0 bal toplayan əlaçılar
2015-ci ildə ali məktəbə qəbul üçün sənəd verən 51 min 818 məzundan 5 min 790-ı əlaçı olub. Əlaçı məzunların 20 nəfəri 0-100 bal, 151 nəfəri 100-200 bal, 558 nəfəri 200-300 bal, 2 min 255 nəfəri 300-500 bal, 2 min 806 nəfəri 500-700 bal toplayıb.
Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Tbilisi Bakının xətrinə dəyib
«World Politics Review»da Michael Cecire Gürcüstan hökumətinin Rusiyadan daha çox qaz almaq niyyətindən söz açır. Yanvarın ortasında Tbilisidə bu plana etiraz aksiyası keçirilib. Elə hökumətin opponentləri də iddia edirlər ki, «Gazprom»dan asılılıq Gürcüstanı Kremlin təzyiqi qarşısında zəiflədəcək. Ancaq müəllifin fikrincə, Tbilisinin «Gazprom»a sarı dönməsi onun Moskvanın qucağına atılması anlamına gəlmir, hökumət enerji təminatını şaxələndirmək istəyir:
«Gürcüstanın Rusiya qazına bu marağı onun daimi təchizatçısı Azərbaycanın da xətrinə dəyib. Bu ölkə Gürcüstanın daxili istehlakının 80 faizini verir, üstəlik, bir sıra dini müəssisələri pulsuz qazla təmin edir. Düzdür, Gürcüstan rəsmiləri vurğulayırlar ki, «Gazprom»la danışıqlar Azərbaycan qazının əvəzlənməsi ilə nəticələnməyəcək, sadəcə, ona əlavə olacaq. Ancaq qeyri-Xəzər mənbələrindən gələn qaz Azərbaycanın Gürcüstan bazarındakı payını azaldacaq ki, Bakı bu ssenarinin həyata keçməsini görmək istəmir».
Azərbaycan 4 milyard təcili borc alır?
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) nümayəndələri 4 milyard dollar məbləğində mümkün təcili borc paketinin müzakirəsindən ötrü Azərbaycana rəsmi səfərə gələcəklər. Xəbəri «The Financial Times» qəzeti yayıb.
Xəbərdə vurğulanır ki, bu kredit neft qiymətlərinin düşməsi səbəbindən maliyyə yardımının göstərilməsi proqramı seriyasından birinci olacaq. BVF təmsilçisi bildirib ki, nümayəndə heyəti ölkə hakimiyyətinin xahişi ilə yanvarın 28-dən fevralın 4-nə kimi Bakıda səfərdə olacaq. Səfər zamanı «texniki yardım» və «mümkün maliyyə tələbatlarının qiymətləndirilməsi»nin müzakirə ediləcəyi deyilir. Müzakirəylə tanış mənbənin bildirdiyinə görə, 4 milyard dollarlıq paketdən söhbət gedir.
"Azpetrol" işçisi danışdı
Başda general Məhərrəm Əliyevin idmançı qohumu İsa Əzizov olmaqla bir qrup idmançı tərəfindən yanvarın 26-da gecə iş yerində döyülən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin mühafizəçisi başına gələnləri azvizision.az saytına danışıb.
Deyib ki, «Bentley» markalı maşın yanacaqdoldurma məntəqəsinə gəlib. Sürücü 100 manatlıq benzin sifariş verib. Maşınlarına benzin doldurulsa da, ödəniş etməkdən boyun qaçırıblar: «Mən onlara yaxınlaşıb, nə baş verdiyini soruşdum. Onlardan sayğacda göstərilən məbləği ödəməyi xahiş etdim. Maşından düşən oğlanlar mənə hücum etməyə başladılar. POS-terminalı götürüb başıma vurdular. Onlar içkili idilər. Sürücü qışqırırdı ki, «siz kimsiniz bizi gözlədirirsiniz? Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda duran bilməz. Sizi pulla basdıraram». Onları sakitləşdirməyə çalışırdım. Aramızda mübahisə düşəndən bir neçə dəqiqə sonra «Prado» markalı maşın gəldi. Maşından düşən idmançılar da mənə hücum etdi».
Bu hadisə prezident İlham Əliyevin harınlıq edən məmurlara və onların yaxınlarına etdiyi növbəti sərt xəbərdarlıqla eyni gündə baş verib.