Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:04

AzTV sədrinə sui-qəsddə suçlananlara hökm oxundu


A.Alışanov
A.Alışanov

AzTV sədri Arif Alışanov, onun qızı Nigar Alışanova, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevə qarşı sui-qəsd işinə görə üç nəfərə 51 il həbs cəzası verildi. İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə hökm çıxarıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov 18, Qoçalı Cəbiyev 17, Zöhrab Şirinov isə 16 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərdən Aqşin Hüseynov isə həbsdən azad edilib. O, sui-qəsddə yox, mütəşəkkil dəstə tərkibində qanunsuz silah saxlamaqda ittiham olunurdu. Məhkəmə hökmdə ittihamı dəyişib və ona 1 il 4 ay cəza təyin edilib. Həmin cəzanı çəkdiyinə görə məhkəmə zalından azadlığa buraxılıb.

«Məni bu yolla zərərsizləşdirib»

Hökmdən əvvəl isə təqsirləndirilən Ş.Əkbərov son sözünü deyib. O bildirib ki, özü də, digər təqsirləndirilən şəxslər də günahsızdır, Alışanova qarşı sui-qəsddən söhbət gedə bilməz: «O, öz vəzifəsindən, adamlarından sui-istifadə edərək məni həbsə atdırıb. Səbəb də odur ki, onun özünün törətdiyi qətlin üstü açılmasın. Onun cavan qızı öldürməsinin əsas şahidi mənəm. Ona görə məni bu yolla zərərsizləşdirib».

***Buna da bax-'130 qohumum YAP üzvlüyündən imtina edəcək, özüm də vətəndaşlıqdan...'

A.Alışanovu 2007-ci ildən tanıdığını deyən Ş.Əkbərovun sözlərinə görə, AzTV sədri özü onu öldürməyə cəhd edib, bu baş tutmayanda isə 4-5 milyonluq yeyinti məsələsi ortaya çıxıb: «Adam 50 min verər, 100 min verər, görəndə ki, aldanır, daha 40-50 dəfə verməz də. Mən necə bunun 4-5 milyonunu yeyə bilərəm? Bütün torpaqlara əvvəlcə Arif özü baxıb, qərar verirdi, sonra sürücüsü Hacı Babayevlə pulu göndərirdi. Arif Alışanovun mənə məlum olan 70-80 milyonluq əmlakı var, özünə qismət. Bizimkilərə dəyməsin. Mənim həbsimdən sonra bütün əmlaklarımı ələ keçirib».

Ş.Əkbərov deyir ki, bütün imkanlarından istifadə edib baş verənləri prezidentə, vitse-prezidentə çatdıracaq.

AzTV sədrinin nə istintaqda, nə də məhkəmədə üzləşdiyini deyən Ş.Əkbərov bildirib ki, Gəncədə xəstəxanaya düşəndə Alışanov bu şəhərin icra başçısına zəng edib onu tapşırmışdı.

***Buna da bax-'Təkcə sürücüsünün adına 111 alqı-satqı müqaviləsi bağlanıb'

O, çıxışının sonunda məhkəmədən ədalətli qərar istəyib.

Təxminən beş dəqiqəlik müşavirədən sonra hökm elan olunub.

Xatırlatma

AzTV sədri A.Alışanovun Şamaxıda aldığı onlarla torpaq sahələri, kənd təsərrüfatıyla məşğul olmaq üçün texnikası da daxil olmaqla, 4.5 milyonluq əmlakı və pulunun ələ keçirilməsi məqsədiylə ona qarşı sui-qəsd təşkil olunduğu iddia edilir. İddiaya görə, illərlə Alışanovun Şamaxının kəndlərində hektarlarla torpaq sahəsi almasında vasitəçilik etmiş Ş.Əkbərov onu öldürməkdən ötrü dəstə yaradıb. İttihamnaməyə görə, bir dəfə Alışanov bacısı oğlu ilə Şamaxıya gələrkən magistral yolda, ikinci dəfə isə Mədrəsə kəndində Ş.Əkbərovun evində onu öldürməyə cəhd göstərilib.

Ş.Əkbərov isə ittihamı rədd edir və Alışanovun özünün Şamaxıya gətirdiyi gənc qızı qətlə yetirib hissələrə doğradığını iddia edir. Onun sözlərinə görə, Alışanovun bu əməlini bildiyinə görə AzTV sədri onu təcrid etmək istəyir, bu məqsədlə şərləyir.

AzTV sədrinin vəkili Zaur Abbasov isə gənc qızın qətli barədə deyilənlərin böhtan olduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG