Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Bu istidə Bakı metrosunda 59 qatardan 7-sinin kondisioneri var


Bakı sakini Seyran Nəbiyev hər gün ictimai nəqliyyatdan istifadə edir. Deyir ki, yayın istisində avtobuslara, metro qatarlarına minmək bir bəladır. Isti bir yandan, basabas da bir tərəfdən, az qala adamın nəfəsi kəsilir:

“Avtobuslara baxırsan hamısı köhnə, kondisionersizdir. Yenə şəhərin mərkəzində təzə avtobuslar var. Onların da içi həmişə dolu olur, metrolar da bu gündə, hamı gözləyir ki, təzə qatarlar gəlsin, ona minsin. Görün 2019-cu ildə hər gün çarx hazırlayıb verirlər ki, Bakı metrosu gündə 590 min sərnişinə xidmət edir. Bəs, bu qədər sərnişin daşınmasından əldə olunan gəlir hara gedir, yeni qatarlar alsınlar gərək”.

Ölkə başçısının, nazirlər kabinetinin fərman və sərəncamlarında da bu problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verilir.

Elə bir neçə ay öncə, 2019-cu ilin martında Nazirlər Kabineti sərnişindaşıma ilə bağlı tələbləri təsdiqləyib. Bu tələblər arasında salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi olan avtobuslardan istifadə olunmalıdır.

Bəs, paytaxt Bakıda istismar olunan avtobusların nə qədəri bu tələbləri ödəyir? Bakıda həm də ictimai nəqliyyatın nizamlanmasına məsul olan, Bakı Nəqliyyat Agentliyi bu sahədə hansı işlər görür? Biz agentliyin rəsmilərindən bu suallarımıza cavab ala bilmədik.

Amma həmin agentliyin saytında qeyd edilir ki, 46 saylı xətt üzrə fəaliyyətdə olan köhnə, soyutma və isitmə sistemi olmayan avtobuslar yeniləri ilə dəyişdirilib.

Yeni avtobuslar iyulun 7-dən, artıq istifadəyə verilib. Bakı Nəqliyyat agentliyi qeyd edir ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, son illər paytaxta 200 ədədə yaxın müasir avtobus gətirilərək istismara verilib. Daha 300 nəqliyyat vasitəsinin isə gətirilməsi nəzərdə tutulur.

Nəqliyyat eksperti İlqar Hüseynli deyir ki, əslində yeni avtobusların gətirilməsi tək paytaxtın mərkəzi ilə məhdudlaşmamıldır. Digər ərazilər də nəzərə alınmalıdır:

“Məsələn, Xırdalan, Masazır, Bakının müxtəlif kəndləri istiqamətinə işləyən avtobuslar bərbad gündədir. Texniki hazırlığı sıfır dərəcəsindədir. Sərnişindaşıma üzrə fəaliyyət göstərən özəl şirkətlərə Bakı Nəqliyyat Agentliyi nəzarət etməlidir. Nazirlər Kabinetinin tələblərini ödəməyən şirkətlərə qarşı zəruri addımlar atılmalıdır. Nəzarət imkanları yoxdur. Amma görünür ya bu köhnə avtobuslar hansısa dövlət məmuruna bağlılığına və ya imkanlı sahibkara məxsus olduğuna görə agentlik onlara təsir edə bilmir. ”

İlqar Hüseynli bildirir ki, nəzarətsizlik, məsuliyyətsizliyin hökm sürdüyü bir mühitdə sərnişinlərin rahatlığı arxa plana keçir. O deyir ki, Bakı metrosunda da vəziyyət oxşardır.

Gündə 650 min sərnişin

Rəsmi məlumata görə, Bakı Metrosu gün ərzində orta hesabla 650 min sərnişin daşıyır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyir ki, ümumilikdə, metropolitenin 59 qatarı var, onlardan 7-si yenidir və kondisionerlə təmin olunub. O bildirir ki, bir neçə gün öncə iyulun 2-də iki yeni qatar xəttə buraxılıb. Bu ilin sonuna kimi 4 yeni qatarın da gətirilməsi planlaşdırılır. O ki, qaldı köhnə qatarlara Bəxtiyar Məmmədov deyir ki, onların 31 illik istismar müddəti başa çatdıqdan sonra yeniləncək:

“Yeni qatarlarımızda kondisioner, iqlim şəraiti tam təmin olunub, müasir tələblərə cavab verir. O biri köhnə adlandırdığımız qatarlarda isə kondisioner quraşdırmaq mümkün deyil. Biz bunu istehsalçı şirkətlə də araşdırdıq, monitorinqlər də apardıq bu faktiki olaraq, yeni vaqon istehsalına bərabər prosesdir. Zamanla yeni qatarlar alınacaq”.

Bəxtiyar Məmmədov deyir ki, yay aylarında sərnişinlərin rahatlığı üçün həm də stansiyaların özünüdə ventilyatorlar yenilənir. Hazırda Qara Qarayev və Memar Əcəmi stansiyalarındakı ventilyatorlar dəyişdirilir, Ulduz və Nizami stansiyalarına isə yeniləri quraşdırılır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Yay aylarında ictimai nəqliyyatda hansı problemlərlə üzləşirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Həm Bakı Metropoliteni, həm də Bakı Nəqliyyat Agentliyi sərnişinlərin rahatlığı üçün imkan daxilində işlər gördüklərini bildirirsələr də, hökumətin tənqidçiləri görülən işləri kifayət saymır.

Ölkəyə böyük məbləğdə neft pulları gələn vaxtdan bəri, azı son 15 ildə bu problemin çoxdan həll olunmalı olduğunu bildirirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG