Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:57

AzTV sədrinə görə 57 il həbs istənildi


A.Alışanov
A.Alışanov

AzTV-nin rəhbəri Arif Alışanovu, qızı Nigarı, sürücüsü Hacı Babayevi və bacısı oğlu Dəyanət Cəfərovu öldürməyə cəhddə suçlanan dörd nəfərə 57 il həbs cəzası istənilib. İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Prokuror konkret Şücayət Əkbərova 18 il, Qoçalı Cəbiyevə 16 il, Zöhrab Şirinova 17 il, Aqşin Hüseynova isə 6 il həbs verilməsini təklif edib.

Baxmayaraq ki, təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, istintaq dövründə işgəncə altında etiraf ifadələri verdiklərini deyirlər, prokuror bildirib ki, məhkəmədə konkret sübutlar, başqa şahid ifadələriylə onların suçu sübuta yetirilib.

Təqsirləndirilən dörd nəfərdən yalnız biri – A.Hüseynov özünü qismən təqsirli bilib. Ona da ancaq qanunsuz silah saxlama ittihamı verilib.

***Buna da bax-'Təkcə sürücüsünün adına 111 alqı-satqı müqaviləsi bağlanıb'

Digər üç nəfər – Ş.Əkbərov, Q.Cəbiyev və Z.Şirinov iddia edir ki, Aqşinə onların üzünə durmaq müqabilində daha yüngül cəza vəd olunub.

«Hesab edirəm ki, Qoçalı Cəbiyev də, Zöhrab Şirinov və Şücayət Əkbərovun təsiri altında ifadə verib», – dövlət ittihamçısı bildirib.

Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıra əmlakların üzərinə həbs qoyulub. Prokuror həmin əmlakların müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.

A.Alışanovun bacısı oğlu və sürücüsü də zərərçəkmiş qismində tanınıb. Ardınca onlar çıxış edib və prokurorun fikirləriylə razılaşdıqlarını bildiriblər. Amma hər ikisinin əlavə bir istəyi olub. Onlar təqsirləndirilən şəxslərdən A.Hüseynovun səmimi ifadə verdiyini qeyd edərək, ona yüngül cəza verilməsini istəyiblər.

A.Alışanovun vəkili və məhkəmədə nümayəndəsi Zaur Abbasov deyib ki, təqsirləndirilən şəxslərdən Aqşin istisna olmaqla, digər üçü səmimi ifadə verməyiblər, əməllərindən peşman deyillər: «Üstəlik, məhkəmədə Arif Alışanovun ünvanına nalayiq ifadələr səsləndiriblər. Arif Alışanov onlardan şikayətçidir. Ona görə də prokurorun istədiyi cəza ilə razılaşırıq. Mülki iddianın da təmin olunmasını istəyirik».

***Buna da bax-'AzTV-ni dağıdır, saat 12 olmamış 7-8 qızla gəlirdi...'

Vəkilinin sözlərinə görə, A.Alışanovun Aqşinə qarşı şikayəti yoxdur. Ona yüngül cəza verilməsini istəyir.

Bu məhkəmə prosesi iyulun 13-də təqsirləndirilən şəxslərin vəkillərinin çıxışı və özlərinin son sözləriylə davam edəcək.

Xatırlatma

İttihama görə, Ş.Əkbərov A.Alışanovu öldürmək məqsədilə dəstə yaradıb. Məqsəd isə AzTV sədrinin 2013-cü ilin yayından 2016-cı ilin axırına qədər Şamaxının müxtəlif kəndlərində yüzdən artıq torpaq sahələri almaq üçün ona verdiyi pulları mənimsəmək olub. İddia olunur ki, Ş.Əkbərov ucuz torpaq sahələrini ona bahalı ərazi kimi təqdim edərək aldadıb, bir sıra torpaq sahələrini alsa da, öz yaxınlarının adına keçirib. İddiada 4 milyon 641 min 696 manatlıq əmlak və pulun ələ keçirilməsindən söhbət gedir.

Lakin Ş.Əkbərov ittihamı qəbul etmir. Bildirir ki, torpaq sahələri Alışanovun sürücüsünün adına alınıb. Onun sözlərinə görə, sürücünün adına 111 alqı-satqı müqaviləsi bağlanıb.

Həbsinin səbəbinə gəlincə, Ş.Əkbərov iddia edir ki, o, AzTV sədrinin Şamaxıda törətdiyi qətl hadisəsinin şahidi olub. Ş.Əkbərovun sözlərinə görə, Alışanov özü ilə gətirdiyi Nəzrin adlı gənc qızı öldürüb. Bunu bildiyinə görə onu da təcrid edərək, cinayəti ört-basdır etmək istəyir.

A.Alışanovun vəkili Z.Abbasov qətllə bağlı deyilənləri şər-böhtan adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG