Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Bibiheybət sakini: 'Bu evlərdə vaxtaşırı partlayış olur'


Qaçqınların məskunlaşdığı ərazi. Arxiv fotosu
Qaçqınların məskunlaşdığı ərazi. Arxiv fotosu

“İmkanım olsaydı, həyatımın qalan hissəsini gedib kənarda adam kimi yaşayardım”.

Bu, Səbail rayonu, Bibiheybət Neft Qazçıxarma İdarəsinin ərazisində - buruqların arasında yurd salmış 66 yaşlı Məhərrəm kişinin ən böyük arzusudur.

Bu ərazidə vaxtaşırı qaz quyusunun üstündəki evlərdə partlayış olur.

Aslanovlar ailəsi buruqların və neft gölməçələrinin arasına 5 ildir yerləşib. Ailənin buraya köç etməsinin acı bir hekayəti var.

Buna da bax:​ ‘Kerosini kəsiblər, qaz xətti də yoxdur, fermada donuruq’

5 il əvvəl Məhərrəm Aslanovun Göyçayda yenicə tikdirdiyi ikimərtəbəli evdə yanğın baş verir. Məhərrəm dayı deyir, yanğın zamanı üç nəvəsi kənddəki qohumlardan birinin evində olub. 1 yaşlı Gündüz isə həyətdə beşikdə yatırmış. Uşaqların atası Sədi yanan evə sənədləri götürməyə daxil olarkən tüstüdən boğularaq ölüb. Gəlini Elminaz yanıq xəsarətləri alıb.

“BURDA HAMI ÇARƏSİZLİKDƏN YAŞAYIR”

Məhərrəm kişi rayonda duruş gətirə bilmir, övladının yas məclislərini verəndən sonra ən böyüyünün 8 yaşı olan dörd nəvəsini və gəlinini götürüb Bakıya üz tutur. Pal-paltarınadək yanğında külə dönmüş ailə hər şeyə sıfırdan başlamalı olur. Bütün çətinliklər Məhərrəm kişinin çiyinlərinə yüklənir. Yaxın bir dostu onu Bayılda – neft gölməçələri olan ərazidə özünə məxsus olan, ancaq istifadəsiz qalan evinə yerləşdirir. Üstəlik, nimdaş maşınını da ona verir ki, taksi xidməti göstərib uşaqları böyütsün:

“O qədər təhlükəlidir burda yaşamaq... Gəlin evlərdə paltar yuyur. Mən də qapını uşaqların üzünə bağlayıb gedirəm. Ancaq narahat qalıram, birdən müştərini yarı yolda düşürüb özümü evə çatdırıram. Başımıza ki, yanğın hadisəsi gəldi, tale bizə yenə rəhm eləmədi, gətirib bura – neft gölməçələrinin arasına atdı. O qədər alışıb ki, buralar”.

***Buna da bax:​ 'Axır ki, evimdən atdılar məni...'

Bu məkanda fövqəladə hadisələr tez-tez baş verir. Məsələn, bir də görürsən, kiminsə uşağı gölməçəyə düşdü. Ya məsələn, kimsə siqareti çəkib, söndürmədən gölməçəyə atdı:

“Burda hamı çarəsizlikdən yaşayır. Bu gölməçənin üfunətini çəkə-çəkə, bədənimiz şüalana-şüalana məhv olub gedirik. Bura yerləşəndən uşaqların səhhətində ciddi dəyişikliklər var, kiçiyi nəfəs ala bilmir. Ortancıl uşağın qoxuya allergiyası var. Ətrafımız mazut, çirkab...”

“GÖYÇAYA QAYITSIN”

Bu mazutun, çirkabın içərisində böyüyən Əli 6, İsmayıl 5, Əsmər 3, Gündüz 1-ci sinfə gedir.

Məhərrəm Aslanovun hökumətdən istədiyi odur ki, azyaşlıların rahat və təhlükəsiz böyüməsi üçün ya torpaq sahəsi ayrılsın, ya da mənzil verilsin. Deyir, 70 yaş qapını kəsdirib, bundan sonra çarəsiz azyaşlılara gün ağlamağa nə səhhəti, nə də maddi imkanı yoxdur.

Buna da bax:​ Neft buruqları arasında mavi yanacaq arzulayanlar

Səbail rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Məhəmməd Aslanov qeydiyyatda olduğu Göyçay rayonundakı qurumlara müraciət etməlidir: “Ev Göyçayda yanıbsa, onun evini həmin rayonun bələdiyyəsi, icra hakimiyyəti bir araya gəlib tikməlidir. Bizim ərazidə qeydiyyatı yoxdur, sadəcə, kimsə evini sığınacaq kimi verib. Üstəlik, o evlər qanunsuzdur. Dövlət Neft Şirkəti oradakı evlərin sökülməsi üçün vaxtaşırı məhkəməyə müraciət edir. Yaxşı olar ki, o vətəndaş indidən qeydiyyatda olduğu rayonda çarə tapsın. Dolanışığa görə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var, ünvanlı sosial yardıma görə müraciət eləsin, düşürsə, mütləq ayıracaqlar”.

XS
SM
MD
LG