Fəhlələr yenə aksiya keçirir
“AzərİnşaatSevris”dən maaşlarını ala bilməyən fəhlələr yenidən etiraz aksiyası keçirir. Onlara noyabrın 3-də maaşlarının veriləcəyi vəd olunmuşdu. Maaşlarını ala bilməyən fəhlələr noyabrın 4-də yenidən AzərİnşaatServisin qarşısına toplaşıblar. Onlar 5 aydır ödənməyən maaşlarını tələb edirlər.
Maaşlarını ala bilməyən fəhlələr müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər. Fəhlələlər bildirirlər ki, şirkət ümumilikdə, 1100 nəfərin 3,5 milyon manat maaşını ödəmir.
AŞPA Siyasi Komitəsibdə Dağlıq Qarabağla bağlı məruzə qəbul olundu
AŞPA-nın Siyasi Komitəsinin noyabrın 4-də keçirilən iclasında “İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığı artması” ilə bağlı məruzə qəbul olunub. Sənədi Siyasi Komitənin britaniyalı məruzəçisi Robert Walter hazırlayıb.
İclasda Azərbaycanı təmsil edən Səməd Seyidov ümumilikdə bu məruzəni yüksək qiymətləndirib.
Ukraynada qubernator olan Saakashvilinin telefonuna kim qulaq asır, kim yazır və yayır?
Odessa qubernatoru Mikheil Saakashvilinin telefonuna qulaq asırlar, danışqlarını yazırlar və sayta qoyurlar. Həmin danışıqlarda Saakashvili “Rustavi 2” kanalını “inqilabi senari ilə getməyə” təhrik edir.Orda deyir ki, qarşıdurma olacaq, “üzlər əziləcək”.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti həmin lent yazılarında doğrudan da Saakashvilinin səsinin olması və dövlət çevrilişi cəhdi ilə bağlı araşdırmaya başlayıb. Saakashvili ilə bağlı daha bir cinayət işi açılıb.
Saakashvili isə deyir ki, bu, Rusiyanın xüsusi xidmətlərinin ona qarşı əməliyyatıdır.
Taleh Bağırzadə polis idarəsində döyüldüyünü deyir
Teoloq, “Müsəlman birliyi” ictimai təşkilatının rəhbəri, keçmiş vicdan məhbusu Taleh Bağırzadə noyabrın 3-də Yasamal polisində döyülüb. O, noyabrın 3-də axşam Facebook səhifəsində bu haqda yazıb.
Taleh Bağırzadənin dediyinə görə, rayon polisinin rəisi İsfəndiyar Mehbalıyev ondan tələb edib ki, insanları toplayaraq yürüş təşkil etməsinin səbəblərini açıqlasın. Teoloq cavab veib ki, dindarların müraciəti əsasında Milli Qəhrəman Mübariz İbrahimovun məzarına yürüş edəcəklər.
T.Bağırzadə namaz vaxtının yaxınlaşdığını deyərək rəisdən onu sərbəst buraxmasını xahiş edib. Amma İ.Mehbalıyev getməyə icazə verməyib və T.Bağırzadə orada ibadət etməyə başlayıb. Onun yazdığına görə, namaz qılarkən polislər onu döyüblər.
DİN-in mətbuat xidməti T.Bağırzadənin bəyanatını şərh etmir.
Noyabrın 4-də Taleh Bağırzadə Turan-ın müxbirilə söhbətində deyib ki, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyevi məhkəməyə verəcək.
Teoloqun hüquqlarını vəkil Cavad Cavadov müdafiə edəcək.