Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:07

‘Təkcə sürücüsünün adına 111 alqı-satqı müqaviləsi bağlanıb’


Arif Alışanov
Arif Alışanov

“Qoçəli həbs olunanda sağ-salamat adam idi. O, istintaq dövründə birinci qrup əlillik qazandı. İndi də məhkəməyə Penitensiar Xidmətin Müalicə Müəssisəsindən aparılıb-gətirilir. Hamısı ona verilən işgəncələrin nəticəsidir…” Bu sözləri Qoçəli Cəbiyevin vəkili məhkəmədə belə deyib.

Qoçəli Cəbiyev AzTV rəhbəri Arif Alışanovu öldürməyə cəhddə ittiham olunanlardan biridir. İddia olunur ki, uzun illər Alışanov üçün Şamaxının müxtəlif kəndlərində hektarlarla torpaq sahələrinin alınmasında vasitəçilik etmiş Şücaət Əkbərov AzTV rəhbərinin öldürülməsini, Qoçəli Cəbiyev də daxil, 4 nəfərə sifariş verib.

Təqsirləndirilən şəxslər bu ittihamı rədd edir və deyirlər ki, nə belə plan olub, nə də bu istiqamətdə hər hansı addım atılıb.

İyunun 29-da məhkəmədə istintaq dövründə Şücaət Əkbərovla digər təqsirləndirilən şəxslər – Qoçəli Cəbiyev və Zöhrab Şirinov arasında üzləşmənin videoları məhkəmədə nümayiş etdiriləndə isə başqa nəticə çıxıb.

Həmin görüntülərdə təqsirləndirilənlər təsdiqləyirlər ki, Şücaət Əkbərov onlara Arif adlı şəxslə düşmənçiliyi olduğunu deyib və onun öldürülməsini istəyib. Bunun müqabilində pul da vəd edib, planı həyata keçirməkdən ötrü silahlar da paylayıb.

“O qızın meyitini torbalarda sən daşıyırdın”

Şücaət Əkbərov üzləşmədə, birbaşa olmasa da, dolayısıyla onların dediklərini təsdiqləyir.

Təqsirləndirilənlər məhkəmədə bildiriblər ki, üzləşmədən öncə işgəncələrə məruz qalıblar və onlardan həmin görüntülərdə səsləndirdikləri ifadələrin verilməsi tələb olunub.

“Məni həmin otağa “bandotdel”də “pres”dən çıxarıb gətirmişdilər. Canpolad məni o qədər döymüşdü ki, danışa da bilmirdim. Görürsünüz, üzləşmədə yanımda vəkil də yoxdur”, - təqsirləndirilən Zöhrab Şirinov belə deyib.

Şücaət Əkbərov da həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiq altında ifadə verdiklərini söyləyib: “Arif Alışanov Şamaxıya, az qala, gündə gəlib-gedirdi. Şamaxıda 7 milyon manatlıq torpaq alıb. Təkcə sürücüsünün adına 111 alqı-satqı müqaviləsi var. Dəfələrlə mənim evimdə qalıb. Öldürmək lazım olsaydı, elə yatdığı yerdə deyərdim, gedib vurardılar da... Bu işi düzüb-qoşmaq üçün müstəntiq Alışanovdan 600 min pul alıb. Məqsəd də Arifin öldürdüyü gənc qızla bağlı bildiklərimə görə məni təcrid eləməkdir”.

Arif Alışanovun özündən başqa, qızı Nigar, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayev də zərərçəkmiş qismində tanınıblar. İddia olunur ki, həmin adamlar AzTV sədri ilə birlikdə gəldikləri zaman onların da öldürülməsinə cəhd olunub, ancaq baş tutmayıb.

Alışanov və qızı məhkəməyə gəlmir, bacısı oğlu və sürücüsü isə bütün məhkəmə iclaslarına qatılırlar.

Şücaət Əkbərov AzTV sədrinin sürücüsünə üzünü tutaraq deyib: “Arifin öldürdüyü qızın doğranmış hissələrini torbalara sən yığıb apardın. Yadından çıxıb?”.

Sürücü Babayev sualı cavabsız buraxıb.

“Hər şeyimizi aldılar, yaşamağa yerim yoxdur”

ArifAlışanovun Şamaxının kəndlərində aldığı torpaqlar da, əsasən sürücüsünün adına olub. Şücaət Əkbərovun həbsindən sonra onun həyat yoldaşı Səlimə Sadıqovadan AzTV-nin əməkdaşı, A. Alışanovun şəxsi işlərini gördüyünü məhkəmədə etiraf edən Camal Nəbiyevin adına baş etibarnamə alınıb. Bunun ardınca Səlimə Sadıqovanın bütün əmlakı AzTV sədrinin bacısı uşaqlarının adlarına keçirilib.

Sadıqovadan etibarnamə Şamaxıdakı notariat kontorunda alınıb. Həmin kontorun rəhbəri Yaşar Eyyubov da məhkəmədə dindirilib.

Səlimə.Sadıqova iddia edir ki, həyat yoldaşının həbsindən sonra onu və övladlarını da atalarının yanına göndərməklə hədələyiblər: “Məni “bandotdel”dən Şamaxıya notariusa zorla aparıb, o etibarnaməni aldılar. Yanıma 7 nəfər adam qoşmuşdular. Hər şeyimizi aldılar, indi yaşamağa evim də yoxdur, küçələrdə qalmışam”.

Notarius Səlimə Sadıqovaya təzyiqləri görmədiyini deyir.

Məhkəmə iyulun 4-də davam edəcək.

Xatırlatma

İddia olunur ki, Şücaət Əkbərov Arif Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib, onlara 600 min manat pul vəd edib.

Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə də Qoçalı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub. Plan hazırlanıb ki, Arif Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda, onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Şücaət Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Zöhrab Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Şücaət Əkbərov bildirib ki, Arif Alışanovun bir çox qanunsuz əməllərini, o cümlədən gənc qızın qətlini bildiyinə görə AzTV rəhbəri onu təcrid etmək istəyir.

AzTV sədrinin vəkili Zaur Abbasov məhkəmədə deyib ki, bu, Arif Alışanova qarşı şərdir və “ajiotaj yaratmaq, ictimaiyyəti çaşdırmaq niyyətindən irəli gəlir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG