Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:17

Belə çıxır ki, əsgərləri «skoçlayıb» dəfn eləyirlər


Gədəbəydəki N saylı hərbi hissədən Sumqayıtda yaşayan İbrahimovlar ailəsinin yeganə oğlu Faiq
Gədəbəydəki N saylı hərbi hissədən Sumqayıtda yaşayan İbrahimovlar ailəsinin yeganə oğlu Faiq

-

Əsgər anası: «Bizi aldadırdılar ki, uşaq yuyulub, kəfənlənib. Aparaq dəfn edək. Biz tabutu zorla açdıq. Və gördük ki, uşağı başdan ayağa «skoçlayıblar». Belə çıxır ki, əsgərləri «skoçlayıb» dəfn eləyirlər. Ailələrini də aldadırlar ki, yuyulub, kəfənlənib»

*Youtube Kanalımıza abunə olun - Ölkədə baş verənlərdən xəbəriniz olsun

Ötən il iyunun 13-də Gədəbəydəki N saylı hərbi hissədən Sumqayıtın Kimyaçılar qəsəbəsində yaşayan İbrahimovlara ailənin yeganə oğlu Faiqin ölüm xəbəri gəlir. 2 gün sonra ünvana əsgərin sellofana bükülmüş meyiti, daha 3 gün sonra isə hərbi hissə komandirinin imzası ilə bildiriş göndərilir:

«Əsgər İbrahimov Faiq Cabir oğlu 13 iyun 2015-ci il tarixdə hərbi hissənin 3-cü taborunun təhkim olunmuş ərazisindəki qeyri-yaşayış sahəsində özünü asaraq vəfat edib».

AVTOMAT HİSSƏSİNİN İTMƏKLİYİ

Əsgər ailəsi isə elə ilk gündən razılaşmır – əsas əziyyətləri geridə qoyub, evə dönməsinə vur-tut 3 ay qalmış Faiq özünü niyə assın ki? Faiqin anası Sali İbrahimova AzadlıqRadiosu-na danışır:

Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

«Uşaq öldürülməmişdən bir neçə gün əvvəl zəng vurdu dedi ki, «boynuma avtomat hissəsini itirməyimi qoyurlar. Tələb edirlər ki, silahın hissəsini itirdiyim üçün 850 manat ödəyim. Əslində isə silah məndən sənədlə, baxışla geri alınıb, mən silahı təhvil verəndə tam şəkildə idi». İstintaq vaxtı müstəntiqdən tələb etdik ki, bu məsələni araşdırsın. Cavabı belə oldu: “Ölünü dirildib ondan bu barədə soruşmaq imkanım yoxdur”».

Ana deyir, Faiq ölümündən 1-2 saat əvvəl evə zəng vurub. Oğlunun danışığından və səsindən narahatlıq duysa da, Faiq heç nə deməyib.

Faiq İbrahimovun ölüm faktı ilə bağlı Qazax Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Hərbi hissənin başqa əsgəri Hüseyn Hüseynov həbs olunub. Bu ilin aprelində Gəncə Hərbi Məhkəməsi əsgəri 10 il müddətinə azadlıqdan məhrum edib.

«TƏHQİR KİMİ QƏBUL ETDİM»

Əsgər həm istintaq, həm də məhkəmə ifadəsində bildirib ki, hadisədən üç həftə əvvəl - mayın 26-da bölük növbətçisi olan əsgər Faiq İbrahimov onlara kazarmanı təmiz saxlamalarını tapşırıb. Hər şey də bundan sonra baş verib. Əsgərin ifadəsindən:

«Faiq geri qayıdanda gördü ki, kazarmada təmizlik işləri aparmamışıq. Dedi ki, «indi bu tapşırığı bir zabit versəydi, kazarmanı dilinizlə təmizləyərdiz». Onun bu sözünü təhqir kimi qəbul etdim. Onun sifətinə bir yumruq ilişdirdim».

Əsgər məhkəmə ifadəsində göstərib ki, növbəti dəfə əsgər yoldaşı ilə iyunun 13-də «üz-üzə» gəlib. Bu dəfə də Faiq İbrahimova ayağından, boynundan zərbələr ilişdirib:

«Günorta saat 3-də eşitdim ki, Faiq 10-cu bölüyün kazarmasının yaxınlığında - «kombi» istilik cihazlarının yerləşdiyi qeyri-yaşayış binasında özünü kəndirlə tavandan asıb».

HİMAYƏÇİLİK VƏ CƏZASIZLIQ

Əsgər Hüseyn Hüseynov təkcə Faiq İbrahimovun intiharına səbəbkar kimi yox, həm də başqa əsgərləri incitdiyinə görə mühakimə olunub. Həmin əsgərlər də məhkəmədə zərərçəkmiş kimi dindirilib.

Faiq İbrahimovun anası deyir, əsgərilərin incidilməsi, öldürülməsi hərbi hissələrdəki özbaşınalığın nəticəsidir:

Skoçun altından görünən işgəncə izləri.
Skoçun altından görünən işgəncə izləri.

«Həmin Hüseyn Hüseynov nə qədər əsgər incidibmiş... Oğlum ölməsəydi, o da tutulmayacaqdı, hələ nə qədər əsgərləri də incitməkdə davam edəcəkdi. Bunun da bir səbəbi var – himayəçilik və cəzasızlıq. Əgər o əsgər vaxtında döydüyü əsgərlərə görə cəzalansaydı, növbəti cinayətlər baş verməzdi, mənim oğlum da çoxdan əsgərliyini bitirib yanıma qayıtmışdı».

«TABUTU AÇMAĞA QOYMURDULAR»

Ana oğlunun intihar etməsinə inanmır, onun əsgər yoldaşı və yaxud yoldaşları tərəfindən öldürüldüyünü deyir:

«Biz müstəntiqdən də, məhkəmədən də tələb etdik ki, əgər uşaq özünü asmışdısa, hadisə yerinə gələn prokurorluq işçiləri mütləq fotolarını çəkməliydilər. Hanı o fotolar? Mən nə hərbi hissə komandirinin, nə də istintaqçıların dediklərinə inanmıram. Ən azı ona görə ki, Faiqin tabutunu açmağa qoymurdular. Bizi aldadırdılar ki, uşaq yuyulub, kəfənlənib. Aparaq dəfn edək. Biz tabutu zorla açdıq. Və gördük ki, uşağı başdan ayağa «skoçlayıblar». Belə çıxır ki, əsgərləri «skoçlayıb» dəfn eləyirlər. Ailələrini də aldadırlar ki, yuyulub, kəfənlənib. Boynunda və ayaqlarında işgəncə izləri vardı».

Əsgərin qəsdən öldürüldüyünü iddia edən ailəsi cinayət işinin təkrar araşdırılmasını tələb edir. Buna görə də İbrahimovlar ailəsi mayın 3-də Gəncə Hərbi Məhkəməsinin hökmündən Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib.

Müdafiə Nazirliyindən məsələyə münasibət almaq mümkün olmayıb. Ancaq indiyədək qeyri-döyüş şəraitində baş vermiş əksər əsgər ölümləri məhz intiharla izah olunub, digər iddialar rədd edilib.

Həmçinin baxın: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG