Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:24

AXCP işi: ‘Dəyənəklə böyrəklərimdən, cinsiyyət orqanımdan zərbələr vururdular’


“Məni kameradan çıxartdılar ki, hamama gedirsən, soyun. Alt paltarında çıxarıb, məni ayaqyoluna apardılar. Dedilər ki, lüt şəkildə buranı silib-süpürəcəksən. İmtina elədim. Dəyənəyi göstərdilər ki, bunu bilirsən də neyləyə bilərik. Bilmirəm, sonra şantaj eləmək üçün, yoxsa hansı məqsədlə videoya çəkdilər...” – əmisi Saleh Rüstəmovun göndərdiyi pulu AXCP-yə çatdırmaqda suçlanan Vidadi Rüstəmli məhkəmədə başına gələnlərdən danışıb.

1992-93-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Yanvarın 25-də məhkəmədə öncə Saleh Rüstəmovun istintaqa ifadələri elan olunub. Birinci ifadə narkotik ittihamıyla bağlıdır. Orada yazılıb ki, heroini Şəmkirdə yerdən tapıb. Şəmkirdə parkda gəzəndə polislər yaxınlaşıb, özlərini təqdim ediblər, hal şahidlərinin iştirakıyla üzərinə baxış keçirilib, narkotiki götürüblər.

“Desəydilər, “Bin Ladeni sən maliyyələşdirmisən”, razılaşacaqdım”

Bundan beş gün sonra tərtib olunan ikinci ifadə isə Moskvadan göndərilən pullarla bağlıdır. Orada yazılıb ki, 2012-ci ildə Qənimət Zahid Moskvaya gəlib, “Azərbaycan saatı” televiziya proqramı üçün maliyyə tapmaq istəyirdi. Amma tapa bilməyib.

Bir müddət sonra onunla söhbət zamanı Qənimət Zahid siyasi məhbusların sayının artdığını, onların ailələrinin ağır vəziyyətdə olduğunu deyib. Saleh Rüstəmov da əvvəl öz qazancından ayda 300-500-1000 dollar pul göndərib.

Vaxtilə Xalq Cəbhəsinin üzvü olmuş, hazırda Rusiyada işləyən şəxslər də sonradan bu təşəbbüsə qoşulublar. Ayaqqabı satışı ilə məşğul olan Saleh Rüstəmovun satıcısının adına hesab açılıb, təxminən 15-16 nəfər azərbaycanlı ora pul köçürüb və hər ay toplanmış vəsait Bakıya göndərilib. Bakıda pulu qardaşı oğlu Vidadi götürüb, AXCP üzvlərinə verib. İfadədə yazılıb ki, hər ay 25-30 min dollar pul göndərilib.

Elan olunmuş ifadələrə münasibət bildirən Saleh Rüstəmov deyib ki, bu ifadələrə işgəncələr altında imza atıb. O vurğulayıb ki, məbləğ çox şişirdilib: “Elə bir vəziyyət yaranmışdı ki, “Bin Ladeni sən maliyyələşdirmisən” desəydilər, onunla da razılaşıb imzalayacaqdım...”

Saleh Rüstəmov 1 saylı Bakı istintaq təcridxanasında saxlanma şəraitindən də şikayətlənib: “Daha dözə bilmirəm. Bir az da belə davam eləsə, məhkəməyə çıxa bilməyəcəm. Çünki sağlamlığım imkan vermir”.

Vəkili İlhamə Həsənova da deyir ki, Saleh Rüstəmovun olduğu kamera 6 nəfərlik olsa da, orada 11 nəfər saxlanılır.

“Mənə o qədər işgəncə verdilər ki...”

Təqsirləndirilən Vidadi Rüstəmli də ifadə verib. O bildirib ki, əmisinin siyasi məhbus ailələrinə yardım məqsədilə göndərdiyi pulları götürüb, AXCP üzvü olan digər təqsirləndirilən şəxslərə çatdırıb. Amma məbləğ ittihamda göstərildiyindən dəfələrlə az olub:

“Elə olub, hər ay göndərilib, elə olub, iki aydan bir. 300-500-1000 dollar arası pul olub. Mənim özümə gələn pulları da götürüb AXCP-yə göndərilən pul kimi təqdim ediblər. Halbuki, o pula yer götürüb market açmışdım. İşləmədi, satdım, üstünə də pul qoyub ev aldım, təmir elətdirdim. Araşdırdılar, özləri də gördülər ki, həqiqətən elədir. Mənə gələn böyük pullar da əmimin olmayıb, özümün olub. Mən 2010-cu ildə Rusiyaya işləməyə getmişəm. Bir müddət əvvəl qayıdıb, burada ailə qurdum, həbs olunanda 20 günlük körpə övladım vardı. Rusiyada işlədiyim müddətdə əldə etdiyim qazancımı şərikim hissə-hissə mənə göndərirdi”.

