Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlıya 12 il həbs cəzası kəsilib. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər onun haqqında belə hökm çıxarıb.
Hökmə əsasən, A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələbetmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, politoloq Qurbanəli Yusibov adlı şəxsi oğlunu qaçırmaq, atasını öldürmək ilə hədələyib, ondan pul tələb edib.
"Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar"
A.Qasımlı isə hökmdən öncə son sözündə bu ittihamın yalan olduğunu və siyasi sifarişlə şərlənərək həbs edildiyini deyib. O vurğulayıb ki, nəinki cinayətkar deyil, heç cinayətə yaxın əməli də olmayıb.
"Məhkəmə istintaqı da bunu göstərdi. İttihamı sübut edəcək nə bir şahid, nə də başqa bir dəlil var. İttiham boş söz yığını, yalanlardan ibarətdir. Bu işdə yeganə zərərçəkmiş tərəf mənəm. Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar. Hər kəs bilir ki, mənim həbsim siyasi sifariş əsasında baş verib", – A.Qasımlı son sözündə belə deyib.
Xatırlatma
51 yaşlı A.Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Onunla bu cinayət işində zərərçəkmiş kimi tanınan Q.Yusibov arasında bir neçə il öncə "Binance" kriptovalyuta birjasına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği tam şəkildə "Binance" hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən Qasımlı ilə Yusibov arasında narazılıq olub və bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxıb.
Mingəçevir şəhər Məhkəməsi Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib. Həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Qərar belə əsaslandırılıb ki, bu məsələyə kommersiya məhkəməsində baxılmalı idi.
A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və politoloqun əleyhinə qərar verilib. Hazırda sözügedən mülki mübahisə Ali Məhkəmənin icraatındadır.