Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov rusiyalı oliqarx, İtera şirkətinin təsisçisi Igor Makarovu özünün neft-qaz üzrə müşaviri təyin edib.
Bu barədə sənədin avqustun 29-da imzalandığı xəbər verilir.
Ötən mart ayında Türkmənistan dövlət telekanalı Makarovla Berdymukhammedov-un birlikdə velosiped sürməsini göstərib.
Telesüjetdə bu da deyilirdi ki, Makarov Türkmənistan prezidentinə son model yarış velosipedi hədiyyə edib.
Türkmənistan mediası xəbər verir ki, Makarov bu təyinatı “minnətdarlıqla” qəbul edib və “yüksək etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəciyini” deyib.
Makarov habelə deyib ki, doğulduğu Türkmənistan Respublikasının çiçəklənməsinə töhfə verəcək.
Makarov keçmiş velosiped idmançısı və veloyarış üzrə SSRİ yığmasının keçmiş üzvüdür.
Vedomosti qəzeti xəbər verir ki, Makarov hələ keçmiş Türrkmənistan prezidenti Saparmurat Niyazovun kabineti ilə yaxın münasibətlədə idi və Gazprom-un ovaxtkı başçısı Rem Vyakhirev-lə də burada tanış olub.
Makarovun yaratdığı İtera şirkəti 1990-cı illərin sonlarından türkmən qazının Rusiya və Ukraynaya satışını təşkil edib.
2001-ci ildə Vyakhirev-in Gazprom-dan gedişi və yeni başçı Aleksey Millerin gəlişindən sonra Itera şirkəti iri ixrac kontraktlarından məhrum olub.
Buna baxmayaraq Iteranın Sibneftgaz, Purgaz, Uralsevergaz-NGK kimi şirkətlərdə payları qalıb.
2012-ci ildə İtera Igor Sechin-in nəzarətində olan Rosneft şirkəti ilə strateji əməkdaşlıq barədə saziş imzalayıb.
Bu saziş Rusiyadakı qaz yataqlarının birgə kəşfiyyat və işlənməsini nəzərdə tuturdu.
2013-cü ildə Rosneft Makarovun Iterada 49 faiz təşkil edən səhmlərini 1, 8 milyard dollara alıb.
Forbes jurnalının təxminlərinə görə 2019-cu ildə Makarovun varidatı 2 milyard 100 milyon dollar təşkil edib və o 200 ən zəngin rusiyalının siyahısında 48-ci yerdədir.
Makarovun adı ABŞ-ın sanksiya qoyduğu Rusiya oliqarxlarının siyahısındadır.
ABŞ hesab edir ki, bu siyahıdakı 114 yüksək vəzifəli rəsmi və 96 oliqarx prezident Vladimir Putinlə yaxın münasibətlərinin hesabına varlanıblar.
Londonda mənzillənmiş Global Witness təşkilatının verdiyi informasiyaya görə Itera şirkəti 2010-cu ildə Türkmənistan prezidentinə dəyəri 60 milyon dollar olan Qalkınış yaxtasını bağışlayıb.
Bu xəbərlər rəsmən təsdiq edilməyib.