25 yaşlı Vidadi Rüstəmli deyir ki, mayın 8-də əmisinin həbsindən sonra özü də izləndiyini hiss edib və ayın 10-da kafeyə gedərkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İdarənin həyətində maşınına və cibinə narkotik atıldığını deyən Vidadi Rüstəmlinin sözlərinə görə, həm narkotik, həm də pulla bağlı ifadələri imzalaması üçün ona dəhşətli işgəncələr verilib:

“Dəhşət, izah olunası deyil. Həyətdə maşınıma və cibimə narkotik atandan sonra məni içəri gətirəndə onların dedikləri ifadəni verməkdən imtina elədim, vəkil istədim. Çox ədəbsiz ifadələr işlətdilər. Əllərim qandallı vəziyyətdə məni ayaqyoluna aparıb, orada dəyənəklə böyrəklərimdən, cinsiyyət orqanımdan zərbələr vururdular. Dedilər, bax, əmin də burdadır, onu da sənin gözünün qarşısında bu vəziyyətə salmağımızı istəmirsənsə, biz deyəni eləyəcəksən. Ona görə narkotiklə bağlı ifadəni imzaladım”.

Vidadi Rüstəmlinin sözlərinə görə, ertəsi gün ondan pul məsələsini soruşublar, o da olanları danışıb, amma idarənin əməkdaşlarını qane etməyib:

“7-8 nəfər dayanmadan döyməyə başladı. O qədər döydülər ki, özümdən getdim. Ayılanda su istədim. Gətirib suyu başımdan üzüaşağı tökdülər. Dedim ki, nə insafsız, vicdansız adamlarsız...”

“700 min versəydik, Nəsimi kimi dərimizi soyardılar”

Bu yerdə Vidadi Rüstəmli kövrəlib, deyib ki, hər dəfə yadına düşəndə o dəhşətləri sanki yenidən yaşayır. Onun sözlərinə görə, həmin vaxt idarədə yalvarıb ki, onu öldürsünlər, yetər ki, bu dəhşətlərdən canı qurtarsın:

“Əlimə naqil bağlayıb, tok verdilər. Üzüstə yerə yıxıldım. Biri gəlib çənəmdən elə vurdu ki, dişimin qapağı düşdü”.

Vidadi Rüstəmli danışır ki, onu qadın qohumlarının həbsilə hədələyiblər, yaxınlarının müqavilə bağladığı vəkillərdən imtina elətdiriblər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Çingiz adlı əməkdaşı ona baş çəkmək üçün Baş Mütəşəkkil Cinayətkarlıqla İdarəsinə gələndə onları görüşdürməmişdən əvvəl polis kameraya gələrək, xəbərdarlıq edib. Tapşırıb ki, nümayəndəyə işgəncə barədə heç bir söz deməsin. Amma komitənin əməkdaşları onun üzərindəki xəsarətləri görüb.

Onun sözlərinə görə, qohumlarının onun işgəncəyə məruz qalması haqda şikayətindən sonra prokurorluqdan da əməkdaş gəlib. O da xəsarətləri görüb, amma qeydə almayıb: “Xəsarət yerlərini görüb, deyir ki, elə-belə şeydi...”

Vidadi Rüstəmli əlavə edib ki, indiyədək əmisinin göndərdiyi və onun AXCP üzvlərinə çatdırdığı ümumi məbləğ 6 min dollardan çox olmayıb, ittihamda bəhs olunan 770 min manat yalandır: “500 dollara görə bizə bu qədər işgəncə verdilər. 700 min versəydik, Nəsimi kimi dərimizi soyardılar...”

Məhkəmə yanvarın 29-da davam edəcək.

AzadlıqRadiosu AXCP üzvlərinin bundan öncəki prosesdə səsləndirdiyi işgəncə iddialarıyla bağlı Ombudsman Aparatından açıqlama ala bilməyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən isə deyiblər ki, qurum saxlanma yerlərinə baş çəkir, amma nə edilən müraciətlər, nə də müraciət edən şəxslərin kimliyi, onların bölüşdüyü məlumatlar barədə ictimaiyyətə açıqlama verir.

Daxili İşlər Nazirliyindən isə AzadlıqRadiosu-na deyilib ki, məhkəmənin davam etdiyi müddətdə orda səsləndirilən fikirlərlə bağlı mövqe açıqlamaları qanunsuzluq olardı.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG