Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Bələdiyyə seçkilərində exit-poll olmayacaq


Bələdiyyələrin fəaliyyəti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Bələdiyyələrin fəaliyyəti sizi qane edirmi?

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı exit-poll keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.

Bunu MSK Katibliyi açıqlayıb.

Başqa tərəfdən paytaxt Bakı və əyalətlərdə seçki plakatları bir elə də gözə dəymir, teledebatlar nəzərdə tutulmur.

«Bələdiyyə seçkilərində exit-poll-un təşkili çətindir»

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, dekabrın 23-nə gözlənilən bələdiyyə seçkilərində exit-poll keçirilməməsi onun çətin olması ilə əlaqəlidir:

M.Zülfüqarlı
M.Zülfüqarlı


«Belə ki, prezident seçkilərində namizədlər, parlament seçkilərində dairələr üzrə exit-poll keçirmək asandır. Amma bələdiyyə seçkilərində hər kənd, qəsəbə, şəhər üzrə seçkilər gedir, buna görə təşkili çətindir».

M.Zülfüqarlı vurğulayıb ki, AVCİYA belə bir exit-poll-u çox məhdud şəkildə, ancaq 2004-cü il bələdiyyə seçkilərində keçirib.

«Namizədlərin çoxu bu amilləri nəzərə almadan seçkiyə qatılıblar»

M.Zülfüqarlı hesab edir ki, bələdiyyə seçkilərində ciddi fəallığın olmaması namizədlərin zəif kampaniya aparmaları ilə bağlıdır: «Kampaniya apara bilmək üçün namizəd vaxt, pul, çoxsaylı tərəfdar kimi resurslara malik olmalıdır. Namizədlərin çoxu bu amilləri nəzərə almadan seçkiyə qatılıblar. Ona görə də kampaniyanı yüksək səviyyədə apara bilmirlər».

M.Zülfüqarlı deyib ki, əvvəllər dövlət namizədlərə seçki kampaniyası apara bilmək üçün vəsait ayırırdı: «Hələ bir çox namizədlərin seçki kampaniyası haqqında düşüncələri istənilən səviyyədə deyil».

«Hökumətin belə bir istəyi yoxdur»

Seçki sahəsi üzrə ekspert, keçmiş MSK üzvü Akif Qurbanov isə AzadlıqRadiosuna deyib ki, belə vəziyyətin yaranmasına səbəb hökumətin həqiqi seçki kampaniyası keçirmək istəməməsidir. Onun sözlərinə görə, MSK exit-poll keçirilməsi üzrə təlimat qəbul edib. A.Qurbanovun fikrincə, sənəd elə hazırlanıb ki, exit-poll-un keçirilməsi üçün hökumətin razılığı olmalıdır. Ekspertin deməsinə görə, təlimat inzibati müdaxilə imkanı yaradır:

A.Qurbanov
A.Qurbanov


«Hökumət bunu istəmirsə, təşkil etmirlər, ya da imkan vermirlər. İndiki halda exit-poll-un təşkil olunmaması da aydın göstərir ki, hökumətin belə bir istəyi yoxdur».

A.Qurbanova görə, seçki kampaniyasında teleçıxışların olmaması və plakatların azlığının özü elə ölkədə bələdiyyə seçkilərinə əhəmiyyət verilmədiyinin göstəricisidir: «Ümumiyyətlə, bu vəziyyət Azərbaycanda yerli özünüidarəetmə institutuna hakimiyyətin münasibətinin, Azərbaycanda bələdiyyələrin statussuzluğunun göstəricisidir. Həm də hakimiyyətin xalqın özünü idarəetməsində maraqlı olmamasının təsdiqidir».

Amma Azərbaycan rəsmiləri onların yerli özünüidarəetmə institutlarının inkişafında maraqlı olmamaları ilə bağlı fikirləri qəbul etmirlər. Onlar bələdiyyələrin statuslarının yetərli olmaması və demokratik seçkilərdə maraqlı olmamaları ilə bağlı deyilənləri də bölüşmürlər.

MSK deyir ki....

MSK-dan isə «Turan» agentliyinə bildiriblər ki, aidiyyəti təşkilatlar exit-poll keçirilməsi üçün müraciət etməyiblər. Başqa tərəfdən isə, yerli özünüidarəetmə seçkilərində exit-poll keçirilməsi geniş yayılmış praktika deyil.

Bu qurum təmsilçilərindən exit-poll keçirilməsindən ötrü hazırlanmış təlimata tənqidi münasibətə isə, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. MSK-nın məlumatına görə, 41 mindən çox namizəd qeydə alınıb. Azərbaycanda 15 min nəfərdən çox bələdiyyə üzvü var. Ölkədə 1600-dən çox bələdiyyə fəaliyyət göstərir.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG