəyyən dərəcədə dəstəklədiyini vurğulayıb. 9 ay öncə, ötən ilin iyulunda keçirilən sorğuda da rəqəmlər təxminən eyni idi. (38 və 44 faiz).

XS
SM
MD
LG