Keçid linkləri

2026, 06 Mart, Cümə, Bakı vaxtı 02:09

'Bu məhkəmə Azər Qasımlının əqidəsinin legitimləşdirilməsindən ötrüdür'

Azər Qasımlı
Azər Qasımlı

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının vəkilləri deyirlər ki, aylarla sürən məhkəmə prosesi onun təqsirsizliyini ortaya qoydu.

"Sübut olundu ki, Azər Qasımlı əqidəsinə görə cəzalandırılıb. Bu məhkəmə də onun əqidəsinin legitimləşdirilməsindən ötrüdür", - vəkillərdən Aqil Layıc öz müdafiə nitqində belə deyib.

A.Qasımlının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror da çıxış edərək politoloqa 13 il həbs cəzası verilməsini təklif edib. Prokurordan sonra vəkillər müdafiə nitqi ilə çıxış edirlər. Müdafiəçilər, əksinə, A.Qasımlının özünün bu işdə zərərçəkən olduğunu vurğulayırlar, çünki heç bir cinayət törətmədiyi halda, 13 aydır həbsdə saxlanılır.

"Bu iş yalan üzərində qurulub. Azər Qasımlının əməlində cinayət tərkibi olmadığına görə işin özü haqda xüsusi danışmağa da ehtiyac görmürəm. Ədalət mühakiməsi xalq üçün olmalıdır. Cəmiyyət Azər Qasımlıya qarşı ittihamın saxta olduğunu düşünür. Mediada, sosial şəbəkələrdə yazılanlar bunu göstərir. Bu mənada, xalq Azər Qasımlı ilə bağlı öz qərarını verib. Məhkəmənin verəcəyi hökm isə tarixi qərar olacaq", - vəkil A.Layıcın sözləridir.

Digər vəkil Rövşanə Rəhimova martın 4-dəki müdafiə nitqində daha çox işdə olan ziddiyyətlərdən danışıb. O vurğulayıb ki, A.Qasımlı tanışı Qurbanəli Yusibovdan hədə-qorxu ilə 45 min dollar pul tələb etməkdə suçlanaraq həbsdə saxlanılır. Lakin ortada Q.Yusibovun ifadəsindən başqa heç bir mötəbər sübut-dəlil yoxdur. Onun sözlərinə görə, Q.Yusibovun bu məsələ ilə bağlı ifadələri də bir-birinə ziddir. Vəkil ifadələrdə üst-üstə düşməyəm məqamları bircə-bircə məhkəmənin nəzərinə çatdırıb: "Qurbanəli Yusibovun dediklərini təsdiqləyəcək başqa sübut yoxdur. Məsələn, hədə-qorxu gəlməsini göstərən səsyazısı, SMS-lər, sosial şəbəkə üzərindən yazışmalar... Azər Qasımlı məhkəmədə ona sual verdi ki, "səni təhdid etdiyimi necə sübut edə bilərsən?". Qurbanəli Yusibov "sübutum və şahidim yoxdur" cavabını verdi".

Rövşanə Rəhimova
Rövşanə Rəhimova

"Pulumu nə vaxt ödəyəcəksən?"

Politoloqun həbsindən öncə onunla Q.Yusibov arasında mülki qaydada məhkəmə çəkişməsi olub. Mingəçevir şəhər Məhkəməsi Yusibovun üzərinə A.Qasımlıya borclu olduğu pulu ödəmək öhdəliyi qoyan qərar çıxarıb.

Vəkil yada salıb ki, hazırda zərərçəkmiş qismində tanınan Q.Yusibov A.Qasımlıya zərər vurduğunu və bu zərəri ödəməyə hazır olduğunu əvvəllər ona göndərdiyi səsli mesajlarda da etiraf edib. Həmin səs yazıları məhkəməyə təqdim olunub: "Qurbanəli Yusibov Azər Qasımlıya zərər vurmuşdu, onun qarşısında, ən azı, mülki məsuliyyəti yaranmışdı. Ona etibar olunmuş 20 min dollarla necə rəftar etdiyi araşdırılacağı təqdirdə, hətta cinayət məsuliyyəti yarana bilərdi. Bu məsuliyyətlərdən yayınmaqdan ötrü Yusibovun Azər Qasımlı haqqında yalan ifadələr verməsi üçün ciddi səbəbləri vardı. Məhz bu səbəbdəndir ki, o, dərhal sonra yox, Azər Qasımlının mülki iddiası əsasında Mingəçevir şəhər Məhkəməsinin çıxardığı qərardan sonra Azər Qasımlıdan şikayət etməyə başladı".

Q.Yusibov şikayətində iddia edib ki, A.Qasımlı onu övladını oğurlamaqla, atasını öldürməklə hədələyərək pul tələb edib.

Vəkillər çıxışlarının sonunda A.Qasımlı haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.

Müdafiəçilərin çıxışından sonra A.Qasımlı son sözünü deməli, ardından hökm elan olunmalıdır. Politoloq son söz üçün vaxt istəyib. Bu üzdən, proses martın 11-dək ertələnib.

Amma A.Qasımlı məhkəmədə onu suçlayan Q.Yusibova belə bir sual ünvanlayıb: "Mən, yəqin ki, bir daha Qurbanəlini görməyəcəyəm, bu üzdən, indi ondan soruşmaq istəyirəm. Özü də ərizələrində, çıxışlarında təsdiqləyib ki, mənə 20 min dollar borcu var. Pulumu nə vaxt ödəyəcəksən?".

Zərərçəkmiş bu suala cavab verməyib.

Xatırlatma

Politoloq Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələbetmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri həqiqətəuyğun deyil: "Onu ittiham aktı yox, özümə qarşı "antiittiham" adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram".

Politoloq həbsini siyasi fəaliyyəti və tənqidi fikirləri ilə əlaqələndirir.

A.Qasımlı ilə tanışı Q.Yusibov arasında bir neçə il öncə "Binance" kriptovalyuta portalına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği tam şəkildə "Binance" hesabına yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən Qasımlı ilə Yusibov arasında narazılıq yaranıb və bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxarılıb. Mingəçevir şəhər Məhkəməsi Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib. Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Qərar belə əsaslandırılıb ki, bu məsələyə kommersiya məhkəməsində baxılmalı idi.

XS
SM
MD
LG