Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

'Bizdə sanki Ombudsman institutunun surətini çıxarıblar'


Ombudsman E.Süleymanova
Ombudsman E.Süleymanova

Bu gün, noyabrın 25-də Azərbaycan parlamentində yeni Ombudsmanın müəyyən ediləcəyi gözlənir. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə olunub.

«Gözləntimiz yoxdur»

Hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev yeni Ombudsman seçkisindən hər hansı gözləntilərinin olmadığını bildirir və bunu Azərbaycanda Ombudsman Aparatının yarandığı vaxtdan göstərdiyi fəaliyyəti ilə əlaqələndirməyə çalışır: «Bunu ona görə deyirəm ki, məhbuslara münasibətdə, ümumiyyətlə, Azərbaycandakı Ombudsman institutundan gərəkən bir hərəkət görməmişik. Axı, dünyadan təcrid edilmiş halda yaşamırıq».

E.Quliyev vurğulayıb ki, bir çox ölkələrdəki Ombudsman aparatlarının fəaliyyəti tamamilə fərqlidir: «Bizdə sanki Ombudsman institutunun sürətini çıxarıblar...».

E.Quliyev
E.Quliyev

«Əli-ayağı bağlı olacaqsa…»

E.Quliyev daha sonrada deyib: «Sərbəst fəaliyyət göstərmək imkanı veriləcəksə, o zaman ədalətli, siyasi iradə nümayiş etdirən Ombudsmanın seçilməsinin əhəmiyyəti ola bilər. Əgər Ombudsman Aparatına həmin imkan verilməyəcəksə, indiki zamanda kimin Ombudsman seçilməsinin əhəmiyyəti yoxdur. Hətta ən ləyaqətli, ağıllı və bacarıqlı şəxsi Ombudsman seçsən belə, əgər fəaliyyət imkanı verilmirsə, əli-ayağı bağlı olacaqsa, heç nə etmək mümkün olmayacaq».

«Bürokratik maneələri aşmaq...»

Deputat Fazil Mustafa isə deyib ki, Azərbaycanda Ombudsman Aparatının işləməsi üçün bütün sahələrdə qanunların lazımı səviyyədə işləməsi vacibdir:


«İndi müəyyən qanunların işləməsiylə bağlı problemlər var. Odur ki, Ombudsman institutunun dirçəldilməsinə ehtiyac var».

Deputat hesab edir ki, indiki müvəkkil Elmira Süleymanova bu postda kifayət qədər beynəlxalq əlaqələr qurub, Ombudsman Aparatının formalaşmasını təmin edib: «Amma bütövlükdə bütün qurumlar qanuna lazımi səviyyədə əməl etməyəndə bir Ombudsman Aparatının gücü ilə ölkədə insan hüquqlarının təminatı mümkün deyil. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü kimi bizim də bir çox hallarda təsir göstərmək imkanlarımız geniş deyil. Bütövlükdə bir sıra bürokratik maneələri aşmaq problemi həmişə qarşımızda durur».

F.Mustafa
F.Mustafa

«Daha fəal insan olsa…»

Deputat deyib ki, Ombudsman Aparatına insanlar müraciət edib, onların bəzilərini həll etmək müəyyən dərəcədə çətin olub. F.Mustafanın fikrincə, bunun səbəbi də odur ki, bəzi qurumlarda qanunun tələblərinə əməl edilmir: «Ombudsman institutunun bütövlükdə qarşılaşdığı problem bununla bağlıdır. Odur ki, ən güclü adamı qoysaq belə, hansısa bir prosesə ciddi müdaxilə imkanı olmayacaq».

Bununla belə, F.Mustafa vurğulayıb ki, daha fəal insan olsa, böyük işlər görmək imkanı da daha çox ola bilər.

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb. O vaxtdan Ombudsman vəzifəsində Elmira Süleymanova çalışır.

Hüquq müdafiəçilərinin onun fəaliyyətinə münasibəti birmənalı olmayıb. Bəzi hüquq müdafiəçiləri onun fəaliyyətini ümumən müsbət dəyərləndirsələr də, bir çoxları da tənqidi yanaşırlar.

Tənqidçilər deyirlər ki, son illər Azərbaycanda polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətlər getdikcə artır, amma rəsmi qurumlar kimi, Ombudsman Aparatı da onların obyektiv araşdırılmasına lazımı səylər göstərmir. Rəsmilər işgəncə şikayətlərini, bir qayda olaraq, əsaslı saymırlar.

E.Süleymanovanın Ombudsman kimi səlahiyyət müddətinin artıq başa çatdığı bildirilir. Ombudsman Aparatının özündə isə iradları əsaslı saymırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG