Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:48

Şirkətlər qiymətləri saldıqlarını deyir, amma...


Bakıda supermarket
Bakıda supermarket

Son iki gündə təchizatçı və istehsalçı şirkətlər bəzi məhsulların qiymətində endirim etdiklərini açıqladılar. Onlar bunu son vaxtlar manatın məzənnəsinin dollara nisbətən möhkəmlənməsi ilə izah edirlər.

“Neptun”da bir yetkili tapılmadı

Ancaq hələlik, AzadlıqRadiosu əməkdaşının baş çəkdiyi supermarketlərdə qiymətlərdə ciddi fərq müşahidə edilmir. Paytaxtın iri supermarketləri isə şirkətlərin ucuzlaşma haqda bəyanatlarına münasibət bildirməyə tələsmirlər, bu haqda qəti söz deməyə ya hazır deyillər, ya da çəkinirlər. Məsələn, “Neptun” supermarketlər şəbəkəsində AzadlıqRadiosu-nun sualını cavablandıracaq bir yetkili “tapılmadı”, iki saata yaxın müxbiri bir neçə nəfərlə calaşdırsalar da, sonda satış müdiri Allahverdi bəyə (soyadını söyləməyiblər) yönləndirdilər. O da satış meneceri olmasına rəğmən bu suallara cavab verə bilməyəcəyini söyləməklə kifayətlənib.

Buna da bax:​ İqtisadçı: 'Manat sabit qalır, ərzaq bahalaşır'

"Neptun" supermarketi
"Neptun" supermarketi

“Əlimizdəki mal nə zaman tükənəcək... onda da qiymət ucuzlaşacaq”

Müxbirin əlaqə saxladığı başqa supermarketlərdənsə deyirlər ki, şirkətlər qiymətləri ucuzlaşdırsalar da, onlar bunu dərhal edə bilmirlər.

“Araz” supermarketin müdiri Qüdrət Məmmədovun sözlərinə görə, “bu, onlardan asılı məsələ deyil”, mal marketə ucuz qəbul olunduqda, satışda da ucuzlaşma mümkün olacaq.

Qüdrət Məmmədov: "Əlimizdəki mal nə zaman tükənəcək, onda da yenisini sifariş verəcəyik, onda da qiymət ucuzlaşacaq"
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00
Direct-ə keçid

“Əlimizdəki mal nə zaman tükənəcək, onda da yenisini sifariş verəcəyik, onda da qiymət ucuzlaşacaq” - söyləyir Qüdrət Məmmədov. Amma o, artıq bəzi təchizatçıların bir neçə mala endirim etdiklərini bildirir: “Məsələn, bu həftə bəzi mallarda endirimlər var, “Palmolive” şampunları, “Pınar”ın malları, “Herkules” və “Nitrilon” uşaq yeməyi endirimdədir”.

Buna da bax:​ 'Hər mal gələndə qiymətlər 30-40 qəpik artır'

“Bazarstore”: “Bizdə də avtomatik endirim olur”

Bazarstore” mağazasının PR və marketinq meneceri Günay Novruzqızı gündəlik qiymət araşdırmaları apardıqlarını və az qala, hər gün müəyyən endirimlər edildiyini, ancaq bəzən müştərinin bunu hiss etmədiyini söyləyir.

Azərbaycanda mağaza
Azərbaycanda mağaza

– “Veysəloğlu” elan edib ki, uşaq yeməklərini, makaron, düyü məhsullarını cüzi də olsa, ucuzlaşdırıb. Siz də bu malların qiymətini aşağı salacaqsınızmı?

– Əlbəttə, qiymətlərdə endirim olunan kimi mağazadakı satış qiymətlərinə də təsir edir. Biz şirkətlərdən hər zaman endirim istəyirik.

Buna da bax:​ İri market sahibləri ƏDV-nin götürülməsini istəyirlər

– Amma həmin şirkətlər bir qədər əvvələ kimi endirim edə bilməyəcəklərini deyirdilər və bunu da dolların məzənnəsinin yüksək olması ilə bağlayırdılar. O zaman sizlə endirimdə necə razılaşırdılar?

Günay Novruzqızı: "Şirkət endirən kimi bizdə də avtomatik endirim olur"
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid

– Düzdür, bu, məzənnədən asılıdır. Amma artıq sabitləşmə gedir. Bir az əvvəl qiymət qəfil qalxırdı, qəfil düşürdü, ona görə təchizatçı konkret qiymət qoymağa ehtiyat edirdi. Ancaq indi manatın məzənnəsi sabitləşir deyə ucuzlaşma ilə bağlı addım ata bilirlər.

