Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:58

‘AzTV-ni dağıdır, saat 12 olmamış 7-8 qızla gəlirdi...’


Arif Alışanov
Arif Alışanov

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin rəhbəri Arif Alışanovu, qızı Nigar Alışanovanı, bacısı oğlu Dəyanət Cəfərovu və sürücüsü Hacı Babayevi öldürmək cəhdində suçlanan Şücaət Əkbərov AzTV rəhbərinin şəxsən məhkəmədə iştirakını tələb edir.

Onun vəkili İmanqulu Həsənov iyunun 20-də bu barədə vəsatət qaldıraraq, Alışanov gətirilib dindirilənədək məhkəmənin təxirə salınmasını istəyib.

Şücaət Əkbərov sui-qəsd cəhdiylə yanaşı, Alışanovun beş milyon manatdan çox pulunu və əmlakını ələ keçirməkdə də günahlandırılır.

Əkbərovun sözlərinə görə, həbsindən sonra Alışanovun yaxınları onun ailə üzvlərinə aid əmlakları zorla əllərindən alıblar.

Onlar keçmiş həyat yoldaşı Səlimə Sadıqovaya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hədə-qorxu gələrək, onu zorla Şamaxıdakı notariat kontoruna aparıb, orada AzTV əməkdaşı Camal Nəbiyevin adına baş etibarnamə alıblar.

Şücaət Əkbərov deyir ki, sonradan əmlaklar həmin əməkdaş vasitəsilə Alışanovun bacısı qızı Nilufər Cəfərova və digər yaxınlarının adına keçirilib.

Səlimə Sadıqova məhkəmədə söyləyib ki, ondan zorla etibarnamə alınarkən, AzTV rəhbərinin bacısı oğlu - bu cinayət işi üzrə zərərçəkmişlər sırasında olan Dəyanət Cəfərov da orada idi. Bu səbəbdən vəkil notariat kontoruna sorğu göndərib, videogörüntülərin də alınmasından ötrü vəsatət qaldırılıb.

Məhkəməyə qatılan Dəyanət Cəfərov vəsatətlərə etiraz edib.

Vəsatətlər təmin edilməyib

Məhkəmə görüntülərin alınması və Arif Alışanov gələnədək məhkəmənin təxirə salınması barədə vəsatətləri təmin etməyib. Amma hakim Alışanovla qızının məhkəməyə çağrılacağını bildirib.

Təqsirləndirilən Şücaət Əkbərov və vəkili qərarlardan narazı qalıblar, işə bu hakimlərin baxmasına etiraz ediblər.

"Məhkəmə özünü arbitr kimi yox, ittihamçı kimi aparır. Müdafiə tərəfinin vəsatətləri əsaslandırılmadan rədd edilir", - vəkil belə deyib.

Şücaət Əkbərovla yanaşı, digər 3 təqsirləndiriləndən ikisi - Qocalı Cəbiyev və Zöhrab Şirinov da hakimlərə etiraza qoşulub.

Bu etiraz da təmin edilməyərək baxılmamış saxlanılıb.

Şücaət Əkbərov bu qərardan sonra məhkəməni Arif Alışanovun əməllərini araşdırmamaqda, əksinə, ört-basdır etməkdə də qınayıb: "Sizə onun bir qızı öldürməsi barədə məlumat verirəm, sizsə araşdırmırsınız. Mənim yoldaşımdan, qızımdan soruşursunuz ki, yaşadığın ev hardandır? Bəs ondan niyə soruşmursunuz ki, o milyonlar sənə hardandır? AzTV-ni dağıdırdı, belə qazanıb o pulları. Saat 12 olmamış, 7-8 qızla gəlib otururdu Şamaxıda...".

Hakim təqsirləndirilən şəxsə deyib ki, məhkəmə ona verilən cinayət işi çərçivəsində araşdırma aparır: "Şikayətin var, göndər prokurorluğa, araşdırılsın. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil".

Məhkəmə iyunun 29-da davam edəcək.

Xatırlatma

Cinayət işində təqsirləndirilən şəxslərin AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdindən söz açılır.

İddia olunur ki, Şücaət Əkbərov Arif Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib, onlara 600 min manat pul vəd edib. Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə də Qoçalı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub. Plan hazırlanıb ki, Arif Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda, onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Şücaət Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Zöhrab Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Şücaət Əkbərov bildirib ki, Arif Alışanovun bir çox qanunsuz əməllərini, o cümlədən gənc qızın qətlini bildiyinə görə AzTV rəhbəri onu təcrid etmək istəyir.

Alışanov isə gənc qızı qətlə yetirməsi barədə ünvanına səslənən ittihamları "böhtan" adlandırıb.

AzTV sədrinin vəkili Zaur Abbasov məhkəmədə deyib ki, bu, Arif Alışanova qarşı şərdir: "Bu da ajiotaj yaratmaq, ictimaiyyəti çaşdırmaq niyyətindən irəli gəlir. Ağır cinayətdə ittiham edib böhtan atmaq Cinayət Məcəlləsinin 147.2 maddəsinin tərkibini yaradır".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG