Keçid linkləri

2026, 26 Sentyabr, şənbə, Bakı vaxtı 02:21

Ali Məhkəmə Bəhruz Səmədovun 15 illik həbs cəzasını dəyişmədi

Bəhruz Səmədov
Bəhruz Səmədov

Dövlətə xəyanət ittihamıyla iki ildən çoxdur həbsdə olan politoloq Bəhruz Səmədov sentyabrın 25-də Ali Məhkəmədə özünə xəsarət yetirib. O, bu addımını özünə qarşı ədalətsiz davranışla əlaqələndirib.

Ali Məhkəmədə B.Səmədovun dövlətə xəyanət ittihamı ilə 15 il həbsə məhkum edilməsi haqda hökmdən verilmiş şikayətə baxılıb. Hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində həm təqsirləndirilən politoloqun özü, həm də vəkili bir sıra vəsatətlər qaldırıb.

Vəkil vurğulayıb ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində və ardınca apellyasiya instansiyasında baxılarkən 20-yə yaxın vəsatət qaldırsalar da, heç biri təmin olunmayıb.

İttihama əsasən, Səmədov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğu iddia edilən qadınlarla danışıb və onlardan tapşırıqlar alıb. Vəsatət qaldırılıb ki, ittihamda bəhs edilən həmin qadınlar, heç olmasa, onlayn qaydada dindirilsin, bu məsələ araşdırılsın.

Ali Məhkəmə vəsatəti təmin etməyib. Məlum olub ki, eyni məsələ aşağı məhkəmə instansiyalarında da qaldırılsa da, rədd edilib.

Ermənistan rəsmilərinin dindirilməsini istəyir

31 yaşlı B.Səmədov özü isə Ermənistanın baş naziri və bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəisinin onlayn qaydada məhkəmədə dindirilməsi barədə vəsatət verib. Təqsirləndirilən politoloq deyir ki, onun Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib-etmədiyini aydınlaşdırmaq üçün bu çox vacibdir: "Ermənistan Təhlükəsizlik Xidməti rəisinin brifinqdə jurnalistin sualına cavabı var. Deyib ki, "bizim Bəhruz Səmədov adlı şəxslə heç bir münasibətimiz olmayıb"".

Sağlamlığındakı problemlərə diqqət çəkən politoloq əlavə edib ki, səhhəti onun qapalı şəraitdə saxlanmasına imkan vermir. O, BMT və digər beynəlxalq təşkilatların müraciətlərinin nəzərə alınmasını və cinayət işinin materiallarına əlavə edilməsini istəyib.

Ali Məhkəmə qaldırılan vəsatətlərin heç birini təmin etməyib.

Prosesdə fasilə elan olunduğu zaman B.Səmədov özünə xəsarət yetirib.

Fasilədən sonra məhkəmə zalına qayıdarkən politoloqun durumu pisləşib. O bildirib ki, özünə qarşı ədalətsiz rəftara etiraz olaraq bu addımı atıb.

Ali Məhkəmənin hakimləri isə müşavirədən sonra 15 illik həbs hökmünün qüvvədə saxlanıldığını elan ediblər.

Xatırlatma

Praqadakı Karlov Universitetinin doktoranturasında təhsil alan B.Səmədov 2024-cü il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 15 il həbs cəzası kəsib.

O özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını bildirir.

B.Səmədov müharibə əleyhinə yazıları ilə seçilib. Xüsusilə, 2020-ci ildəki 44 günlük müharibə və üç il öncə Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Gənc fəal 2024-cü ilin avqustunda saxlanılarkən Bakıya məzuniyyətə gəlibmiş.

​
XS
SM
MD
LG