– Müştəriləriniz bu sabitləşmənin nəticəsini marketlərdə görə biləcəklərmi?

– Əlbəttə. Şirkət endirən kimi bizdə də avtomatik endirim olur.

– Amma bəzi marketlər ucuzlaşmanın yubanacağını, köhnə mal bitəndən sonra endirimlər başlayacağını deyirlər.

– Köhnə malı ucuz satmaq olmaz. Yeni məhsullar ucuz olacaq. Amma marketlər arasında rəqabət getdiyindən heç kim malını baha da satmaq istəmir.

Buna da bax: 'Dollar düşür, mallar niyə ucuzlaşmır?' sualına 'Azərsun'dan cavab

– “Bazarstore”da düyü, makaron, yağ, çay, şəkər məhsullarının qiyməti nə zaman ucuzlaşacaq?

– Bunu bizim qida kateqoriyasından soruşmaq lazımdır. Məhsulun qiymətini onlar qoyur.

“Ucuzlaşma yüksək səviyyədə tapşırılıb”

Dükan, mağazalarda qiymətlərin cüzi də ucuzlaşması dərhal hiss olunmayacaq, bu da normaldır. Yeni qiymətə olan məhsulun bazadan çıxarılaraq marketlərə daşınması vaxt alacaq. İqtisadçı Natiq Cəfərli belə deyir.

Buna da bax:​ Uyuşmazlıq: Bahalanmaya dair rəsmi rəqəmlər və cibdən çıxan pullar

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspert şirkətlərin ucuzlaşma siyasətinin arxasında “yüksək səviyyədə tapşırıq”ın durmasından şübhələnir. O bu ucuzlaşmaya son iki ayda manatın məzənnəsinin sabitləşməsinin təsiri olduğunu da gizlətmir. Amma sual edir:

“Bu ucuzlaşma dayanıqlı olacaqmı – başlıca sual budur. Çünki manatın yaxın aylarda sabit qalacağı bəlli deyil. Burda hakimiyyətdən asılı olan və olmayan səbəblər də var. Məsələn, neftin, qazın qiymətinin oynaması da manatın məzənnəsinə təsir edir. İqtisadiyyatın, manatın dirçəlməsi üçün uzunmüddətli sabitlik gərəkir. Məsələn, Rusiyada rublun məzənnəsi 8 aydır sabitdir, 1 dollar təxminən 60 rubldur. Bu da biznesin nisbətən dirçəlməsinə səbəb olur. Bizdə qiymət endirimlərindən danışmağa hələ tezdir. Cəmi iki aydır manat nisbətən sabitdir. Ona görə də bunun yüksək səviyyədə tapşırıla biləcəyini düşünürəm”.

Buna da bax:​ Ekspert: 'Qiymət endirməyin yolları...'

Natiq Cəfərli bəzi malların 3-10 faizədək ucuzlaşmasının qiymətlərdə çox da böyük fərq etmədiyini söyləyir. O, manatın devalvasiyasından sonra qiymətlərin çox bahalaşdığını, ona görə də ciddi ucuzlaşma müşahidə olunmayacağını güman edir.

Veysəloğlu” aprelin 18-də idxal etdiyi və topdansatışını gerçəkləşdirdiyi duru qarğıdalı yağının qiymətini 7%, şəkər tozunu 3%, makaron məhsullarını 6%,müxtəlif növ düyüləri 9%, qarabaşağı 10%, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırdığını bəyan edib.

“Azərsun Holdinq” 116 çeşid məhsulun qiymətini salıb.

Bu haqda şirkətlər qrupundan AzadlıqRadiosu-na verilən məlumatda deyilir. Qurum bunu manatın dollar qarşısında dəyər qazanması ilə bağlayır. Ən böyük endirim bəzi dənli bitkilərlə bağlıdır: mərcimək, yumru düyü, qarabaşaq 14-28 % ucuzlaşıb. Eləcə də bəzi sousların qiyməti də 13-35 % ucuzlaşdırılıb. Şirkətlər Qrupu istehsal etdiyi bir sıra bitki yağlarının qiymətini isə cüzi şəkildə – 5-8 % ucuzlaşdırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG