Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Azərbaycanda sığorta niyə ev dağılandan sonra yada düşür?


Azərbaycanda sığorta sistemi işləyirmi?
Gözlə

No media source currently available

0:00 0:14:20 0:00

Azərbaycanda sığorta sistemi işləyirmi?

Yanğından, zəlzələdən, seldən-sudan kiminsə öz evini, isti ocağını itirməsi böyük faciədir. Lakin bundan da ağırı belə fəlakətlərə qarşı sığortası olmamaqdır.

Azərbaycan qanunları da hər kəsin öz əmlakını sığortalamasını tələb edir. Amma, bir hadisə baş verəndə məlum olur ki, evlərin sığortası yoxdur və yardıma dövlət büdcəsi gəlməlidir.

Bu ilin əvvəli Şamaxı və Ağsu zəlzələsindən sonra dövlət təmir-tikintiyə ilkin olaraq 2 milyon manat yardım ayırdı, prezident İlham Əliyev isə yerli camaatla görüşəndə dövlət hesabına təmirin aparılmasından fəxrlə danışdı, amma sığorta sistemindən danışsa da bunun Azərbaycanda niyə işləməməsinə toxunmadı:

“İnkişaf etmiş ölkələrdə dövlət, ümumiyyətlə kömək etmir, bütün evlər sığortalıdır, vətəndaş sığortanı ödəyir, zəlzələ olandan sonra sığorta şirkətinə müraciət edir. Onlar baxırlar, təhlil aparırlar. Aylarla vaxt keçir, sonra da ona sığorta pulu verilir, gedir özü tikir. Amma Azərbaycanda necədir? Zəlzələdən bir gün sonra komissiya gəldi, Fövqəladə Hallar Nazirliyi, icra hakimiyyəti. Ona görə bu bir daha göstərir ki, Azərbaycan dövləti Azərbaycan vətəndaşının yanındadır”.

Prezident İlham Əliyev fevralın 7-də Şamaxıda zəlzələnin ziyan vurduğu yerlərə baş çəkib
Prezident İlham Əliyev fevralın 7-də Şamaxıda zəlzələnin ziyan vurduğu yerlərə baş çəkib

Dövlətin vətəndaşın yanında olması yaxşıdır, amma bundan da sərfəlisi dövlət sisteminin işləməsidir. Daha yaxşı olmazmı ki, belə hallar üçün dövlət sığorta şirkətlərini həvəsləndirə, vətəndaşlar da prezidentə, siyasi hakimiyyətə əl açınca elə sığorta şirkətinin yaxasından yapışa? Başqa sözlə, sığorta sisteminin niyə işləmədiyi kimdən sorşulmalıdır?

Digər yandan, dövlət büdcəsi hesabına aparılan tikinti layihələrinin şəffaflığını beynəlxalq və yerli ekspertlər də dəfələrlə tənqid edirlər.

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı deyir ki, 2001-ci ildə “Sığorta haqqında” qanun qəbul olunanda da, elə məqsəd bu idi ki, bədbəxt hadisələr zamanı dövlətin yükü azalsın, daşınmaz əmlaka dəyən ziyan sığortalansın.

Bəs, Azərbaycanda daşınmaz əmlak sığortasının işləməsinə nə mane olur? AzadlıqRadiosunun əməkdaşı regionlarda sorğu keçirib soruşub ki, evinizi niyə sığorta etdirmirsiz? O adamlardan belə cavablar eşidib:

“65 yaşım var, hələ də tikə-tikə gedirəm, başa çatdıra bilmirəm evi. İmkan yoxdur. Sığorta etdirməyə də qüvvə yoxdur”.

“Müasir üslubda ev tikməyə imkanım olmayıb ki, onu sığorta etdirim, evimiz köhnə dədə-babadan qalma evdir”.

“Evlərin 99 faizinin sığortası yoxdur, çünki evlərin “kupça”sı yoxdur".

Bəs daşınmaz əmlakın icbari sığortalanmasını təmin etmək üçün dövlət nə etməlidir? Daşınmaz əmlakın sığortası neçəyədir?

Azərsığorta dövlət şirkətində daşınmaz əmlakın icbari sığortasının bütün ölkə üzrə ortalama qiyməti illik 30-50 manat arasındadır.

Beynəlxalq Sığorta şirkətinin Müşahidə Şurasının keçmiş sədri Xəyal Məmmədxanlı deyir ki, insanlar bəzən bu məbləğdən xəbərsiz olduqları üçün əmlakı sığorta etdirmirlər, odur ki, adamlar arasında maarifləndirmə işi aparılmalıdır.

Xəyal Məmmədxanlı
Xəyal Məmmədxanlı

Xəyal Məmmədxanlı deyir ki, dövlətin özü maraqlı olmalıdır ki, bu sığorta növu tətbiq olunsun:

“Həmin o əmlak sığortasının mövcudluğuna nəzarət edən bir qurum olmalıdır. Bu quruma tapşırılmalıdır ki, onlar qapı-qapı, mənzil-mənzil gəzib, yoxlama aparsınlar. Və ya başqa bir modern sistem tətbiq etmək olar. Məsələn, başqa ölkələrdə - anonim görünən evin sığortasının olub olmamasını işıqpulu ilə, digər kommunal xidmətlərlə yoxlayırlar. Bəzən evin sığortası olmayanda bir çox kommunal xidmətin verilməsi dayandırılır. Nə vaxtsa belə bir nəzarət mexanizmi formalaşarsa, o zaman evlərin hamısı sığortalana bilər. Məsələn, Naxçıvan Muxtar Respublikasında bütün evlərin sığortası var. Hətta kəndlərdə də”.

Xəyal Məmmədxanlı həmçinin deyir ki, evlərin sığortalanmasını həyata keçirmək üçün həm də qanunsuz evlər məsələsi həll olunmalıdır. Onun sözlərinə görə, Bakıda 700 mindən çox sənədsiz ev var.

Xəyal Məmmədxanlı inanır ki, daşınmaz əmlak sığortası geniş tətbiq olunmağa başlasa, dövlət büdcəsinin də yükü azalar.

Dövlət büdcəsinin xərcləmələrini azaltmaq, özəl sektoru inkişaf etdirməyi beynəlxalq maliyə qurumları da Azərbaycan hökumətinə tövsiyə edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG