"Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə "Azenco" ASC-də aylıq 55 min manat əməkhaqqı yazıldığı iddia edilir. Bu iddia noyabrın 2-də "Azenco" ASC-nin Müşahidə Şurasının keçmiş sədri Vüqar Əliyevin məhkəmə iclasında səsləndirilib.
Şirkətin vəsaitindən 3 milyon yarımdan çox mənimsəmə ittihamı ilə həbsdə olan V.Əliyev Müşahidə Şurasına rəhbərlik etməmişdən öncə şirkətin İdarə Heyətinin sədri olub. Noyabrın 2-də keçirilən məhkəmədə ondan sonra "Azenco"nun İdarə Heyətinə rəhbərlik edən Pərviz Hacıyev şahid qismində ifadə verərək onunla üz-üzə gəlib və Pirverdiyevlə bağlı iddialar da məhz bu zaman ortaya çıxıb.
Əslində, məhkəmənin bu yay başlayan elə ilk iclasından prosesdə E.Pirverdiyevin adı hallanır. İlk iclasdan sonra məhkəmənin qapalı keçirilməsinə qərar verilsə də, bir neçə ay sonra hakimlər bu qərarı dəyişiblər.
Noyabrın 2-də məhkəmə iclasında "Azenco"nun nümayəndəsi yenə bu məsələni qaldıraraq prosesin qapalı keçirilməsini istəyib. Qarşı tərəf — V.Əliyev və müdafiəçisi isə buna etiraz edərək gizlədilməli heç nəyin olmadığını bildiriblər.
Hakimlər də vəsatəti təmin etməyib və "Azenco"nun İdarə Heyətinin sədri P.Hacıyev açıq məhkəmə prosesində dindirilib. O iddia edib ki, bütün maliyyə məsələləri şirkətin Müşahidə Şurasının sədri, hazırda təqsirləndirilən şəxs kimi məhkəmə qarşısında duran V.Əliyevin sərəncamında olub. Onu 2023-cü ildən tanıdığını deyən şahidin sözlərinə görə, bütün tenderlərə və haradan nə alınması kimi məsələlərə birbaşa V.Əliyevin özü qərar verirdi.
"Bu işdən bizə cəmi 3 milyon pul qaldı"
Dindirmə zamanı məlum olub ki, "Azenco"nun Özbəkistan və Sinqapurla satınalma müqavilələri olub. İdarə Heyətinin sədri P.Hacıyev iddia edir ki, V.Əliyevin dövründə "Azenco"nun tenderlər sahəsindəki fəaliyyəti uğursuz olub və şirkət böyük gəlir götürməyib. Onun sözlərinə görə, məsələn, Özbəkistanla 16 milyonluq satınalma müqaviləsi razılaşdırılsa da, sonradan V.Əliyev bu məbləği 8 milyon manata salıb: "Səbəbini soruşanda da dedi ki, qarşı tərəf əvvəlki məbləği ödəyə bilmir, imkanı yoxdur. Təsəvvür edin ki, bu işdən bizə cəmi 3 milyon pul qaldı".
P.Hacıyev əlavə edib ki, hesabatlarda kənar xərclər də ortaya çıxırdı; məsələn, gül mağazasından bir gündə 15 min manatlıq gül, yaxud şirkətin vəsaiti hesabına 44 min 900 manatlıq içki alınması kimi.
Prokuror ondan soruşub ki, üzə çıxardığı bu kənar xərclər barədə V.Əliyevə xəbərdarlıq etmişdimi?
"Vüqarın elə bir səlahiyyəti var idi ki, ona heç kim xəbərdarlıq edə bilməzdi. Şifahi soruşanda cavab verirdi ki, energetiklər günüdür, hədiyyə almaq lazımdır", — "Azenco"nun İdarə Heyətinin sədri prokurorun sualına cavab verib.
Bu məqamda V.Əliyevin vəkili yada salıb ki, şirkətin hesabına İdarə Heyətinin sədri P.Hacıyevin özünə də "iPhone" markalı telefon alınıb, amma həmin telefon da V.Əliyevin üzərinə mənimsəmə kimi rəsmiləşdirilib.
"Sıradan məsləhətçiyə 55 min manat maaş verirdilər?"
Özbəkistanla bağlı tenderlər haqda şahidin dediklərinə təqsirləndirilən V.Əliyev də münasibət bildirib. O vurğulayıb ki, ümumiyyətlə, şirkətin hansı tenderlərdə iştirak edib-etməyəcəyinə qərar vermək onun səlahiyyətinə aid məsələ olmayıb. Onun sözlərinə görə, buna öz aralarında "şef" adlandırdıqları E.Pirverdiyev qərar verirdi: "Burada əsas şəxs Etibar Pirverdiyev olub, bütün xarici müzakirələrdə də o iştirak edib. Özbəkistana da danışıqlar aparmaq üçün birinci dəfə Etibar Pirverdiyevlə, daha sonra Pərviz Hacıyevlə getmişik".
P.Hacıyev özü də Özbəkistana getdiyini təsdiqləyib, E.Pirverdiyevlə bağlı suala cavabında isə onun gedib-getməməsi barədə məlumatının olmadığını deyib.
Məhkəmədə təqsirləndirilən şəxsin vəkili "Azenco"nun İdarə Heyətinin sədrindən soruşub ki, E.Pirverdiyevin şirkətdəki vəzifəsi nədən ibarət idi? Şahid "məsləhətçi" cavabını verəndə vəkil təəccüblənib: "Sıradan məsləhətçiyə 55 min manat maaş verirdilər? Məsləhətçi şirkətin İdarə Heyətinin sədrindən çox alırdı?".
P.Hacıyev vəkilin bu sualına etiraz edib.
Ardından növbəti dəfə V.Əliyevin vəkilləri onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Bildiriblər ki, o, beş uşaq atasıdır, ən kiçiyinin 3 yaşı var və evin yeganə gəlir gətirənidir. Artıq istintaq bitdiyi üçün şahidlərə təsir göstərmək imkanı da yoxdur.
Prokuror onun həbsdən buraxılmasına etiraz edib. Məhkəmə də vəsatəti təmin etməyib və 40 yaşlı V.Əliyev həbsdə qalıb.
"Hamı bilir ki, bu şirkət Etibar Pirverdiyevindir"
V.Əliyev hələ istintaq dövründə bir neçə dəfə vəsatət qaldırıb ki, "Azərenerji"nin keçmiş prezidenti Pirverdiyev şahid qismində dindirilsin. Vəsatətini əsaslandırarkən vurğulayıb ki, bütün proseslər məhz Pirverdiyevin göstərişi ilə baş verib, çünki "Azenco" ASC faktiki olaraq onun şirkətidir: "Hamı bilir ki, bu şirkət Etibar Pirverdiyevindir. Mən bu şirkətdə iki il işləyəndən sonra o, məni rəhbər təyin etdi".
Məhkəmədə də həm V.Əliyevin özü, həm də qohumları Pirverdiyevin adını hallandıraraq onun məhkəməyə gəlməsini tələb ediblər. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında deyib ki, istintaq vaxtı ona E.Pirverdiyevlə barışmağı tövsiyə ediblər.
"Azenco" ASC-nin E.Pirverdiyevə məxsus olması barədə illərdir Azərbaycan mediasında iddialar yayılsa da, o, bu iddialara heç vaxt cavab verməyib.
AzadlıqRadiosunun məhkəmə prosesində səslənən fikirlərə Pirverdiyevdən şərh almaq cəhdləri də nəticəsiz qalıb.
62 yaşlı E.Pirverdiyev 2001-2018-ci illərdə "Azərenerji" ASC-nin sədri vəzifəsində çalışıb.
Xatırlatma
"Azenco" ASC uzun illər energetika və tikinti sektorunda iri layihələr həyata keçirib, bu layihələrin baş podratçısı və subpodratçısı olub. Şirkət 2002-ci ildə "Azərenerjitikinti" MMC kimi yaradılıb, 2008-ci ildə isə hüquqi adını "Azenco" ASC-yə (Azerbaijan Energy Construction) dəyişib.
Dövlət Bayrağı Meydanı və "Baku Kristal Holl" kimi məşhur layihələrin tikintisi də vaxtilə məhz bu şirkətə həvalə olunmuşdu.
V.Əliyev 2023-cü ilin mayına qədər "Azenco"nun İdarə Heyətinin sədri, daha sonra isə Müşahidə Şurasının sədri olub. O, 2023-cü ilin mayında şirkət səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsindən azad ediləndə yerinə P.Hacıyev təyin olunub.
Hacıyev isə vaxtilə "PASHA Holding"in törəmə strukturu olan "PMD Group" MMC-də rəhbər vəzifələrdə çalışıb, 2022-ci ildən isə "Azenco"nun İdarə Heyətinin sədr müavini olub.
Azərbaycanın ən iri konqlomeratı olan "PASHA Holding" maliyyə, tikinti və turizm sektorlarında böyük aktivlərə sahibdir. AzadlıqRadiosunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Tədqiqi Layihəsi (OCCRP) ilə birgə apardığı araşdırmaya görə, bu holdinq prezident İlham Əliyevin qızlarına məxsusdur.