Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

Bağçada uşaqlara gələn ildən yeməyə nə verəcəklər


Uşaq bağçası. Foto arxiv
Uşaq bağçası. Foto arxiv

Hökumət uşaq bağçalarının ərzaq xərcini birdən birə 6 dəfəyə yaxın artırır. Bu rəqəm 2018-ci ildə 17 milyon manat olduğu halda növbəti ildə 99.3 milyon manata çatdırılacaq.

Hökumətin ərzaq xərcini təxminən 6 dəfə artırmasına səbəb nədir? Uşaqların menyusunda nələr var? Bu menyuda dəyişikliyi hansı səbəblər zəruri edir?

AzadlıqRadiosunun əməkdaşı Bakıdakı bir neçə uşaq bağçası və valideynlərlə danışıb.

«Bəzən uşaqlar yeməyin hamısını yeyə bilmir, yarısı qalır»

Bağçaların rəhbərliyi menyunun zəngin və doyumlu olduğunu bildiriblər.

«Səhər qaynanmış yumurta, kəsmik, çörək, çay, saat 11-in yarısı meyvə şirəsi, meyvə, vafli və ya peçenye verilir. Günorta yeməyində uşaqlar vermişel şorbası, qarabaşaqla ət, qatıq, salat yeyirlər. Axşama da düyü sıyığı, bir də kompot verilir. Bu, bugünkü menyudur. Sabaha toyuq olacaq. Ərzaq, menyu Bakı Şəhər İcra Hakimiyyətindən gəlir, biz də onun əsasında hazırlayırıq», – 137 saylı bağçanın təsərrüfat müdiri Südabə Qasımova menyunu sadalayır.

«Sizcə, bu menyuda dəyişiklik gərəklidirmi» sualının cavabında «Ehtiyac yoxdur, doyumludur» söyləyir.

223 saylı bağçanın müdiri Günel Bağırova da təxminən eyni menyunu sadalayır: «Səhərlər sıyıq bişirilir, ya da yumurta. Kakaolu süd olur, kəsmik, pendir. Günorta iki cür yemək verilir. Birincisi mütləq ya şorba, ya da dovğa olur. İkinci yemək kimi kotlet və ya toyuqla püre, makaron, küftə, qatıq, salat verilir. Axşama da balıqla qarabaşaq, kükü, püre hazırlanır, yanında kompotu, salatı da olur».

Bağça müdirinin sözlərinə görə, bu yemək uşaqlar üçün yetərlidir, hətta «bəzən uşaqlar yeməyin hamısını yeyə bilmir, yarısı qalır» deyir.

«Bundan artıq nə verəsidirlər?»

Ərzaq xərcləri 6 dəfə artırılacağı halda bağça rəhbərliyi menyuya nəyi əlavə etmək istərdi? Sualı eşidən təsərrüfat və bağça müdirləri karıxırlar. Bəzən suala sualla cavab verirlər.

«Nə bilək? Bundan artıq nə verəsidirlər?.. Onu onlar yazacaq. Bəs deyirdilər yeməklər bağçalara hazır gələcək?», – S.Qasımova cavab yox, sual verir.

G.Bağırova da eyni suala çaşqınlıqla cavab verir. ​ «Nə bilim, bəlkə kisel-misel artıracaqlar? Bəlkə səhər yeməyi üçün qatılaşdırılmış süd olacaq? Bilmirəm, bəlkə çeşidi artıracaqlar? Bəlkə qramından azaldıb çeşidi çoxaldacaqlar? Ancaq belə də yaxşıdır. Bəlkə uşaqların sayını artıracaqlar? Tələbat çoxdur, yer yoxdur, bəlkə yer sayını çoxaldacaqlar? Rusiyada armud, üzüm verirlər, bəlkə meyvə çeşidi artırılacaq? Bizdə ancaq alma, hərdən banan verilir», – cavab axtarmağa çalışan müdir sualı suala calayır.

Bağçalardakı yeməklərin keyfiyyəti necədir, genetik modifikasiyaya uğramış, ucuz, mənşəyi bəlli olmayan məhsullar körpələrin süfrəsinə yol tapıbmı, yoxsa təchizata cavabdeh qurumlar buna nəzarət edir?

Bağça müdiri «kəsmikləri, qatıqları çox gözəldir» deyir. «Alma qutularda gətirilir, ərzaq hamısı bağlı şəkildə olur. Biz də gigiyenik yerdə saxlayırıq. Yumurta da yaxşıdır. «Hacıqabul» yazılır üstündə. Hərdən fərqli də olur», – G.Bağırova məlumat verir.

Uşaq bağçasında nahar
Uşaq bağçasında nahar

Bəlkə uşaqlara kənd toyuğu verəcəklər?

93 saylı uşaq bağçasının təsərrüfat müdiri Humay Məlikova da menyuda dəyişikliyə ehtiyac duymadığını deyir: «Başqa nə olmalıdır ki? Əlavə qeyri-adi nəsə olarsa, menyunu zənginləşdirmək olar...».

Bəlkə uşaqlara kənd toyuğu və kənd yumurtası verəcəklər? Yarızarafat səslənən suala təsərrüfat müdiri tam ciddi yanaşır: «Ola bilər. Bəlkə də ona görə xərc artırılır. Bunu icradan soruşun».

Səbəb qiymət artımıdır?

