Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:50

Keçmiş prezidentin nəvəsi Bakiyev necə Petrov olub?


Kurmanbek Bakiyev

CurrentTime Belarus mediasına istinadən bildirir ki, ölkəsindən qaçaq düşmüş keçmiş Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin oğlu Marat Bakiyevin oğlu Ruslan hazırda Belarusda yaşayır və soyadını Petrova dəyişib.

Naviny.by saytı yazır ki, 25 yaşlı Ruslan Petrov Minskin mərkəzindəki Centropol kompleksini tikən şirkətlərdən birinin sahibidir.

Centropol kompleksinin açılışı 2020-ci ildə olmalıdır. Burada kazino, tibb, uşaq və istirahət mərkəzləri, butiklər, bar, restoran və yay kafesi olacaq. Layihəyə 80 milyon dollar investisiya qoyulub.

Naviny.by saytının jurnalistləri kompleksi tikən “Hermes Construction” firması ilə Forpaton Resource LP şirkəti arasında bağları aşkar ediblər. Məhz bu şirkətdə “Ruslan Petrovun” payı 75 faizdir.

Naviny.by yazır ki, Ruslan Petrovun Facebook-dakı şəkli keçmiş Qırğızıstan prezidentinin nəvəsinə çox oxşayır. Həmin Ruslan Petrovun dostluğunda Maksim Bakıyev də var. O isə Qırğızıstandan qaçaq düşmüş prezidentin qardaşıdır. Bu fotodakı şəxs həm də Ruslan Maratovich Bakiyevin təhsil aldığı Belarus Dövlət Universitetinin saytındakı foto ilə eyniyyət təşkil edir. Ruslan bu universitetdə təhsil alıb.

Bu da qeyd olunur ki, 2010-cu ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə Bakiyev Ruslan Maratovich adlı şəxs daxil olub. Onun adı tələbə siyahısında da var. Amma növbəti il elə həmin fakültədə artıq Petrov Ruslan Maratovich adlı tələbə oxuyurdu.

Usenov isə Uritski olub

Naviny.by Belarusun hüquqi şəxslərin və fərdi sahibkarların vahid reyestrinə istinadən yazır ki, Ruslan Maratovich Petrov Belhanter-Invest MMC-nin təsisçisi olub. Bu şirkət daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğul olur.

Naviny.by saytının jurnalistləri Ruslan Petrovla əlaqə yaratmağa çalışıblar. Lakin o tabeçiliyində olanlardan biri vasitəsilə xəbər göndərib ki, Centropol kompleksinin tikintisi ilə heç bir bağlılığı yoxdur. Müxbirlər yazırlar ki, Centropol layihəsi ilə onun atası Marat Bakiyev məşğul olur.

Qırğızıstanın qaçaq baş naziri Daniil Usenov da Belarusdadır, amma artıq Daniil Uritskiy kimi tanınır
Qırğızıstanın qaçaq baş naziri Daniil Usenov da Belarusdadır, amma artıq Daniil Uritskiy kimi tanınır

2018-ci ilin iyulunda Belarus mediası yazırdı ki, Qırğızıstanın keçmiş baş naziri Daniyar Usenov da bu ölkədədir və soyadını dəyişərək Daniil Uritski olub. O da Belarusda biznes açıb.

Usenov 2010-cu ildə kütləvi nümayiş iştirakçılarına atəş açılması ilə əlaqəsinə görə öz ölkəsində ömürlük həbs cəzasına məhkum edilib.

Kurmanbek Bakiyev 2005-2010-cu illər arasında Qırğızıstanın prezidenti olub.

O hakimiyyətə özündən əvvəlki Akayev hökumətinə qarşı kütləvi etirazların dalğasında gəlmişdi. O vaxt bu hərəkatı “zanbaq inqilabı” adlandırmdışlar.

Lakin Bakıyev 2010-cu ildə baş vermiş yeni inqilabın gedişində müxalifət tərəfindən devrildi. O ölkədən qaçdı və hazırda Belarusda siyasi mühacir kimi yaşayır.

Qiyabi hökmlər

Qırğızıstanda Bakiyevə və onun qardaşı Janıbek Bakiyevə qarşı onlarla cinayət işi açılıb.

Onlar həm də paytaxt Bişkekin yaxınlığındakı 262 hektar torpaq sahəsinin tikintiyə verilməsində, habelə Britaniya biznesmeni Sean Daley-in həyatına sui-qəsd cəhdində ittiham olunurdular.

Bişkekin Oktyabr rayon məhkəməsi 2010-cu ilin dekabrında Kurmanbek Bakiyevi və qardaşını 10 il müddətinə azadlıqdan məhrum etmişdi. Bu isə o deməkdir ki, yeni hökmlərlə birlikdə keçmiş prezidentə toplam 30 il iş kəsilib.

Bakiyevin qardaşı ömürlük həbs cəzasına məhkum olunub.

Keçmiş prezidentin oğlu Marat da öz ölkəsində korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib.

Belarus prezidenti Aleksander Lukashenko qaçaq həmkarı Kurmanbek Bakiyevi bu il ad günü münasibətilə təbrik edib
Belarus prezidenti Aleksander Lukashenko qaçaq həmkarı Kurmanbek Bakiyevi bu il ad günü münasibətilə təbrik edib

Bəzi media məlumatlarına görə o Londonda və Belarusda yaşayır.

Onun biznes şəriki Gurevich də Qırğızıstanda 25 il müddətinə azadlıqdan məhrum edilib.

CurrentTime saytına müsahibəsində keçmiş prezident oğlunun pul oğurladığına dair iddiaları rədd edib:

"Deyirlər ki, hər şey onun oğlu Maksimin ətrafında fırlanırdı, çünki o bizneslə məşğul olurdu. Hə o biznesmen idi. Amma onun aktivlərinin nə olduğunu bir ata kimi heç mən də bilməmişəm. Onlar deyirdilər ki, o ölkədən milyonlarla, milyardlarla pul çıxarıb və indi xaricdə cəh-cəlal içində yaşayır. Onda niyə Londondakı Ali Məhkəməyə müraciət etmirlər ki, haqlı olduqlarını sübut etsinlər? Amma aprelin 7-dən sonra yoxa çıxmış pulların yerini onlardan, yeni hakimiyyətdən soruşmaq lazımdır”.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG