Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 02:02

«Sığorta haqqı adambaşına 250 manat olmalıdır»


Xəyal Məmmədxanlı
Xəyal Məmmədxanlı

-

Noyabrın 22-də Baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycanda icbari tibbi sığortanın mümkün qədər tez həyata keçirilməsi üçün zəruri araşdırmalar aparılır. O qeyd edib ki, artıq Nazirlər Kabineti nəzdində İcbari Tibbi Sığorta Dövlət Agentliyinə rəhbər təyin edilib, struktur formalaşmaq üzrədir: «Əlbəttə, müəyyən vaxt lazımdır. Qarşıda böyük işlər durur. Hər şeydən əvvəl agentlik formalaşdırılmalı, fəaliyyət üçün hazır vəziyyətə gətirilməlidir. Bundan sonra isə model seçilib, Azərbaycanda tibbi sığorta tətbiq edilməlidir».

1999-cu ildən qəbul edilən qanunun indiyədək icrasında problem nədir? Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı AzadlıqRadiosunun bu və digər suallarını cavablandırır:

- O vaxt həm icbari, həm də könüllü tibbi sığorta ilə bağlı qanun qəbul olundu. Könüllü sığorta növü ölkədə artıq işləyir, şirkətlər, korporasiyalar öz işçilərinin könüllü tibbi sığortasını aparırlar. Ancaq icbari tibbi sığortanın tətbiqində bəzi problemlər var. Qanunda işləməyən əhalinin – tələbələr, təqaüdçülər, uşaqlar, evdar qadınlar - dövlət hesabına icbari tibbi sığortasının aparılması nəzərdə tutulur, bu isə büdcə üçün böyük vəsaitdir. Yanılmıramsa, baş nazirin müavini Əli Əhmədov bir dəfə də icbari tibbi sığorta məsələsinə toxunmuşdu, demişdi ki, tibbi sığorta haqları 5-10 manatdan hesablana bilər. O vaxt mətbuata müsahibəmdə demişdim ki, əgər sığorta haqqını 5-10 manat müəyyən etsələr, bu qanun ölü bir qanuna çevriləcək, heç vaxt işləməyəcək. Görünür, hakimiyyətdəkilər də başa düşdü ki, kiçik resurslarla bu mexanizmi işə salmaq mümkün deyil.

- Bəs sığorta haqqı real olaraq neçə manat müəyyən edilməlidir?

- Normal tibbi xidmət almaq üçün sığorta haqlarının məbləği adambaşına 250 manatdan aşağı olmamalıdır. Hökumət isə bundan 10 dəfə az bir rəqəm düşünür. Təsəvvür edin, 15-20 manat sığorta haqqı ödəməklə ildə necə yüksək tibbi xidmət ala bilərsiniz? Bir həkimin konsultasiyası 25-30 manat, bir UZİ müayinəsi azı 30 manatdır? Fikrimcə, icbari tibbi sığorta haqqı adambaşına illik 200-250 manatdan aşağı müəyyən edilməməlidir. Bu rəqəmi də işləməyən əhalinin sayına vurduqda təxminən 2 milyard manata yaxın vəsait edir. Bu gün hökumət 2 milyardlıq bir vəsaiti icbari sığortaya ayırmaq niyyətindədirmi? Birinci bu suala cavab tapılmalıdır. İkinci məsələ: ölkənin səhiyyə infrastrukturu buna hazırdırmı? Sığorta şirkətləri çoxdan hazırdır, artıq təcrübələri də var. Bəs yerli səhiyyə infrastrukturu necə, hazırdırmı? Düşünürəm ki, səhiyyə sahəsində ciddi işlər aparılmalıdır, xəstəxanalar vahid bir bazaya bağlanmalıdır. Tibbi xidmətlərin qiymətləri standartlaşdırılmalıdır və s. işlər görülməlidir.

- Xəyal bəy, bu mexanizm işə düşərsə, ölkə büdcəsinin səhiyyə yükü azalarmı?

- Əslində, normal bir sistem qurulsa, bəli, azala bilər. Büdcədə səhiyyə üçün nəzərdə tutulan vəsaitin böyük qismi sığorta fondları vasitəsilə səhiyyə müəssisələrinə ayrıla bilər. Yəni, səhiyyə müəssisələri sığorta olunana göstərdiyi xidmət müqabilində bu vəsaiti alacaq. Bu da klinikalar arasında sağlam rəqabətə gətirib çıxaracaq.Bu rəqabət nəticəsində neçə illərdir ki, səhiyyədə bəla olmuş keyfiyyət məsələsi də dəyişəcək.

- Azərbaycana hansı ölkə modelinin gətirilməsi uyğundur?

- Reallıq göstərir ki, ən uyğunu Rusiya modelidir. Bu sistemi tez bir zamanda işə salmaq istəyiriksə, onda səhiyyəsi çox bənzəyən Rusiya modelindən yararlana bilərik. Yox, hesab etsək ki, Azərbaycan Avropa standartlarına uyğun bir ölkədir, o zaman alman, İsveç modeli işləyə bilər. Ancaq hər bir modelin tətbiqində səhiyyənin hər nöqtəsində şəffaflıq və peşəkarlıq olmalıdır.

- Rusiya Avropa modelindən nə ilə fərqlənir?

- İsveçdə səhiyyə bütün əhali üçün pulsuzdur, əhali ödədiyi vergilər hesabına pulsuz tibbi xidmətdən yararlanır. Böyük Britaniyada da belədir, amma bəzən bu, xəstəxanalarda uzun növbəyə səbəb olur. Rusiyada isə sığorta haqları federal və regional sığorta fondlarına ödənilir və onun vasitəsilə istifadə edilir, vətəndaşlara icbari tibbi sığorta kartı verilir. Bu kartla xəstəxanaya müraciət edən vətəndaşa göstərilən tibbi xidmətin haqqı sonradan həmin fondlar vasitəsilə ödənilir.

- Xəyal bəy, neft gəlirlərinin yüksək olduğu zaman işə salınmayan bir sistem bu gün, neft gəlirlərinin azaldığı, büdcədə ixtisarların baş verdiyi bir vaxtda reallaşdırıla bilərmi?

- Elə mən də bunu nəzərdə tuturam ki, neft gəlirlərinin yüksək olduğu vaxtda bu sistemi işə salmadılar. Halbuki o vaxt buna hər cür imkan vardı. Ancaq bu gün, dövlət büdcəsinin xərclərinin azaldıldığı, qənaətə gedildiyi bir vaxtda təxminən 2-3 milyard manatlıq bir vəsaitin icbari tibbi sığorta haqlarına ayrılacağını güman etmirəm. Təbii, ayrılsa, yaxşı olar, ancaq indiki vəziyyətdə bu, real görünmür.

XS
SM
MD
LG