Zəhərlənənlərdən 23 nəfərin Yevlax xəstəxanasında olduğu deyilir
“İyunin 20-də Yevlax Şəhər Xəstəxanasına 25 nəfər halsızlıq, qusma əlamətlərilə müraciət edib”.
Bunu Azərbaycan Tibbi Sığorta Agentliyinin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətindən verilən məlumata görə, 25 nəfərdən ikisi elə iyunun 20-də evə buraxılıb:
“Qalan 23 nəfər xəstəxananın terapiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. Əgər sağlıq vəziyyətləri sabit qalsa iyunun 22-də evlərinə buraxılacaqlar”.
Dünən, iyunun 20-də pambıq tarlasında zəhərləndiyi bildirilən 20-dən çox şəxsin Yevlax Şəhər Xəstəxanasına gətirildiyi haqqında məlumat yayılmışdı. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi. Ancaq həmin şəxslərin Yevlax rayon sakinləri olduğu, həmin ərazidə günəmuzd qaydada işlədikləri bildirilirdi.
Xatırlatma
İyunun 19-da İmişli rayonundakı pambıq sahələrinin birində də günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular.
Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi.
Artıq, son 11 gündə Azərbaycanda pambıqçıların dördüncü dəfədir ki, kütləvi şəkildə xəstəxanaya müraciət etmələri ilə bağlı məlumat yayılır.
İyunun 10-da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi. Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.
Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.
Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.
Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.
***
İyunun 20-də Yevlax rayonunda pambıq tarlalarının birində növbəti zəhərlənmə olduğu bildirilir.
"Report"un məlumatına görə, rayonun Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Nurallar kəndinin sakinləri sahədə zəhərləniblər.
Xəbərdə vurğulanır ki, zəhərlənənlərin sayı 24 nəfərə çatıb.
Onlardan 8 nəfərinin valideynləri ilə birgə pambıq sahəsinə gedən uşaqlar olduğu qeyd edilir.
Xəbərdə həmçinin vurğulanır ki, hazırda zərərçəkmiş şəxslərin hamısının vəziyyəti sabitdir və onlar həkim nəzarəti altındadırlar.
Yevlax rayonunun bəzi sakinlərinin bildirməsinə görə isə iyunun 20-də zəhərlənmə hadisəsi Tərtər rayonunun Xoruzlu kəndində baş verib.
“Ancaq zəhərlənənlər Yevlax rayonunun sakinləridir. Hadisə gündüz saat 12 radələrində baş verib”, deyə adının çəkilməsini istəməyən yerli sakinlərdən biri vurğulayıb.