Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 19:00

Bəhruz Səmədovun kassasiya şikayəti rədd edildi – 'Azadlıq' qışqırdı

Bəhruz Səmədov
Bəhruz Səmədov

Mayın 21-də Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə həbsdə olan politoloq Bəhruz Səmədovun kassasiya şikayətinə baxılıb.

Prosesdə vəkil Zibeydə Sadıqova çıxış edərək B.Səmədovun ciddi səhhət problemlərinin olduğunu, bir çox xəstəlikdən əziyyət çəkdiyini bildirib. O qeyd edib ki, müvəkkili həbsdə olduğu müddətdə dəfələrlə təzyiqlərə məruz qalıb və əsassız olaraq cərimə kamerasına (karser) salınıb. Vəkil həmçinin B.Səmədovun həbsxana rejiminə köçürülməsi haqda aşağı instansiya məhkəməsinin qərarının ləğv olunmasını istəyib.

B.Səmədov da çıxışında gözlərində ciddi xəstəlik olduğunu bildirib. Onun sözlərinə görə, müvafiq ekspertiza rəyi də sübut edir ki, qapalı məkanda qalmaq onun səhhətinə mənfi təsir göstərir və görmə qabiliyyətini sürətlə zəiflədir.

Politoloq saxlanma şəraitindəki qeyri-insani münasibətdən danışaraq sadəcə radio tələb etdiyinə görə cərimə kamerasına salındığını bildirib.

Səmədovun iddiasına əsasən, o, saxlandığı təcridxana və cəzaçəkmə müəssisəsinin rəhbərliyindən bu cür cəza tədbirlərinin yuxarı instansiyaların göstərişi ilə həyata keçirildiyinə dair etiraflar eşidib. O, həbsinin tamamilə sifarişli xarakter daşıdığını və heç bir cinayət törətmədiyini bəyan edib: "Mən Azərbaycanın düşməni deyiləm".

Ali Məhkəmə ictimai fəalın 11 saylı cəzaçəkmə müəssisəsindən həbsxana rejiminə köçürülməsi barədə qərarı qüvvədə saxlayıb. Qərardan dərhal sonra Səmədov məhkəmə zalında "Azadlıq!", "Qanunsuz həbslərə son!", "Repressiyalara son!" kimi şüarlar səsləndirib.

Məhkəmə iclasında səsləndirilən bu ittihamlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Rəsmi şəxslər isə, bir qayda olaraq, ölkədə sifarişli həbslərin olması ilə bağlı iddiaları əsassız sayırlar.

26 mart

Bəhruz Səmədovun saxlanma şəraitindən narazı olduğu bildirilir

Həbsdə olan politoloq Bəhruz Səmədovun saxlanma şəraitindən narazı olduğu və informasiyaya çıxışının məhdudlaşdırıldığı bildirilir.

B.Səmədovun adından yayılan müraciətdə deyilir ki, ona saxlandığı otaqdan gün ərzində cəmi iki saatlıq, çox kiçik, birmetrlik balkona çıxmağa icazə verirlər: "Otağımdan da televizoru və radionu götürüblər, heç nə yoxdur. Saxlanılma şəraitim çox bərbaddır. Həkimlərin mənə yazdığı bir neçə dərmanı da vermirlər".

Müraciətdə bank hesabından pul götürməsi üçün nənəsinə etibarnamə verməyə imkan verilmədiyi əlavə edilib. Vurğulandığına görə, "bəhanə edirlər ki", onun şəxsiyyət vəsiqəsi itib: "Mən gərək müraciət edəm, "ASAN Xidmət" işçiləri gələ, mən cərimə, rüsum ödəyəm, mənə təzə vəsiqə versinlər, sonra yenidən etibarnamə üçün rüsum ödəyib müraciət edəm. Mən nəyə görə bu pulları xərcləməliyəm? Mənim bu rüsumlara pulum yoxdur. Mənim vəsiqəm sizdədir. Verin vəsiqəmi. Mənim anamdan qalan 3-5 manat puldan əllərinizi və gözünüzü çəkin. İmkan verin, qoca nənəm o puldan istifadə edə bilsin. İmkan verin, qoca nənəm mənim yanıma azuqə gətirmək üçün o hesabdan pul çıxara bilsin".

B.Səmədovun yaşlı nənəsindən başqa ailə üzvünün olmadığı bildirilir. Müraciətdə yer alan iddialar ilə bağlı aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də saxlanılıb. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanət ittihamı əsasında 15 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, o, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

B.Səmədov isə özünə qarşı irəli sürülən ittihamları tamamilə yalanlayaraq dövlətlər arasında müharibəyə və bunun nəticəsində dinc insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən gərginlikdən sonra tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Həmin sənəddə tərəflərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları əks olunub.

XS
SM
MD
LG