Avstriya hökuməti uşaq bağçaları və ibtidai siniflərdə qızların baş örtüyü taxmasını yasaqlamağı nəzərdə tutan planını açıqlayıb.
Hökumət bu plan əsasında yayacan "uşaqların müdafiəsi haqda qanun" qəbul etməyi hədəfləyir.
İfrat sağçı baş nazir Sebastyan Kurtz Avropaya kütləvi qaçqın axınına qarşı çıxan siyasətçilərdəndir.
O, iddia edir ki, Avstriyanın uşaq bağçaları və ibtidai məktəblərində hicab taxan qızların sayı artır.
Baş nazir yerli mediaya deyib ki, hökumət Avstriyada "paralel cəmiyyətlər yaratmaq cəhdlərinə qarşı çıxır".
Təklif edilən qadağa 10 yaşacan olan qızları əhatə edəcək.
Amma Avstriyanın İslam Dini İcması bildirir ki, plan "marginaldır", çünki "uşaq bağçalarındakı qızalrın əksəriyyəti hicab taxmır".
Təşkilat deyir ki, ibtidai siniflərdə də vəziyyət oxşardır.
Müsəlman qızların çoxu hicabı cinsi yetişkənlik dövrünə çatanda taxmağa başlayır.
İslam Dini İcması hesab edir ki, məsələyə yanaşma kütləvi qadağa yolu ilə olmamalıdır, hər bir hala fərdi yanaşmaq lazımdır.
Keçən il Avstriyada müsəlman qadınların ictimai yerlərdə üzlərini örtmələri qadağan edilib. Amma onlar baş örtüyü taxa bilirlər.
Uşaqlarla bağlı qadağanın parlamentdən keçməsi üçün üçdə iki səs çoxluğu tələb olunacaq.
Avstriyada sığınacaq almaq istəyənlərin ümumi sayı ölkə əhalisnin 2 faizi qədərdir.
Bəziləri hesab edirlər ki, bu axın Avstriyanın ənənəvi mədəni dəyərlərinə təhlükə törədir.
Kurtz-un özü ötən ilin dekabrında hakimiyyətə məhz anti-miqrant şüarları ilə gəlib.
Kurtz hökuməti qatı millətçi Azadlıq Partiyası ilə birlikdə qurub.
Azadlıq Partiyasını 2-ci Dünya Müharibəsindən sonra neo-nasistlər təsis edib.
Buna da bax: Nyu York hökuməti baş örtüyü çıxarılan qadına $85 min ödəyəcək