Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:34

Həbsxanalardakı hər 7 nəfərdən biri... [video]


Narkotik ittihamı ilə kütləvi həbslərin arxasında nə dayanır?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Narkotik ittihamı ilə kütləvi həbslərin arxasında nə dayanır? [A-Live]

Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov deyib ki, həbsxanalardakı hər yeddi nəfərdən biri narkotik ittihamı ilə həbs olunub.

Report.az yazır ki, Şahin Yusifov Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında bildirib ki, cəzaçəkmə müəssisələri bu maddə ilə iş alan adamlarla doludur. Kollegiya sədri deyib ki, bu ay, 65 məhkum bununla bağlı müraciət edib:

“Həmin şəxslərin bəziləri qanunsuz yerə məhkum edildiklərini bildirirlər. Biz də baxılmış işləri təhlil edəndə polislərin yenə də plan doldurmaqla məşğul olduğunu görürük”.

Buna da bax:​ Kollegiya sədri: Biz polislərin yenə də plan doldurmaqla məşğul olduğunu görürük

Bakıda “Sovetski” məhəlləsi kimi tanınan ərazinin sakini Ülvi Rəhimov iddia edir ki, polis qardaşı 41 yaşlı İlham Rəhimovun cibinə narkotik atıb tutub. Ülvi Rəhimov inanır ki, qardaşı günahsızdır. Onun sözlərinə görə, “Sovetski”də çox adamı bu maddəylə həbs edirlər. Ülvi Rəhimov, “Biz narkoman deyilik” deyir:

"Naxalni onun cibinə narkotik vasitə atıb həbs ediblər. Şərləyirlər, böhtan atırlar. Guya hamı narkomandır. Başa düşmək olmur. Mən özüm də gələndə özümü qoruyuram ki, birdən mənim də cibimə narkotik atarlar. Hərdən özüm-özümdən də şübhələnirəm ki, bəlkə mən də narkomanam. Gedim özümü yoxlatdırım da. Bu qədər də narkoman olarmı?!"

Buna da bax:​ Narkotikə görə 2 min 607 nəfər məsuliyyətə cəlb olunub

Mahmud Hacıyev
Mahmud Hacıyev

Keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, hazırda polis orqanları açılmayan cinayətlər faizini azaltmaq üçün narkotik ittihamından istifadə edir. Əgər hansısa rayonun polis idarəsi cinayətlərin açılması faizinə görə geri qalırsa, bu zaman diqqət yönəlir narkotik ittihamına:

“Bu geriliyi necə düzəltmək lazımdır ki, irəli gedək? Bu geriliyi düzəltmək üçün orda bir gün, günyarım vaxt lazımdır. On nəfər narkomanı tutub, cinayət işi açıb atırlar ümumi faizin üstünə. Narkoman var ki, onun tutulmağının özü düz deyil, artıq o xəstədir. Xaricdə də bu var- əgər bu adam narkomandırsa, onu məcburi müalicəyə göndərmək lazımdır”.

Buna da bax:​ Zahid Orucdan ombudsmana sual...

Vəkil Xalid Bağırov deyir ki, narkotik maddə ittihamı ilə tutulanların şərlənməsi halı da olur. Onun sözlərinə görə, polis üçün ağır cinayətləri açmaq, araşdırmaq daha çox vaxt tələb edir, kiminsə cibindən narkotik maddənin tapılması isə asandır.

“Bunun həlli – yeganə yolu məhkəmədir. Müstəqil məhkəmənin olmasıdır. Müstəqil məhkəmə olandan sonra polisin bu fəaliyyəti nəticəsində yaranmış ittihamlar məhkəmələrdən keçməyəcək. Məhkəmələrdən keçməyəndən sonra da polis məcbur olacaq ki, əsl polis fəaliyyəti ilə məşğul olsun. Yəni, peşəkarlaşsın, daha dəqiq ittihamlar versin, daha dəqiq cinayətkarlar tutsun”.

Xalid Bağırov deyir ki, belə olarsa, polis bilər ki, iş məhkəmədən keçməyəcək və öz peşəkarlığını artıracaq.

Buna da bax:​ ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

Biz Bakı sakinlərinin də mövzu ilə bağlı fikirlərini öyrənmişik.

"Hakim dedi ki, səni göstərişlə içəri basıram"
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Vəkil Xalid Bağırov deyir ki, polis, qanunsuz narkotik maddə saxlamaq ittihamından ictimai fəalları həbs etmək üçün də tez-tez istifadə edir.

Daxili İşlər Nazirliyi isə bir qayda olaraq hansısa fəalın cibinə narkotik maddə atılıb həbs olunması barədə xəbərləri birmənalı təkzib edir.

Bəs polis plan doldurmaq üçün narkotik vasitə ittihamından sui-istifadə edirmi?

Daxili İşlər Nazirliyinin mətbuat xidməti gün ərzində telefon zənglərimizə cavab vermədi. Nazirliyin internet saytında yerləşdirilmiş məlumatda deyilir ki, polis keçən il dövriyyədən 934 kq qanunsuz narkotik çıxarıb. Narkotik vasitələrlə bağlı cinayətlərin 89,9 faizinin üstü açılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG