Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:17

'130 qohumum YAP üzvlüyündən imtina edəcək, özüm də vətəndaşlıqdan...'


Məhkəmə
Məhkəmə

AzTV sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə suçlanıb həbs olunan şəxslər bu işlə bağlı məhkəmə araşdırmalarından narazı qalıblar. Baxmayaraq ki, məhkəmə prosesi artıq başa çatır, yaxın günlərdə hökm elan olunacaq, təqsirləndirilən şəxslər hesab edir ki, həqiqətin üzə çıxarılmasından ötrü lazım olan addımlar atılmayıb.

«Mən nə deyim? Bu kinodur, ssenarisini də yazmısınız da. Sən də bu kinonun direktorusan...», – təqsirləndirilən dörd nəfərdən biri olan Qoçalı Cəbiyev iyulun 17-də son sözündə hakimə belə deyib.

AzTV rəhbəri, qızı Nigar Alışanova, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevə qarşı sui-qəsdlə bağlı cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

«Belə bir plan olmayıb»

Bu məhkəmə prosesi yekunlaşmaq üzrədir - prokuror təqsirləndirilən dörd nəfərə ümumilikdə 57 il cəza istəyib. İyulun 17-də vəkillər müdafiə çıxışı edib, dörd nəfərdən üçü son sözünü deyib. Yalnız sui-qəsdin əsas təşkilatçısı kimi təqdim olunan Şücayət Əkbərov qalıb.

***Buna da bax-AzTV sədrinə görə 57 il həbs istənildi

Vəkillər deyir ki, ittiham əsassızdır, Alışanov və yaxınlarını öldürmək cəhdini təsdiqləyəcək heç bir sübut yoxdur.

«Hüquqlarını müdafiə etdiyim Zöhrab Şirinova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə altında ifadələrə imza atdırılıb. İmzaladığı protokolların heç birini oxumayıb. Əgər Şücayət Əkbərovgilin Arif Alışanovu öldürmək niyyəti olsaydı, bunu maneəsiz şəkildə edə bilərdilər. Belə bir plan olmayıb», – vəkil Ruslan Həsənov bildirib.

Ş.Əkbərovun vəkili Bəxtiyar Hacıyev məhkəmənin ədalətli keçirilməməsi, müdafiə tərəfinin verdiyi onlarla vəsatətin heç birinin təmin olunmamasından danışıb.

Təqsirləndirilən Zöhrab Şirinov isə son sözündə deyib ki, əgər haqqındakı hökm ədalətli olmasa, özünə qəsd edəcək: «Güllə ilə vurub öldürənlərə 9-10 il iş verirsiz, prokuror mənə 17 il iş istəyir. Mən neyləmişəm? Məni yanvarın 14-də Şamaxı polisi tutub «bandotdel»ə təhvil verib, 29-na qədər orada mənə işgəncə verilib. Əgər ədalətsiz hökm çıxarılsa, intihar edəcəm. Yazıb qoyacağam ki, bu prokurora, bu hakimə görədir...».

***Buna da bax-'Təkcə sürücüsünün adına 111 alqı-satqı müqaviləsi bağlanıb'

İllərlə işləyib özünə avtomobil aldığını, həmin maşının da üzərinə həbs qoyulduğunu deyən Z.Şirinovun sözlərinə görə, qohumları da bu məhkəmənin nəticəsini gözləyir: «75 yaşlı əmim Sosialist Əməyi Qəhrəmanıdır. Ulu öndər və indiki prezidentimiz tərəfindən dəfələrlə təltif olunub. Onu çətinliklə saxlamışam ki, görək bu məhkəmənin nəticəsi nə olur. 130 qohumum YAP-ın üzvüdür, hamısı imtina edəcək. Mən özüm vətəndaşlıqdan imtina edəcəm».

İyulun 20-də bir nəfər qalan təqsirləndirilən Ş.Əkbərovun son sözündən sonra məhkəmənin bu iş üzrə hökmü məlum olacaq.

Xatırlatma

AzTV sədri Arif Alışanovun Şamaxıda aldığı onlarla torpaq sahələri, kənd təsərrüfatıyla məşğul olmaq üçün texnikası da daxil olmaqla, 4.5 milyonluq əmlakı və pulunun ələ keçirilməsi məqsədiylə ona qarşı sui-qəsd təşkil olunduğu iddia edilir. İddiaya görə, illərlə Alışanovun Şamaxının kəndlərində hektarlarla torpaq sahəsi almasında vasitəçilik etmiş Ş.Əkbərov onu öldürməkdən ötrü dəstə yaradıb. İttihamnaməyə görə, bir dəfə Alışanov bacısı oğlu ilə Şamaxıya gələrkən magistral yolda, ikinci dəfə isə Mədrəsə kəndində Ş.Əkbərovun evində onu öldürməyə cəhd göstərilib.

Ş.Əkbərov isə ittihamı rədd edir və Alışanovun özünün Şamaxıya gətirdiyi gənc qızı qətlə yetirib hissələrə doğradığını iddia edir. Onun sözlərinə görə, Alışanovun bu əməlini bildiyinə görə AzTV sədri onu təcrid etmək istəyir, bu məqsədlə şərləyir.

AzTV sədrinin vəkili Zaur Abbasov isə gənc qızın qətli barədə deyilənlərin böhtan olduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG