Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:37

AzTV sədri və qızının öldürülməsinə cəhd işində 'Eldar Mahmudov izi'


A.Alışanov
A.Alışanov

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin sədri Arif Alışanov və qızını, bacısı oğlunu öldürməyə cəhddə günahlandırılan Şücaət Əkbərov deyir ki, bu işin bir ucu gedib keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır.

«Arif Alışanov Eldar Mahmudovun bir nömrəli adamıydı. Bütün bu işlərdə onun əli var. Sadəcə, Eldar Mahmudovun işində aradan yaxşı çıxmağı bacardı. Müəyyən adamların vasitəsilə, hamısını bilirik. Mahmudov harada oldusa, bu da orda olurdu», – təqsirləndirilən Ş.Əkbərov martın 7-də məhkəmədə ifadə verərkən belə deyib.

O, ifadə verməmişdən öncə məlum olub ki, AzTV rəhbəri 4 milyon 582 min manatlıq mülki iddia qaldırıb. Mülki iddia bu işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzTV sədri və qohumlarına qarşı sui-qəsd suçlamasına görə dörd nəfər məhkəmə qarşısına çıxarılsa da, Alışanov bu pulu ancaq Ş.Əkbərovdan tələb edir.

***Buna da bax-AzTV sədrinə sui-qəsddə suçlananlar məhkəmə önündə

Təqsirləndirilən şəxslər sırasında Ş.Əkbərovla yanaşı, Qoçəli Cəbiyev, Zöhrab ŞirinovAqşin Hüseynov da var.

«Alışanovun iştirakı vacibdir»

Ş.Əkbərov mülki iddiaya etiraz edib: «Mən pul qazananda Alışanov pul görməmişdi».

Etiraza baxmayaraq, AzTV rəhbərinin mülki iddiası icraata götürülüb.

Ş.Əkbərov və vəkilləri isə A.Alışanovun şəxsən özünün məhkəmədə iştirakını tələb edib. Bildiriblər ki, AzTV sədri və qızı Nigar Alışanovanın nümayəndəsi iştirak etsə də, yetərli deyil. Onlar özləri məhkəməyə gəlməlidir, ədalətli məhkəmə araşdırması üçün Alışanovun iştirakı vacibdir. Amma hakimlər bu vəsatəti təmin etməyib. Bildiriblər ki, məhkəmənin gedişində zərurət yaranarsa, A.Alışanov məhkəməyə çağrılar.

Ş.Əkbərov həmçinin, səhhəti ilə bağlı ekspertiza keçirilməsini, ev dustaqlığına buraxılmasını istəyib: «Səhhətim yaxşı deyil. Bunu təcridxana rəhbərliyi də çox yaxşı bilir. Bu işin uzanması mənə lazım deyil. İş yaxşı araşdırmalıdır. Çünki bu işin bir ucu Eldar Mahmudova gedib çıxır». Bu vəsatət də təmin olunmayıb.

Ardınca ittiham aktı elan olunub. İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək bir neçə dəfə digər təqsirləndirilən şəxslər vasitəsilə A.Alışanov və yaxınlarını öldürməyi sifariş edib, icraçılara 600 min pul vəd edib. İddia olunur ki, onun məqsədi A.Alışanovun 4.5 milyon manatlıq əmlakını ələ keçirmək olub.

***Buna da bax-AzTV rəhbəri ilə bağlı 4 milyon 600 minlik qalmaqal

Dəstə üzvlərindən Müsəllim Namazov sonradan onların əməlləri haqda hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra Ş.Əkbərov və digərləri həbs olunub. Namazov isə vaxtında xəbər verdiyinə görə cinayət məsuliyyətindən azad edilib.

Təqsirləndirilən şəxslərə qəsdən adam öldürməyə cəhd, qanunsuz silah saxlama kimi ittihamlar verilib. Ş.Əkbərova isə bunlarla yanaşı, həm də dələduzluq ittihamı verilib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, şər-böhtan olduğunu bildirirlər. Yalnız A.Hüseynov özünü qismən təqsirli bildiyini deyib.

«Şərləyib aradan götürmək istəyir»

Daha sonra məhkəmədə təqsirləndirilən Ş.Əkbərov ifadə verərək deyib ki, həm Alışanovun ona iki milyon borcu var, həm də müəyyən əməllərini bilir, ona görə şərləyib aradan götürməyə çalışır: «2007-ci ildən Arif Alışanovla tanışlığımız var. Şamaxıdan torpaq almaq istəyirdi. Onu kürəkəni gətirmişdi. Dəfələrlə ona torpaq tapmışam və alıb. Mənim işim makler kimi torpaq tapmaq idi. 2-3 il belə alqı-satqılar davam etdi. 2011-ci ildə onun kürəkəni Fəridlə problemi oldu. Mənə zəng elədi ki, torpaqların hamısını Fəridin adından çıxarım, həyat yoldaşı Mehriban xanımın adına keçirim. 2013-cü ildə yenidən torpaq almaq istədi. Heç kim bilməsin deyə, satıcılarla özü görüşmürdü. Bütün işləri mən görürdüm. Onun üçün 6 hektar torpaq aldım. Ümumilikdə Alışanovun 2011-ci ilə qədər Şamaxıda 120 hektar torpağı olub. İndi onları başqa adamların adına keçirib».

O, zərərçəkmiş A.Alışanovu həm də gənc qızın ölümündə ittiham edib. Deyib ki, bu məsələni bildiyinə görə onun özünü böhtanla aradan götürməyə çalışırlar: «Hadisə 2016-cı ildə olub. Siz itkin düşmüş qızların şəkilini gətirin, göstərim sizə...».

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Eldar Mahmudov vəzifədən kənarlaşdırılıb, nazirlik iki quruma parçalanıb.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG