Bu həftə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi 40-cı sessiyasında Ermənistanla Azərbaycanda yerli özünüidarəetməylə bağlı monitorinq hesabatlarını qəbul edəcək.
Azərbaycanla bağlı hesabatın iyunun 17-də müzakirəyə çıxarılacağı bildirilir. Hesabatı həmməruzəçilər Bernd Vöhringer (Almaniya) və Styuart Dikson (Böyük Britaniya) təqdim edəcəklər. Bundan sonra müzakirə keçiriləcək və qətnamə layihəsi səsə qoyulacaq. Azərbaycan Ədliyyə nazirinin müavini Vilayət Zahirovun bəyanatı və yazılı suallara cavabları da təqdim olunacaq.
Proqres
Azərbaycan 2002-ci ildə Avropa Yerli Özünüidarəetmə Xartiyasını ratifikasiya edib. Hesabat ölkəyə üçüncü monitorinq səfərindən sonra hazırlanıb.
Hesabatda Azərbaycanda yerli özünüidarətetmə sahəsindəki irəliləyişlər alqışlanır. Konqresin daha öncəki tövsiyəsindən sonra Xartiyanın 10.3-cü maddəsi ratifikasiya olunub. Bələdiyyələrin işində keyfiyyət və şəffaflığın artırıldığı, 2019-cu il seçkisindən sonra bələdiyyə şuralarında qadınların və gənclərin təmsilçiliyinin gücləndiyi vurğulanır.
Bütün bunlara baxmayaraq, yerli özünüidarənin inkişafını əngəlləyən bir sıra faktorlar sadalanır. Yerli hakimiyyət orqanlarının təməl demokratik prinsiplərə əməl etmədiyi, Xartiyada təsbit olunan muxtariyyət prinsiplərindən faydalanmadığı bildirilir.
Əngəllər
“Bəzi misallara baxaq. Azərbaycanda bələdiyyələr ümumi dövlət administrasiyasının tərkib hissəsi olan dövlət qurumları deyil, sadəcə vətəndaş cəmiyyətinin ifadəsi hesab olunur; bələdiyyələrlə yerli icra hakimiyyəti arasında hakimiyyət və funksiya bölgüsü, eləcə də onların faktiki münasibətləri yaxşı müəyyənləşməyib; bələdiyyələrin hakimiyyəti tam və müstəsna deyil; paytaxt şəhərdə ayrıca qanun yoxdur və Bakı Avropa Şurası məkanında birbaşa seçilmiş idarəçiliyi olmayan yeganə paytaxt şəhəridir…”, – deyə hesabatda vurğulanır.
Bələdiyyələrin qeyri-rəqabətli maaş və məhdud şəxsi inkişaf imkanları ucbatından təcrübəli kadrlar cəlb edə bilmədiyi, onların qanunvericilikdə göstərilmiş funksiyalarının icrasından ötrü yetərincə gəlirləri olmadığı da qeyd edilir.
Qanunvericiliyə görə, bələdiyyələr fəaliyyətləri haqda parlamentə hesabat verməlidirlər, hüquqi mühafizə hüququ məhduddur və bələdiyyələr tərəfindən istifadə olunmur. “Və nəhayət, COVID-19 pandemiyası kontekstində bələdiyyələr tamamilə çıxdaş olunub, onların büdcəsi əhəmiyyətli dərəcədə azaldılıb”, – hesabatda deyilir.
Tövsiyələr
Azərbaycan hakimiyyətinə tövsiyə olunur ki, bələdiyyələri dövlət qurumları kimi tanısın; Bələdiyyələrin Statusu haqqında Qanuna və digər qanunlara dəyişiklik olunaraq bələdiyyələrə vəzifə və funksiyalar verilsin; paytaxt şəhərin status haqqında qanun qəbul edilsin və Bakıda vahid və demokratik seçilmiş bələdiyyə qurulsun.
Bələdiyyələrin gəlirlərini artırmaq və davamlı etməklə onların dövlətdən maliyyə asılılığının azaldılması, bu qurumların hüquqi qorunma hüququnun praktikada təmin olunması da tövsiyələr sırasındadır.
Azərbaycanda bələdiyyələrin məhdud səlahiyyətli olması zaman-zaman bəzi parlament üzvləri tərəfindən də qaldırılıb. Müstəqil müşahidəçilərsə onların, əslində, icra nümayəndələri və polislə birgə işlədiyini iddia edir, bələdiyyə seçkilərinin də digər səsvermə prosesləri kimi ciddi qanun pozuntuları ilə keçdiyini deyirlər. Rəsmi qurumlar isə bu iddiaları rədd edirlər.
Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Ölkədə son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Həmin vaxt 1606 bələdiyyəyə 1575 üzv seçilib.