Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:50

'Axı hansı əlahiddə hadisə olub ki, bir seçki başa çatmadan ikincini təyin edirlər?'


Anar Məmmədli, 30 noyabr 2011
Anar Məmmədli, 30 noyabr 2011

Azərbaycanda dekabrın 23-də bələdiyyə, fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçiriləcək. İki seçki dönəmi müəyyən müddət üst-üstə düşür. Bələdiyyə seçkilərində təşviqat mərhələsi parlament seçkilərində namizədlərin verilməsi dövrünə təsadüf edir.

Görəsən bütün bunlar seçki komissiyalarına hər hansı çətinlik və problemlər yarada bilərmi?.

“İki seçkinin arda-ardaya keçirilməsinə sevinirlər”

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı sualın yaranmasının səbəbini ölkənin seçki tarixində ilk dəfədir belə halla rastlaşmaqla bağlı olduğunu düşünür:

“Yəni iki seçkinin ard-arda olması baş verməmişdi. Ancaq seçki komissiyaları fəaliyyətlərini qanunauyğun quracaqlarsa, elə bir çətinlik olmayacaq. Əksinə, məntəqə seçki komissiyalarının üzvləri əməkhaqqı alırlar, ona görə iki seçkinin ard-arda keçirilməsinə sevinirlər”.

Məhərrəm Zülfüqarlı hər iki seçkidən yeniliklər gözlədiyini bildirir:

“Çünki son zamanlar gənclərin önə çəkilməsi barədə fikirlər intensiv hal alıb. Mən bu fikrin tərəfdarı deyiləm və insanlara fərdi yanaşılmasını istərdim. Yəni insanların yaşına yox, fəaliyyətinə, vətənsevərliyinə və peşəkarlığına qiymət verilməlidir. Təəssüf ki, bizdə kimsə xarici dil bilirsə, onun ölkəni təmsil edə biləcəyi vurğulanır. Dil bilmək texniki məsələdir, amma ölkənin və dövlətin tarixini bilmirlərsə, o heç nəyə yaramır. Ona görə millətinə və dövlətinə sədaqətli insanların bələdiyyələrə və qanunverici orqana gəlməsinə ehtiyac var”.

“Doğru deyil”

Azərbaycanda parlament seçkisi, 1 noyabr 2015
Azərbaycanda parlament seçkisi, 1 noyabr 2015

Ancaq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə hesab edir ki, bələdiyyə seçkiləri başa çatmadan, növbədənkənar parlament seçkilərinin keçirilməsi texniki baxımdan Dairə Seçki Komissiyalarının (DSK) işini çətinə salacaq:

“ Mərkəzi Seçki Komissiyası (MSK) və məntəqə seçki komissiyaları ilə müqayisədə bələdiyyə seçkilərində DSK-ların üzərinə daha çox iş düşür”.

Anar Məmmədli-yə görə, həm təşviqat kampaniyası, həm də seçicilərin adlarının siyahısının dəqiqləşdirilməsi iri həcmli işlərdir:

“Faktiki olaraq, gələn həftədən seçki dövrü başlayır, DSK-lar birmənalı olaraq daha çox çalışmalıdırlar. Nəzərə alın ki, namizədlərin irəli sürülməsi ilə bağlı ərizələrin və başqa sənədlərin qəbulu, imza vərəqələrinin paylanması var”.

Anar Məmmədli daha sonra da deyib:

“Ötən illərin təcrübəsinə əsaslanaraq DSK-ların olduqca ləng çalışdığını deyə bilərəm. Misal üçün, bələdiyyə seçkiləri ilə bağlı prosesə baxın, MSK-nın İnformasiya səhifəsində hələ də namizədlərin adları və siyahılar qeyd olunmayıb. Eyni zamanda, müşahidəçilərin qeydiyyatı məsələsi var. Bunları hesabladıqda DSK-ların üzərinə çox böyük iş düşür. Belə olan halda, DSK-ların bu işlərin öhdəsindən necə gələcəyi sualı gündəmə gəlir”.

Anar Məmmədli düşünür ki, bələdiyyə seçkiləri bitmədən başqa bir seçkinin keçirilməsi qərarı doğru deyil:

“ Ən azından siyasi rəhbərlik nəzərə almalıydı ki, bir seçki bitmədən növbəti seçki üçün seçki komissiyalarını yükləmək olmaz. Heç olmasa, seçkiləri 9 fevrala yox, 25 fevrala təyin etsəydilər, daha məqsədəuyğun olardı. Axı ölkədə hansı əlahiddə hadisə olub ki, bir seçki başa çatmadan ikincini təyin edirlər? Çox təəssüf ki, hakimiyyət olduqca qapalı şəkildə çalışdığından seçkiyə tələskən qərar anlaşılmır. Ona görə qərarın problemlər yarada biləcəyi mümkündür”

MSK, konstitusiyaya dəyişikliklərlə bağlı referendum, 26 sentyabr 2016
MSK, konstitusiyaya dəyişikliklərlə bağlı referendum, 26 sentyabr 2016

Bu fikirlərə, hələlik, seçki komissiyalarının münasibətini öyrənmək mümkün olmayıb. Amma Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını dekabrın 7-də təsdiqləyib. Qurumdan bildirildiyinə görə, seçki hüququ olan vətəndaşların öz təşəbbüsləri, seçicilərin təşəbbüs qruplarının, siyasi partiyalar və siyasi partiyaların bloklarının namizədlər irəli sürməsi seçkilərin təyin edilməsi haqqında Prezidentinin Sərəncamı ( dekabrın 5-də verilib, 6-da dərc edilib) rəsmi dərc olunduqdan sonra başlayır.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləridir. Bu seçki prosesi vaxtı, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu,partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-na təyin edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG