Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:12

Tarla zəhərlənmələrindəki sirli məqamlar


İmişli rayonu, işçilər pambıq sahəsinə aparılır, arxiv foto

İyunun 10-da Saatlı rayonunun Samadakənd kəndində pambıq tarlasında işləyən 24 nəfərin zəhərlənməsindən sonra Baş Prokurorluq dərhal cinayət işi açdığını bəyan etdi. Prokurorluğun açıqlamasında vurğunlanmışdı ki, cinayət işi üzrə zəruri istintaq tədbirlərini davam etdirilməklə yanaşı, gələcəkdə insanların həyat və sağlamlıqlına təhlükə yarada biləcək belə hadisələrin təkrarlanmaması məqsədi ilə icra strukturlarına konkret tapşırıqlar verilib.

Tapşırıqların nədən ibarət olduğu və onlara nə dərəcədə əməl edildiyi ictimaiyyətə bəlli deyil. Amma sonrakı 10 gün ərzində pambıq tarlalarında kütləvi zəhərlənmələrə dair daha 3 məlumat yayılıb.
Ekspertlərin fikrincə, bu hal ciddi məqamlardan xəbər verir. İlk olaraq onlar bu sualı gündəmə daşıyır:

Buna da bax: Zəhərlənənlərin 23 nəfəri hələ də Yevlax xəstəxanasındadır

İmişli rayonu, xəstəxana, arxiv foto
İmişli rayonu, xəstəxana, arxiv foto

ZƏHƏRLƏNMƏYƏ SƏBƏB NƏDİR?

Rəsmi qurumlar da artıq elan edib ki, kütləvi zəhərlənmə pambıq əkilmiş sahələrdə istifadə edilən kimyəvi pereparatların təsirindən ola bilər. İmişli rayonunda xəstələrin “kəskin inhalyasyon pestisidlərlə zəhərlənmə”daqnozu ilə müalicəyə cəlb edildiyi açıqlanıb.

Kənd təsərrüfatı mütəxəssisləri vurğulayırlar ki, pambıq bitkisinin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsi məqsədi ilə kimyəvi üsuldan geniş istifadə olunur. Zərərli orqanizmlərlə mübarizədə kimyəvi maddələr olan pestisidlərin tətbiq edildiyi (pest – “zəhər”, sideo“öl­dü­rərəm” anlamını verir) qeyd edilir.Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, pes­ti­sid­lər nəinki tətbiq edilən zərərverici orqanizmə, hətta digər canlılara, o cüm­lədən istiqanlı heyvanlara və insanlara da təsir edir.

Baş Prokurorluq bildirilmişdi ki, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan maddi sübut kimi götürülüb. İş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin olunub. Lakin hələ də bu ekspertizaların nəticələri açıqlanmayıb.

Buna da bax: İmişlidə zəhərlənənlərdən 10-nun müalicəsi davam edir

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli bildirir ki, ölkəyə gətirilən gübrələrin və kimyəvi maddələrin keyfiyyəti zəifdir:

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Ökəyə istifadə müddəti dörd il əvvəl ötmüş herbisid gətirilməsi faktı var. Çox güman ki, bunu bildiklərindən əkin sahələrinə normadan artıq dozada zəhər verilib. Bu, tarlada işləyənlərin zəhərlənməsi ilə yanaşı, həm torpaqda, həm də ətraf mühitdə aşırı kimyəvi çirklənmə yaradır. O da nəzərə alınmalıdır ki, bu gün pambıq əkilən sahədə növbəti il qida məhsulu yetişdirilə bilər.”

Həkimlər kimyəvi zəhərlənmənin yoluxucu olmadığını deyirlər. Lakin həm Saatlı, həm də İmişli rayonunda xəstələrlə təmasda olmuş başqa şəxslərin də səhhətinin pisləşməsi müşahidə edilib. Hətta xəstəliyin anadan körpə uşağa, ondan isə evdə olan digər şəxsə keçməyi barədə də məlumat yayılıb. Lakin Kliniki Tibbi Mərkəzin toksikoloqu Eyvaz Salahov bu halın mümkün olmadığını deyib:

“Belə şey ola bilməz. Çox güman ki, həmin şəxslər həyəcanlanıb və şübhələnməyə düşüblər.”

KİMYAVİ MADDƏLƏRİN GƏTİRİLMƏSİNƏ QİDA AGENTLİYİ NƏZARƏT EDƏCƏK?!

İndiyədək bitkiçilik məhsullarında istifadə edilən kimyəvi pereparatların idxalına nəzarəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti həyata keçirib. Məlum hadisədən sonra bu Xidmətin rəisi dəyişdirilib. O da elan olunub ki, gələn aydan bu səlahiyyət Qida Təhlükəsizliyi Agentliyinə veriləcək.

Mütəxəssislər isə həm pambığın, həm də onun yetişdirilməsindən ötrü istifadə edilən pereparatların qida məhsulu olmadığını nəzərə alaraq bu işin sonuncuya həvalə edilməsini təəccüblə qarşılayıblar.

Rövşən Ağayev, mart 2014
Rövşən Ağayev, mart 2014

İqtisadçı Rövşən Ağayev səlahiyyətin bir dövlət qurumundan alınıb digərinə verilməsi ilə vəziyyəti dəyişdirməyin mümkünlüyünə inanmadığını deyir:

“Bunun bir əsaslandırılması olmalıdır. Deyilməlidir ki, nə səbəbə görə Fitosanitar Nəzarəti Xidməti bu işin öhdəsindən gələ bilmir. Yaxud, Qida Təhlükəsizliyi Agentliyi hansı mexanizmləri, alətləri tətbiq edə bilər ki, bu sahədə dönüş yaransın. Ölkəyə aqrokimyəvi pereparatların, gübrələrin gətirilməsində elə bir bürokratik mexanizm qurulub ki, müstqil özəl şirkətlər bu sahədə normal işləyə bilmir. Mövcud qanunvericilik onları dövlət qurumlarından asılı vəziyyətə salır. Problemi adminstrativ tədbilərlə yox, süni əngəlləri aradan qaldırmaqla, şəffaflıq və rəqabət mühiti yaratmaqla həll etmək olar.”

ÖZƏL ŞİRKƏTLƏRİN ARXASINDA KİM DURUR?

Ekspertlərin fikrincə, sual doğuran başqa bir məqam isə zəhərlənmənin baş verdiyi pambıq tarlalarının kimə məxsus olmasıdır. Rəsmi qurumlar və mətbuat bu barədə susqunluq göstərir.

İmişlidə jurnalistlərə açıqlama verən kənd təsərrüfatı naziri hadisələrin özəl şirkətlərin tarlalarında baş verdiyini deyib:

“Zərərvericilərə qarşı pestisidlərin, kimyəvi maddələrin tətbiqi qaçılmazdır. Amma burada özəl şirkətlərin və fermerlərin üzərinə öhdəlik düşür ki, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etsin. Bildiyiniz kimi, bu hadisə də, əvvəlkilər kimi, özəl şirkətlərin idarəçiliyində olan ərazilərdə baş verib.”

Ancaq ekspertlər də sual edirlər: bu özəl şirkətlər reallıqda kimlərə məxsusdur və onların arxasında kim durur?

İmişli rayonu, pambıq tarlası, arxiv foto
İmişli rayonu, pambıq tarlası, arxiv foto

ƏGƏR TƏHLÜKƏ VARSA, ADAMLAR NİYƏ TARLAYA BURAXILIR?!

Pambıq tarlalarında zəhərlənmələrin rəsmi səbəbi açıqlanmır və eyni hallar təkrarlanmaqdadır. Müstəqil ekspertlər bu qədər hadisədən sonra əkinlərə kimyəvi pereparatlar verilərkən texniki təhlükəsizlik qaydalarının gözlənilməməsi ehtimalını qəbul etmir. Onlar düşünür ki, ökəyə gətirilən və istifadə edilmiş pestisidlərdə “əmma” var və onlar insanların sağlamlığına təhlükəlidir.“Hər zəhərlənmə olayından sonra deyirlər hər şey prezidentin nəzarətindədir. Faktiki olaraq isə tarla işi görənlər bir ucdan zəhərlənir. Hökumət təcili açıqlama verməlidir ki, ölkədə nə baş verir. Əgər pambıq tarlaları insan sağlamlığına təhlükə yarada bilən həddə zəhərlidirsə, bunu bilə-bilə adamlar niyə tarla işlərinə cəlb edilir?! Heç olmasa qoruyucu vasitələrlə təchizat olmalıdır”- adının çəkilməyini istəməyən ekspert deyir.

Xatırlatma

İyunun 20-də 20-dən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi. Ancaq həmin şəxslərin Yevlax rayon sakinləri olduğu, həmin ərazidə günəmuzd işlədikləri bildirilirdi.
İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular.

Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi.

Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.

XS
SM
MD
LG