«İnsanlar soyuqdan xəstələnib, dərman almağa, həkimə getməyə pulları yoxdur…»
«Azadlıq» qəzeti yazır ki, bunu Nardaran sakinləri deyir: «Azadlıq»a məktub göndərən yerli sakinlər yazır ki, qəsəbə sakinləri həm maddi, həm də kommunal xidmətlərlə təminat baxımından çox ağır durumdadır:
«Həyətlərdə ağac qalmayıb kəsilib yandırılmasın. Nəinki ağac, artıq insanlar evlərində olan bəzi taxta əşyaları da yandırırlar ki, soyuqdan ölməsinlər. Neçə evin işığı iki aya yaxındır yolda gedən təmirlə əlaqədar yanmır. Neçə evə su gəlmir. İnsanlar soyuqdan xəstələnib, dərman almağa, həkimə getməyə pulları yoxdur. Maddi baxımdan vəziyyət çox çətindir. İnsanlar təkcə çörəyi güclə alırlar. Camaat açıq-aşkar ölümə doğru gedir. Hamı qəm-qüssə içindədir, nə edəcəklərini və dərdlərini kimə deyəcəklərini bilmirlər. Şəhərə gedən marşrutlar əvvəl Ziyarətgahın qarşısına qədər işləyirdi. Camaat işə, uşaqlar da dərsə rahat gedib gəlirdilər. Amma avtobuslar indi Nardaranın girəcəyinə qədər buraxılır. Əhali də məcburdur işə getmək üçün ən azı, iki kilometr yolu bu soyuqda piyada getsin».
Manat şadlıq saraylarına toy tutdu
«Golden Ring» şadlıq sarayının administratoru Azər Hüseynov deyir ki, «Əvvəllər bizim şadlıq sarayında müdiriyyət hər toydan 15 faiz pul qazanırdısa, indi bir az güzəşt edib. Belə ki, qazancı 7-8-9 faiz etmişik. Təbii ki, bu da toya baxır. Bir az da qiyməti qaldırmışıq. Dolların qalxmasının vurduğu ziyanı həm özümüz, həm də toy sahibi arasında bölüşdürmüşük. Belə etmişik ki, toy sahibinə də çox ziyan dəyməsin», - deyə Azər Hüseynov bildirir.
Azər Hüseynov söyləyir ki, bu şadlıq sarayında ötən dekabrda 5-6 toy olub, fevralda 3-4, martda da 4-5 toy gözlənilir. O, əhalinin manatın sabitləşməsini gözlədiyini sözlərinə əlavə edir. Menyunun qiyməti isə 35-50 manat arası dəyişir.
Prezident qızını öz administrasiyasına rəhbər qoydu
Tacikistan prezidenti Emomali Rahmon qızı Ozodanı prezident administrasiyasına rəhbər təyin edib.
Dövlət başçısının böyük qızı 36 yaşlı Ozoda Rahmon indiyə qədər xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
Prezidentin 27 yaşlı kiçik oğlu Rüstəm Emomali Antikorrupsiya agentliyinə rəhbərlik edir. Prezidentin ümumilikdə 9 uşağı var.
Bu günlərdə Tacikistan konstitusiyasında edilən dəyişiklik nəticəsində 1992-ci ildən bu postu tutan prezident seçkilərdə məhdudiyyətsiz şəkildə iştirak hüququ qazandı. Digər dəyişiklik isə prezident seçkilərinə qatılan namizədlərin yaş senzinin 30-a endirilməsi olmuşdu ki, bu da 27 yaşlı prezident oğlunun 2020-ci ildə seçkilərdə iştirakını təmin edəcək.
"Mənə əmr edirlər ki, lal, kar, kor olum"
«Hazırda ev dustağıyam. Mənə əmr edirlər ki, susum, lal, kar, kor olum! Bəylər, elə ondansa ölmək daha əfzəl deyildirmi!».
Bunu «üsyankar müstəntiq» Rüfət Səfərov Facebook səhifəsində yazıb. O, ev dustaqlığına buraxılandan ilk dəfədir danışır.