Martın 25-də Belarusun paytaxtı Minskdə müxalifətin keçirdiyi icazəli mitinq ərəfəsində 30-dan çox adam saxlanıb.
Onların arasında təqaüdçülər, ikinci qrup əlil də var.
Aksiya Belarus Xalq Respublikasının 100 illiyi münasibətilə təşkil edilib.
1918-ci ildə Rusiya İmperiyasının dağılmasından sonra Azərbaycanda Xalq Cümhuriyyəti qurulduğu kimi Belarusda da Xalq Respublikası elan edilib.
BXR sonradan bolşeviklər tərəfindən işğal edilib.
Azərbaycandan fərqli olaraq Belarusda hökumət son 25 ildə Xalq Respublikasının qurulmasını ciddi hadisə saymayb, onu qeyd etməyib.
Bu azmış kimi həmin respublika rəsmi mediada mənfi yöndən təqdim edilib.
Belarus müxalifəti Xalq Respublikasının yaranmasını həmişə anti-bolşevik aksiyalarıyla qeyd etməyə cəhd edib. Amma polis "İradə günü" adlanan həmin aksiyaları adətən dağıdıb.
Bu ilsə hökumət aksiyaya icazə verib.
Aksiyaya toplaşanlar Xalq Respublikasının ağ-qırmızı bayraqlarını qaldırıblar.
Saxlananlar öz sənədlərini polisə təqdim etsələr də, heç bir səbəb göstərilmədən polis maşınlarına mindiriliblər.
Amma saxlanma zamanı heç kim zorakılığa məruz qalmayıb.
Aksiyanın təşkilatçılarından olan müxalifət lideri Nikolay Stankeviç, tanınmış şair Slavomir Adamoviç, BelSat telekanalının bir neçə əməkdaşı da mitinqdən əvvəl saxlanıblar.
Buna da bax: 'Belarus 328' – fəalların narkotik maddələriylə mübarizəsi
Son aylar hökumətin Belarus Xalq Respublikasına münasibətində dəyişiklik hiss edilir.
Yüksək vəzifəli məmurlar, hətta prezident bu barədə danışmağa başlayıb.
Aleksandr Lukaşenko deyib ki, "BXR-in tarixini bilmək lazımdı, amma onunla fəxr etməyə dəyməz".
Başqa məmurlar da "xalq bu günü qeyd etmək istəyirsə, biz də qoşularıq" kimi bəyanatlar veriblər.
Minskli memar Ales Şaternik 25 il əvvəl BXR-in şərəfinə anım rəmzi hazırlayıb.
Hökumət onun qurulmasına yalnız bir neçə həftə əvvəl icazə verib.
Belarus Xalq Respublikasının ömrü çox qısa olub. Respublika 1918-ci il martın 25-də alman ordusunun Belarusa girməsi ərəfəsində elan edilib.
Almanlar Belarusun müstəqil hökumətini tanımayıblar. Amma onun mədəniyyət və təhsil sahəsində fəaliyyətini davam etdirməsinə imkan veriblər. Həmin ilin sonunda alman ordusu Belarusdan çıxandan sonra bolşeviklər ölkəni işğal ediblər.
O zamandan Belarus hökuməti mühacirətdə fəaliyyətini davam etdirib. Həmin hökumət indi də fəaliyyətdədir.