108 saylı bağçanın müdiri Elya Babayeva isə sualları Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlamağı doğru sayır. Bununla belə, o, ərzaq xərcinin 6 dəfə artırılmasını qiymətlərin bahalanması ilə əlaqələndirir: «1994-cü ildən bu yana məbləğ dəyişməyib. Amma o vaxtdan bəri ərzağın qiyməti nə qədər dəyişib? Bununla əlaqədardır».

4-yaşlı oğlu bağçaya gedən Sevinc Əliyeva deyir ki, oğlu bəzən bağçadan ac, bəzən də tox gəlir: «Hərdən soruşuram «nə yemisən bu gün?». Çox vaxt deyir ki, «kaşa, makaron, toyuq». Amma hərdən evdə dovğa, borş, ya da küftə bişəndə deyir ki, «ana, bundan bağçada da bişirmişdilər»... Uşaqdır, hər şeyi dəqiq danışa bilmir. Bağçada nə bişirib verdiklərini isə gözümüzlə görmürük. Bağlı qapı dalında nə var, nə yox, özləri bilir».

Şükufə İbrahimovanın sözlərinə görə, nəvəsi Eminin getdiyi bağça evlərinin yaxınlığındadır: «Neçə dəfə gözümlə görmüşəm «texniçka»lar, bufetdə işləyənlər dolu sumkalarla çıxırlar. Uşaq nə yeyəsidir ki? Quş qədər yemək yeyirlər. İki-üç il əvvələ kimi bağçanın işçiləri gələn toyuğu, südü bizim qonşulara satırdılar. Onların hamısının üstündə yazılıb: «Satmaq qadağandır». Çox da yazırlar, kimdir baxan...».

Şükufə nənə ərzaq xərcinin 6 dəfə artırılmasına isə belə reaksiya verir: «Ondan uşaqlara nə?..».

2-yaşlı Fatimənin anası Ayan Əlirzayeva isə qızının bağçanın yeməklərini bəh-bəhlə yediyini, hətta arada «bağçanın kaşası daha dadlıdır» deyərək ona irad tutduğunu gülərək danışır.

«Pulu artırsalar yaxşıdır, bəlkə onda daha keyfiyyətli, təzə ərzaq gətirərlər. Biz nə bilək bağçada uşaqlara hansı yağdan yemək bişirirlər?», – gənc ana söyləyir.

AzadlıqRadiosu bağçaların ərzaq təminatına cavabdeh olan Bakı və ya Sumqayıt şəhər icra hakimiyyətlərindən mövqe öyrənə bilməyib.

N.Cəfərli
N.Cəfərli

«İzahatı əlaqədar qurumlar verməlidir»

REAL Partiyasının təmsilçisi, iqtisadçı Natiq Cəfərli deyir ki, bu artımın səbəbini əlaqədar qurumlar izah etməlidir: «Bu o demək deyil ki, ərzağın çeşidi və ya həcmi artırılacaq. Ola bilsin, qiymət artımına uyğunlaşdırılacaq. Və yaxud da bağçaların ərzaqla təminatı üçün daha yüksək qiymətə ərzaq təklif edəcək tenderlərin keçirilməsi də mümkündür. Təbii ki, bu kəskin artımın səbəbinin məhz bağçaların daha keyfiyyətli və daha bol çeşidli ərzaqla təminatı olmasını istərdik. Ancaq burda başqa səbəblər də ortaya çıxa bilər. Bu il bağçaların sayında kəskin artım da müşahidə edilməyib ki, xərclər bu qədər artırılsın. Ona görə izahatı əlaqədar qurumlar verməlidir».

Bir il artan, bir il enən ərzaq xərcləri

Sözügedən məsələni gündəmə gətirən iqtisadçı Rövşən Ağayevdir. Onun Facebook-da yazdığına görə, bu il bağçaların ərzağı ötən illə müqayisədə xeyli azaldılıbmış: «Necə olur ki, 2017-ci ildə bağçaların ərzağına 41.6 mln. manat xərclənir, 2018-ci ildə həmin xərclər 2.5 dəfə kəsilərək 17 mln. manata endirilir, sonra birdən-birə 6 dəfə artırılır? Əgər gerçəkdən də çocuqlar bağçalarda pis-yaxşı ərzaq alırlarsa, onların ərzağının pulu birdən-birə 2.5 dəfə azaldılanda necə qidalanıblar?».

İqtisadçının qənaətincə, uşaq bağçalarının ərzaq təchizatını təşkil edən icra orqanları hesabatlı olmayan, qapalıdır və buna görə də onların xərcləmə səlahiyyəti mümkün qədər məhdud olsa, yaxşıdır.

R.Ağayev daha sonra yazır: «Hesablama Palatası bağçaların ərzaq xərclərinin 6 dəfə artmasını NK-nin «Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərinin» təsdiqlənməsi barədə 12 yanvar 2018-ci il 12 nömrəli qərarı ilə izah edir. Həmin sənəd ərzaq təminatı üçün yeni qaydalar müəyyən edir və bu qaydaya görə, hər uşaq il ərzində 210 gün qida almalıdır. Uşaqların qida normativləri isə NK-nin 19 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə təsdiqlənib. Həmin qərarda 1-6 yaş intervalında hər bir yaş qrupu üzrə uşaqların hansı qidadan nə qədər istehlak etməli olduğu müəyyən edilir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG