Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:51

'Belarus 328' – fəalların narkotik maddələriylə mübarizəsi


Belarusda həbsxana
Belarusda həbsxana

Belarusda Cinayət Məcəlləsinin 328-ci maddəsinə (Narkotiklərin qanunsuz dövriyyəsi) qarşı hərəkat güclənməkdədir. Bu gün ölkədəki məhbusların 40%-ə qədəri məhz bu maddə ilə həbs olunub. Onların çoxu gənclərdir. Üstəlik, bu maddədən həm də siyasi məqsədlər üçün və hakimiyyətdən narazılara qarşı da istifadə edirlər.

Belaruslu musiqiçi, reper Evgeny Zyl hazırda Rusiyanın Saratov şəhərində istintaq təcridxanasında Minskə deportasiyasını gözləyir. Vətəndə ona məhz 328-ci maddə ilə cinayət işi açılıb. Yaxınları bunu reperin öz yaradıcılığında həddindən artıq müxalif fikirlər səsləndirməsi ilə əlaqələndirirlər.

Belaruslu reperi ötən il dekabrın 19-u Saratovda saxlayıblar. O, buraya dostugilə qonaq gəlibmiş.

Çexiyayla müqayisə

328-ci maddə beş bənddən ibarətdir. Birinci bəndə görə müttəhimi 2 ildən 5 ilədək, beşinci bəndə görə isə 12 ildən 25 ilədək həbs cəzası gözləyə bilər.

Narkotik maddəsi son illər Belarusda ən populyar maddələrdəndir. 2017-ci ildə bu maddə ilə 5 min 500-ə qədər cinayət işi açılıb. Onlardan heç biri üzrə bəraət hökmü çıxarılmayıb.

Zhenia-nın dostları şübhələnirlər ki, onun saxlanmasının əsl səbəbi narkotik deyil. Musiqiçi Alyaksandr Lukashenka rejiminə müxalifətdə olduğunu heç vaxt gizlətməyib, öz mətnlərində də bunu açıq ifadə edir.

Zhenia-nın anası hesab edir ki, Çexiyada keçmiş uşaqlığı onun siyasi baxışlarına çox təsir edib.

«Zhenia Belarusa qayıdanda dərhal vəziyyətin Çexiyadakı kimi olmadığını anladı. Orada hər şey azaddır, hər şey olar. Hansısa formada özünü reallaşdıra bilərsən. Belarusda isə hər şey başqa cür idi. Buna görə də həmin dövrdə onda etiraz etmək arzusu baş qaldırdı. Çünki daha öncə gördükləri ilə müqayisə etmək imkanı var idi. Hər şey, bütün problemlər də bundan başladı», – musiqiçinin İspaniyada yaşayan anası deyir.

Saxlanılmış reperin dostları onun hələ uşaqlıqdan etiraza meylli olduğunu deyirlər. Musiqiçi olandan sonra isə dəfələrlə konsertləri ləğv edilib.

Milis
Milis

«328» analar hərəkatı

2014-cü ildə sintetik narkotiklər dalğası Belarusu basdı. Hökumət bütün yasaqlanmış yeni kimyəvi vasitələri qanunvericilik çərçivəsində reyestrə daxil etməyi çatdırmırdı. Bu səbəbdən prezident Lukashenka 6 saylı dekret imzalamaqla 328-ci maddəni ağırlaşdırdı və həbs müddətlərini uzatdı.

«328» analar hərəkatı da o zaman ortaya çıxıb. Hərəkat narkotik maddəsi ilə ittiham olunanların yaxınlarını birləşdirir. Onlar bu maddənin dəyişdirilməsi və «az miqdarda» anlayışının təsbitinə nail olmağa çalışırlar. Bu anlayış, məsələn, Rusiya və Ukraynada mövcuddur.

«Vəzifəmiz bu məsələni dövlətin diqqətinə çatdırmaqdır. Biz artıq dəyişikliklərin zəruri olduğunu, cəza sisteminin heç nəyi düzəldə bilməyəcəyini deputat korpusuna çatdırmışıq», – hərəkat üzvü Larisa Zhigal deyir.

Milisin çoxluğunu əsaslandırmaq

Bu yaxınlarda ölkədə «Legalize Belarus» ictimai hərəkatı da meydana çıxıb. Bu hərəkatın da məqsədi 328-ci maddənin həddindən artıq sərt olmasına diqqət çəkmək, qanunvericiliyin dəyişdirilməsinə nail olmaqdır.

«Bu qanunun saxlanmasında ilk növbədə bizim güc strukturları maraqlıdır. Mən İstintaq Komitəsi və milisdən danışıram. Ola bilsin, məhkəmə sistemi də bu işdə maraqlıdır. Hazırda narkotiklərlə bağlı cinayətlər həm pul, həm statistika yığmaq, həm də rütbəcə irəli getmək üçün çox yaxşı üsuldur. Karyera düzəltməyin asan yoludur. Əlbəttə, bu, həm də bu qədər milis və güc əməkdaşlarının niyə bu qədər vacib olduğunu əsaslandırmağa kömək edir», – Ksenia Tarasevich adlı fəal deyir.

Evgeny ilk vaxtlar Rusiyadan siyasi sığınacaq istəməyə hazırlaşırmış. Ancaq vəkillər bunun işə yarayacağına şübhə edirlər. Onlar hesab edirlər ki, Moskva Minsklə mübahisəyə girməmək üçün siyasi məhbusları asanlıqla təhvil verir. Belarus da siyasi səbəblərə görə saxlanılan Rusiya vətəndaşlarını eyni qaydada təhvil verir.

Qeyd edilir ki, hazırda Belarusdakı bütün məhbusların 1/3-i, faktiki, 328-ci maddə ilə həbsdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG