Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 23:11

''Azadlıq' qəzeti də siyasi məhbusdur'


"Azadlıq" qəzeti

“Artıq 3 aydır ki, “Azadlıq” qəzeti işıq üzü görmür. Qaranlıq qüvvələr “Azadlıq”ı qara zindana məhkum ediblər. Əgər bu ölkədə “Azadlıq”lar çox olsaydı, bu müraciətə o qədər də ehtiyac duymazdıq”.

Çapını dayandırmış “Azadlıq” qəzeti kollektivinin beynəlxalq ictimaiyyətə ünvanlanmış müraciəti bu sözlərlə başlayır.

Kollektiv qeyd edir ki, dekabrın 24-də “Azadlıq” qəzetinin 27 yaşı tamam olacaq.

Buna da bax:​ 'Azadlıq' qəzetinin bölgə müxbiri polisə aparılıb

“27 ildir ki, bu qəzet ailələrə həqiqət daşıyır, vətəndaşı təhlükələrdən xəbərdar edir, prinsiplərə xəyanət etmədən fəaliyyət göstərir. Amma ölkədə korrupsiyanın, saxtakarlığın, ədalətsizliyin doğulmasına xidmət edənlər, “Azadlıq”ı 27-ci doğum gününü qeyd etməyə əngəl yaradırlar”, müraciətdə bildirilir.

Sənəddə qəzetə qarşı sifarişli məhkəmə qərarlarından, tənqidə görə yüksək cərimələrdən, əməkdaşlarının şərlənib həbs olunmasından bəhs edilir.

““Azadlıq” qəzeti mövcud hakimiyyətin şərləyərək həbs etdiyi siyasi məhbusdur. 27 yaşlı qəzetin əllərini qandallayıblar. Əlbəttə ki, qəzetin elektron versiyası fəaliyyətdədir və bizi susdurmaq mümkün olmayıb. Amma qəzetin kağız versiyasının böyük önəmi var və cəmiyyəti informasiya qıtlığından, dezinformasiyalardan xilas etmək üçün “Azadlıq”ın çapı mütləqdir”, müraciətdə vurğulanır.

Buna da bax: Sərhədsiz Reportyorlardan 'Azadlıq' bəyanatı

Kollektiv ölkə və dünya ictimaiyyətinə müraciət edərək qeyd edir ki, “azad sözün son qalasının dağıdılmasına imkan verməyin”.

“Bu siyasi məhbusun da hüquqlarını qorumaq lazımdır. Həm də bu siyasi məhbus bütün siyasi məhbusların səsinə çevrilib, bütün haqqı tapdananların yanında olub. “Azadlıq” doğum günlərini öldürülmüş kağız parçaları arasında qeyd etməməlidir”.

Kollektiv “Azadlıq”ın düşdüyü ağır vəziyyətdən çıxmasından ötrü yerli və beynəlxalq ictimaiyyətin əlindən gələni əsirgəməyəcəyinə ümid etdiyini vurğulayır.

Buna da bax:​ Faiq Əmirlinin də həbs müddəti uzadıldı

Xatırlatma

“Azadlıq” qəzeti 3 ay əvvəl çapını dayandırarkən bu nəşriyyata olan borcla izah edilmişdi. Qəzet redaktorunun birinci müavini Rahim Hacıyev deməsinə görə, “Azərbaycan” nəşriyyatının rəhbərliyi onları xəbərdar etmişdi ki, borc ödənilməyəcəyi halda qəzetin çapı dayandırılacaq. Birinci müavin nəşriyyata 20 min manat borclarının olduqlarını söyləmişdi: “Bizim nəşriyyata 20 min manat verəcəyimiz var. “Qasid” Yayım Firmasının isə bizə 70 min manata yaxın verməlidir. Bütün üsullara əl atmağımıza baxmayaraq biz bu pulları “Qasid”dən ala bilmədik”

Buna da bax:​ 'Azadlıq' qəzetinin kağız versiyası bərpa olunmayıb

“Qasid” Yayım Firması isə “Azadlıq” qəzetinə borclu olduğunu təkzib etməsə də, borcu nə vaxt qaytaracağını açıqlamamışdı. Ancaq bir müddət sonra, qəzetin borclarının bir hissəsinin ödənilərək yenidən çap ediləcəyi ilə bağlı xəbərlər yayıldı. Az sonra isə qəzetin maliyyə direktoru Faiq Əmirlinin həbsi ilə bağlı başqa problemlərin meydana çıxdığı açıqlandı.

“Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çap olunurdu.

XS
SM
MD
LG