Dünən, iyunun 13-də Sabunçu Rayon Mәhkәmәsindә şərti olaraq «Gәncә işi» adlanan prosesdә işgəncə şikayətləri ilə bağlı Baş Prokurorluğun qərarı açıqlanıb.
Bu barədə AzadlıqRadiosuna məhkəmə prosesində iştirak edən hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.
Hələ mayın 16-da bu işdə mühakimə olunan qruplardan birinin Sabunçu Rayon Mәhkәmәsindә keçirilən prosesində tәqsirlәndirilәn şəxslərin mәhkәmә-tibbi ekspertizadan keçirilmәsi haqqında vəsatət təmin olunmuşdu.
Hazırda Sabunçu Rayon Məhkəməsində «Gəncə işi» üzrə ayrı-ayrı 8 nəfər müttəhimdən ibarət 2 qrupun prosesi davam edir.
O.Gülalıyevin sözlərinə görə, artıq işə yeni iki vəkil də qoşulub. Bunlar Şəhla Hümbətova və Zibeydə Sadıqovadır. O, proseslərdən biri haqqında buları deyir: «Hakim Dadaş İmanov vəkillərin və təqsirləndirilən şəxslərin çıxışını dəfələrlə kəsdi, onlara xəbərdarlıq edib işgəncə mövzusunda danışmalarına mane oldu...».
O.Gülalıyevin deməsinə görə, vəkillər də öz növbəsində hakim D.İmanova yazılı etiraz təqdim ediblər. O.Gülalıyev bildirib ki, etiraza növbəti məhkəmə prosesində baxılması gözlənir.
Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmənin ən diqqətçəkən məqamlarından biri işgəncə hallarının araşdırılması ilə bağlı Baş Prokurorluğunun məhkəməyə ünvanladığı qərar olub. «Baş prokurorun birinci müavin Rüstəm Usubovun imzası ilə göndərilən qərarda təqsirləndirilən şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaların təsdiqini tapmadığı göstərilirdi...», -hüquq müdafiəçisi vurğulayıb.
O.Gülalıyevin deməsinə görə, əvvəlki iclaslardan fərqli olaraq iyunun 13-ə keçirilən prosesdə Avropa Birliyinin və ABŞ səfirliyinin nümayəndələri də iştirak ediblər.
Hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, Baş Prokurorluqdan və işi aparan hakimlərdən münasibət almaq mümkün olmayıb.
Mayın 16-dakı prosesdə nələr olmuşdu?
Mayın 16-da Sabunçu Rayon Mәhkәmәsindә «Gәncә işi» adlanan proseslərin birində tәqsirlәndirilәn şəxslərin mәhkәmә-tibbi ekspertizadan keçirilmәsi haqqında vəsatət təmin olunmuşdu. Onda hüquq müdafiəçiləri bildirmişdilər ki, hadisənin üstündən 10 ay keçsə də, işgəncə şikayətinin araşdırılması işdə müsbət dönüşdür. Üstəlik, məhbusların bəzilərinin bədənlərində hələ də işgəncə izləri qaldığı vurğulanırdı.
Ötən il Gəncə olaylarında həbs edilənlərin valideynləri də son aylar bir neçə dəfə etiraz aksiyası keçirərək işgəncə şikayətlərinin araşdırılmasını tələb etmişdilər. Onlar həmin olaylarda həbs edilənlərin həm Gəncədə, həm də Bakıda ağır işgəncələrə məruz qaldıqlarını vurğulamışdılar. Rəsmi qurumlar isə bu iddialara münasibət bildirməmişdilər.
Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan artıq bəzi qrupların məhkəməsi başa çatıb. Mühakimə edilənlər, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Onlara 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini tamamilə günahsız sayıb.
Həmin hadisələrlə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu hadisələrlə bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.
Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir. Y.Səfərov ittihama münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.