Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

AzTV rəhbərinə milyonlar babasından qalıb?


AzTV-nin rəhbəri Arif Alışanov
AzTV-nin rəhbəri Arif Alışanov

AzTV-nin rəhbəri Arif Alışanovu, onun qızını və bacısı oğlunu öldürməyə cəhddə günahlandırılan Şücayət Əkbərova verilən ittihamda 4 milyon 582 min manatlıq mənimsəmədən də söhbət gedir.

İddia olunur ki, Alışanov Şamaxının kəndlərində və Kürdəmirdə torpaq sahələri almaq üçün Ş.Əkbərova bir neçə dəfəyə bu qədər pul verib. O da pulları ələ keçirib, Alışanovun özünü də öldürmək istəyib, bu məqsədlə planlar hazırlayıb, dəstə yaradıb və s.

İndi Ş.Əkbərov tələb edir ki, məhkəmə 4 milyon 582 min manatın mənbəyini araşdırsın, müəyyənləşdirilsin ki, bu qədər pul Alışanova hardandır? Ş.Əkbərovun özü ilə yanaşı, vəkilləri Bəxtiyar Hacıyev və İmanqulu Həsənov da martın 14-də məhkəmədə bu barədə vəsatət qaldırıb.

Buna da bax: AzTV sədri və qızının öldürülməsinə cəhd işində 'Eldar Mahmudov izi'

Ş.Əkbərov və sui-qəsd suçlaması ilə onunla birlikdə mühakimə olunan daha üç nəfərin - Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Ş.Əkbərov məhkəmə tərkibinə etiraz edib. O, ümumiyyətlə, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını istəmir. Deyir ki, Alışanovun bu məhkəmənin hakimlərindən bəziləri ilə dostluq münasibətləri var.

“TƏKCƏ TORPAQLAR ÜÇÜN 5-6 MİLYON VERİR”

Ş.Əkbərov və vəkilləri etirazlarını həm də onunla əsaslandırıblar ki, məhkəmə başlayandan bəri verdikləri 10-a yaxın vəsatətin biri də təmin olunmayıb. Təqsirləndirilən şəxs ötən məhkəmə iclasında hakimin onun ailə üzvlərini zaldan çıxarmasını da qərəz kimi qiymətləndirib.

Əkbərov və vəkillərinin etirazı təmin olunmayıb.

Əkbərov və vəkillərinin daha bir vəsatəti Alışanovun aylıq əməkhaqqısı haqda arayış alınması, onun torpaq sahələri almaq üçün verdiyi milyonların mənbəyinin araşdırılması haqda olub. Digər təqsirləndirilən Qoçalı Cəbiyevin vəkili də həmkarlarının vəsatətini müdafiə edib. Deyib ki, mütləq bu milyonların mənbəyi araşdırılmalıdır.

Buna da bax: AzTV sədrinə sui-qəsddə suçlananlar məhkəmə önündə

“Arif Alışanov dövlət məmurudur. Torpaq sahələrinin alınması üçün pulları da onun verdiyini heç özü də təkzib etmir, əksinə, təsdiqləyir. Təkcə torpaqlar üçün bu adam 5 -6 milyon pul verir. O pulları hardan alır? AzTV ona ayda 200 min manat maaş verir?”, – vəkil bildirib.

İş üzrə zərərçəkmiş qismində tanınan A.Alışanovun nümayəndəsi Zaur Abbasov vəsatətə etiraz edib. AzTV rəhbərinin vəkilləri deyir ki, Alışanov dövlət məmuru deyil, Qapalı Səhmdar Cəmiyyətin sədridir, ona görə də məmur sayılmır: “Biz burada konkret sui-qəsd cinayətini araşdırırıq. Zərərçəkənin torpağı hansı pulla alınmasının bu cinayət işinə aidiyyəti yoxdur”.

Qarşı tərəfin müdafiəçiləri Alışanovun nümayəndəsinə etiraz ediblər. Deyiblər ki, AzTV dövlət büdcəsindən maliyyələşir, ona görə də rəhbəri dövlət məmuru sayılır. Dövlət məmuru da qazandığı pulların, əmlaklarının hesabatını verməlidir.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

“BƏLKƏ BABASINDAN QALIB...”

“Bəlkə pullar ona babasından qalıb...”, – məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev belə deyib.

Məhkəmədə təqsirləndirilən Ş.Əkbərov zərərçəkmişin nümayəndəsinin suallarını cavabsız qoyub. İmtinasını da belə izah edib ki, nə vaxt Alışanov özü gəlsə, onda cavab verəcək: “Gəlsin, bütün sözlərimi üzünə deyim...”

Ş.Əkbərov deyir ki, o, A.Alışanov üçün torpaq sahələrinin tapılıb alınmasında yalnız dəllal kimi çıxış edib: “Deyir ki, guya, mənə 37 dəfə pul verib. Yalan danışır. Mən ancaq “makler pulu” almışam. Torpaqların pulunu sahibinə ödəyib”.

Buna da bax: Azərbaycanda yaxşı vəzifəyə düzəlmək üçün nə lazımdır [video]

İttihamda yazılıb ki, Əkbərov AzTV rəhbərini öldürməkdən ötrü dörd nəfər tapıb. Onlardan biri Müsabil Namazov sonradan sui-qəsd planında iştirakdan imtina edib və bu haqda hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Bundan sonra dörd nəfər cinayət məsuliyyətinə cəlb olunub. Namazov özü isə könüllü şəkildə cinayət haqda xəbər verdiyinə görə məsuliyyətdən azad edilib.

Ş.Əkbərov isə deyir ki, Namazov elə Alışanovun adamı olub, qızının sürücüsü işləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG