Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:28

İqtisadçı: 'Manat sabit qalır, ərzaq bahalaşır'


İlham Əliyev
İlham Əliyev

Saatlı rayonunda pambıqçılığın inkişafına həsr edilən müşavirədə prezident İlham Əliyevin çıxışı, xalqın dövlət idarəçiliyindən kənar qalması, elektron ticarətə maneələr və ərzaq məhsullarının durmadan bahalanması bu gün medianın aparıcı mövzusudur...

DÜNYAYA İDARƏETMƏ NÜMUNƏSİ –AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Azərbaycan iqtidarı dövlət idarəçiliyinin ən mükəmməl nümunəsini göstərir» sərlövhəli məqaləyə yer verilib.

Yazı, əsasən, dövlət başçısı İlham Əliyevin martın 28-də Saatlı rayonuna səfəri zamanı pambıqçılıqla bağlı keçirilən müşavirədə çıxışı üzərində qurulub.

İ.Əliyev deyib ki, dünya miqyasında yüksək inkişaf göstəriciləri məhz Azərbaycana məxsusdur. Azərbaycanda dayanıqlı inkişaf təmin edilib. Uğurlu islahatlar həyata keçirilib.

Dövlət başçısı daha sonra infrastruktur layihələrinin yerinə yetirilməsinə diqqət çəkib: «Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət aparır. Sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yeni ixrac bazarlarının araşdırılması və o bazara çıxış ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarıb».

Dövlət başçısı çıxışında həmçinin vurğulayıb ki, bu gün işsizliklə mübarizədə Azərbaycan dünyaya nümunə ola bilər: «Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir».

Bakıda müxalifətin mitinqi.
Bakıda müxalifətin mitinqi.

XİLASIN DÜSTURU

Azadliq.info saytında «Xalq «mən varam» deyə bilsə…» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Azərbaycanda avtoritar idarəetmə mövcuddur və bu sistem ölkəni məhvə aparır: «Zəngin bir ölkədə böhran məskən salıb. İnsanlar intihar həddinə çatıb, büdcə boşalıb, təhsil məhv edilib, qanunlar işləmir, məhkəmə ədalətsizliyə xidmət edir».

Müəllifə görə, ölkədə avtoritar idarəetmə mövcud olduğundan korrupsiya tüğyan edir, vətəndaş bir qrup adamın girovuna çevrilib.

Yazıda deyilir ki, bu durumdan xilas olmağın düsturunu zaman sübut edib: «Xalq «mən varam» deyə bilməlidir. Xalq «mən varam» deyə bilməyəndə, hökumət «xalq yoxdur» deyib ölkəni şəxsi mülkə çevirir».

Müəllifə görə, xalq ölkənin problemlərinə biganə qalacaqsa, vəziyyətdən çıxış yolu olmayacaq: «Müxtəsər, xalqın varlığı meydanlarda ifadə olunur və bu Konstitusiyanın verdiyi hüquqdur. Bahalaşmaya, korrupsiyaya, monopoliyaya, ədalətsizliyə, repressiyaya «yox» deməyi bacarmalıyıq. Susduqca, sevdiklərimizi də hədəfə gətirmiş oluruq, eybəcərliklərdən hər kəs nəsibini alır. Xalqın «mən varam» dediyi gün bütün pisliklər yox olacaq».

Bitcoin
Bitcoin

ELEKTRON TİCARƏTİN AZƏRBAYCAN PROBLEMLƏRİ

«Exo» qəzetində «Bitcoin-un Azərbaycanda meydana gəlməsi qaçılmazdır» sərlövhəli məqalədə elektron ticarətin Azərbaycanda perspektivi ekspert Əkrəm Həsənovla müzakirə edilir.

Ekspert mövzu ilə bağlı qəzetə bunları deyib: «Bitcoin-ə (Bitcoin rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir-AR) tələbat artır. Buna görə də, kriptovalyutanın qiyməti bahalaşır. 2017-ci ildə bitcoin-in məzənnəsinin əhəmiyyətli dərəcədə artacağı müşahidə ediləcək».

Ə.Həsənov deyir ki, onlayn mağazalarda alış-veriş, müştəri və əməkdaşlarla haqq-hesablar, investisiya əməliyyatları bitcoin-la baş verir: «Aparıcı maliyyə orqanları dollar, avro və s. kimi valyutaları qeyri-məhdud sayda dövriyyəyə buraxdığı halda elektron pulların həcmi məhdud olaraq qalır. Ona görə də, dollar ekvivalentində bitcoin-in dəyəri artır. Bitcoin-in köməyi ilə tədiyyə əməliyyatlarının həcmi praktiki baxımdan bütün dünyada artır. Bitcoin-in qiyməti bundan sonra da artmaqda davam edəcək».

Ə.Həsənov hesab edir ki, kriptovalyuta yaxın zamanlarda Azərbaycanda fəaliyyət göstərə bilməyəcək. Amma buna nail ola bilməkdən ötrü bir sıra işlər yerinə yetirilməlidir: «Başlanğıcda bank sektoru möhkəmləndirilməlidir. Yalnız bundan sonra müasir ödəniş sistemi barədə düşünmək olar. Amma gələcəkdə ölkədə kriptovalyutanın üzə çıxması qaçılmaz olacaq».

Ekspertin fikrincə Azərbaycanda iqtisadiyyatın və valyuta rejiminin qeyri-liberallığından irəli gələrək bu proses çox, 15 ilə qədər vaxt aparacaq: «Azərbaycan kriptovalyutanın tətbiqinə hazır deyil. Milli valyutanı hökumət sərt şəkildə tənzimləyir. Bundan əlavə, bizdə informasiya texnologiyaları, xüsusilə müəllif hüquqlarının müdafiəsi sahəsində bir sıra problemlər var».

Bakıda supermarket.
Bakıda supermarket.

ƏRZAQLAR BAHALAŞIR: SƏBƏB?

«Novoye Vremya» qəzetində «Ərzağın qiyməti rekord vurur» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə ərzaq malları durmadan bahalanır. Orta statistik gəlirə malik vətəndaş hər dəfə ərzaq dalınca mağazaya gedəndə, «stressə dayanıqlıq» imtahanından keçir.

Yazıda qeyd edilir ki, əvvəllər bazarda piştaxtaların, mağazalarda kassanın önündə növbə olardı. İndi belə növbələr gözə dəymir. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən irəli gəlir.

İqtisadçı ekspert Vüqar Bayramov qəzetə deyib: «Son bir ayda manatın məzənnəsi sabit qalıb, bəzi meyvələrin ölkəyə idxalı əlavə dəyər vergisinə cəlb edilmir. Odur ki, qiymət bahalaşmamalı idi. Yağ, qaymaq, kəsmik artıq çoxlarının cibinə uyğun deyil. Digər tərəfdən qiymətlər bahalaşıb, əhalinin xərcləri çoxalıb, amma gəlirlər əvvəlki kimi manat ekvivalentində qalıb. Odur ki, vətəndaşın bu gün özünə meyvə almağa belə imkanı yoxdur».

Müəllifə görə, problem bununla bitmir. Devalvasiya iş yerlərinin ixtisar olmasına, əmək haqlarının gecikməsinə səbəb olub: «Təbii ki, bütün bunlar əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsinə, ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb».

Yazıda vurğulanır ki, hökumət ixracyönümlü məhsullar istehsalı vəd etsə də, əksinə, yerli məhsulların xarici xammaldan hazırlandığı üzə çıxıb: «Nəticə belədir, əhalidə pul getdikcə azalır, yemək isə həmişə lazımdır...».

XS
SM
MD
LG