Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:15

Babək Həsənova işgəncə verilibmi


B.Həsənov
B.Həsənov

AXCP-nin Nərimanov şöbəsinin sədri, Qarabağ döyüşçüsü Babək Həsənov həbsdə ailə üzvləri ilə görüşüb. Bu barədə AzadlıqRadiosuna onun qardaşı Cavid Həsənli məlumat verib. Mayın 15-də Bakı İstintaq Təcridxanasından 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləndən dərhal sonra cəbhəçinin orada cəzalandırıldığı və işgəncəyə məruz qaldığı iddia olunurdu.

C.Həsənli deyir ki, qardaşı ilə bağlı yayılan xəbərlərdən narahat olub, cəzaçəkmə müəssisəsinə gediblər. Orada müəssisənin rəis müavini Zahid Bədirxanovla görüşüblər: «Rəis müavininə narahatlığımızı çatdırdıq, bildirdi ki, işgəncə verilməsi barədə deyilənlər həqiqətəuyğun deyil. Dedik ki, əgər olmayıbsa, görüşməyimizə imkan yaradın, onun öz dilindən eşidək. Sağ olsun, bizi görüşdürdü».

«Yoxlama adıyla tam soyundurublar»

Qardaşının sözlərinə görə, B.Həsənov müəssisədə ona qarşı fiziki güc tətbiq olunmadığını, ancaq insan ləyaqətini alçaldan rəftara məruz qaldığını söyləyib: «Dedi ki, cəzaçəkmə müəssisəsinə gələn kimi onu 4 saat karsa salıblar. İradəsindən kənar saçını tam qırxıblar. Halbuki, Kürdəxanı təcridxanasından gələndə saçını dustaqlara icazə verilən normada qırxdırıb gəlmişdi. Babək Həsənov əvvəl razılaşmayıb. Onu «press» verməklə (döymək nəzərdə tutulur-red.) hədələyiblər. Hədələrin gerçəkləşə biləcəyini anladığına görə saçının qırxılmasına icazə verib».

C.Həsənli deyir ki, qardaşı cəzaçəkmə müəssisəsində çılpaq soyundurulduğunu, bu vəziyyətdə ləyaqəti alçaldan hərəkətlərə məcbur edildiyini də söyləyib: «Dedi ki, yoxlama adıyla tam soyundurublar, əlləri başın arxasında saxlamaqla, bir neçə dəfə oturub-durmağı tələb ediblər. Eləmək istəməyəndə əməliyyat şöbəsinin rəisi onu yenə işgəncə ilə hədələyib, o da məcbur qalıb».

B.Həsənovun qardaşına dediyinə görə, bundan sonra onu müəssisə rəisi Məmməd Mahmudovun otağına aparıblar. M.Mahmudov onu tanıyıb. B.Həsənov 2011-ci ildə 2 aprel mitinqi ilə əlaqədar həbs edilib, 1 il 6 ay azadlıqdan məhrum ediləndə cəzasını 16 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdi. Həmin vaxt M.Mahmudov o müəssisənin rəisi idi.

«Rəislə danışandan sonra Babək Həsənovu yenə əməliyyat şöbəsinin rəisi müəssisədəki yarımtikiliyə gətirib, ondan tələb olunub ki, oradakı kubikləri (mişar daşı) müəyyən məsafə o tərəfə aparıb atsın. Deyiblər ki, hər bir məhkum burada dörd mişar daşını götürüb bir yerdən başqa yerə daşımalıdır. Babək onlara izah eləyib ki, onurğa sütununda problem var, ikinci qrup Qarabağ əlilidir. Yenə də döyməklə hədələyiblər. Qardaşım deyir ki, növbəti fiziki işgəncələrin səhhətində daha ağır fəsadlar yarada biləcəyini nəzərə alıb, əmri yerinə yetirib», – C.Həsənli belə deyir.

Penitensiar Xidmət: «Karantindədir»

Penitensiar Xidmət isə B.Həsənovun cərimə təcridxanasına salınması, onun ləyaqətinin alçaldılması barədə deyilənləri təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, müəssisəyə daxil olan hər bir məhkum 14 günə qədər karantində saxlanılır, bu müddətdə ona daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunur. B.Həsənov da cərimə təcridxanasında yox, karantindədir.

Cəzaçəkmə müəssisəsində məhkumun ləyaqətinin alçaldılmasına gəlincə, M.Sadıqov deyir ki, heç bir məhkum çılpaq soyundurulmur: «Sadəcə, ümumi prosedurdur ki, müəssisəyə hər yeni gələn məhkumun üstünə baxış keçirilir, şəxsi əşyaları yoxlanılır. Saçın hansı normada saxlanmasıyla bağlı da ümumi qaydalar var və ona əməl olunmalıdır».

M.Sadıqov məhkuma daş daşıtdırılması barədə iddiaya da cavab verib. Bildirib ki, cəzaçəkmə müəssisələrində daxili intizam qaydalarına əsasən, məhkumlar abadlıq, təmizlik işlərinə də cəlb oluna bilərlər: «Məhkumun bu işlərə cəlb olunmasında qanun pozuntusu yoxdur. Kiminsə xoşuna gəlsə də, gəlməsə də, qanunlar, qaydalar var».

Ombudsman Aparatından fərqli açıqlama

Ombudsman Aparatının Milli Preventiv Qrupu da 6 saylı Cəzaçəkmə Müəssisəsində Babək Həsənovla görüşüb.

Aparatın bununla bağlı mayın 21-də yaydığı məlumatda isə B.Həsənovun müəssisə əməkdaşlarının onunla rəftarından narazı olmadığı iddia edilir. Məlumatda qeyd edilir ki, görüş əsnasında məhkum B.Həsənov müəssisəyə gətirildiyi ilk gündən ailə üzvləri ilə telefonla danışmasına və yaxınları ilə də görüşünə normal şərait yaradıldığını söyləyib. «Habelə, müəssisədə saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onunla rəftarı ilə də bağlı narazılığının olmadığını bildirmişdir. B.Həsənov tibbi müayinədən də keçirilmişdir», - açıqlamada yazılıb.

Xatırlatma

Babək Həsənov ötən il mayın 25-də partiyanın digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

S.Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanılıb. Onların hər ikisindən AXCP-yə maliyyə yardımı barədə ifadələr alındıqdan sonra mayın 25-də AXCP funksionerləri saxlanılıb.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar CM-in 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, «qurama iş» adlandırıb. O bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG