Belarus Nobel Sülh Mükafatı laureatı Ales Belyatskinin, bu yaxınlarda deportasiya olunmuş digər siyasi məhbusların pasportlarını ləğv edib. Hüquq müdafiə təşkilatları bunu mühacirətdəki dissidentlərə qarşı yeni təzyiq forması sayır.
“Bu, ölkədən çıxarılan siyasi məhbusların xaricdə həyatını çətinləşdirməyə yönəlmiş transsərhəd repressiyanın başqa bir formasıdır. Hakimiyyət bizi Belarusla əlaqələrdən məhrum etməyə çalışır, amma bunun nəticəsi olmayacaq”, – Belyatski aprelin 3-də bəyanatında bildirib.
Sözügedən keçmiş məhbuslar bu yaxınlarda ABŞ-nin vasitəçiliyi ilə azadlığa çıxanlardır. Bunun qarşılığında Minskə sanksiyalar yumşaldılıb.
Fəalların fikrincə, onların pasportlarını ləğv etməklə hakimiyyət səyahət etmələrini, yeni sənədlər əldə etmələrini çətinləşdirir və əslində həmişəlik mühacirətdə qalmalı olacaqlar.
Belyatski beş il həbsdə qalıb, ötən ilin dekabrında azadlığa buraxılıb, Belarusdan çıxarılıb. Onun pasportunun müddəti 2028-ci ildə bitir, amma ona sənədinin artıq etibarsız olduğu deyilib.
Belyatski 2022-ci ildə Ukrayna və Rusiyadan insan haqları fəalları ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülüb.
Belarus hakimiyyəti, hələlik, məsələni şərh etməyib.
Ötən ilin sentyabrından bəri Belarus qruplar şəklində 400-dən çox siyasi məhbusu azad edib. Onlardan bəziləri pasportu olmadan, müvəqqəti vəsiqələrlə ölkədən çıxarılıb.