Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:40

İranda hicabı təbliğ edən TV ulduzunun başıaçıq şəkilləri yayılıb


Azadeh Namdari
Azadeh Namdari

İran televiziyasının tanınmış simalarından biri, aktrisa Azadeh Namdari-nin islami geyim qaydalarına uyğun olmayan görüntüləri yayılıb. Buna görə ictimaiyyət onu riyakarlıqda ittiham edir.

Əvvəllər TV aparıcısı olmuş, sonradan aktyorluq karyerasına başlamış Namdari illərlə hicabı, İranda islami geyim qaydası kimi qəbul olunmuş başı və bədəni örtən, yalnız üzü açıq saxlayan qara çadranı təbliğ edib.

«ÇADRA ÖRTMƏK ÜÇÜN İNANCLI OLMALISAN»

2014-cü ildə verdiyi müsahibədə o, çadra örtməsi ilə fəxr etdiyini deyib. Onun bu sözləri mühafizəkarlar tərəfindən alqışlanıb.

İranda islam inqilabından sonra tətbiq edilmiş islami geyim qaydalarına görə, ictimai yerlərdə qadınlar saçlarını və bədənlərini tamamilə örtməlidirlər. Ancaq qadınlar öz evlərində və yaxın qohumlarının əhatəsində hicab örtməli deyillər.

***Buna da bax-İranda isti havalar: qadınların əxlaq polisi ilə qarşıdurması

Hətta bu gün belə, əxlaq polisi küçədə hicab qaydalarına tam əməl etməyən qadınları saxlayaraq cəzalandırır.

«Çadra örtmək üçün inanclı olmalısan. Əks halda ifşa olunacaqsan. ...Allaha şükür, mən efirə çıxanda çadralı idim. Özümü təhlükəsizlikdə hiss etdim. Hiss etdim ki, mənə hörmət edirlər. Bu, çadranın mənə gətirdiyi gözəlliklər idi. ... Bunu dediyimə görə üzr istəyirəm, ancaq mən bu çadra ilə daha gözələm», – Namdari ifrat mühafizəkar «Vatan-e Emruz» qəzetinə müsahibəsində deyib.

«YAXINLARIMLA İDİM»

O, Instagram-da da tez-tez özünün çadralı şəkillərini paylaşırdı. Bu yaxınlarda Cenevrəyə səfəri zamanı BMT-nin ofisi qarşısında qara çadralı şəklini paylaşmışdı.

Ancaq Namdari-nin elə həmin səfər zamanı çəkilmiş, internetə sızmış digər görüntülərində o, nəinki çadrasız, hətta saçları tamamilə açıq görünür. Açıq havada çəkilmiş bu fotolarda Namdari kombinezon geyinib.

Bu görüntülər bir çox internet istifadəçisinin ciddi qınağına tuş gəlib. İstifadəçilər onu riyakarlıqda və yalan danışmaqda ittiham edirlər. Namdari isə tənqidçilərə cavab olaraq baş örtüyünün bir anlıq sürüşdüyünü deyib. O əlavə edib ki, şəkil çəkilən zaman yaxın qohumlarının arasında olub.

***Buna da bax: Özbəkistanda hicab taxan, şort geyən abituriyent ola bilməz

«Dostlarımdan, bu şəkilləri görüb təəccüblənmiş... adamlardan üzr istəyirəm. Sadəcə, onlara qısa izahat vermək istəyirəm: mən yaşıl bir məkanda yaxınlarımla birlikdə idim», – Namdari internetdə paylaşdığı videoda deyir.

BAŞ ÖRTÜYÜ BİR ANLIQ DÜŞÜB

Bundan sonra o deyir ki, 10 aylıq körpəsini uşaq arabasında yellədərkən baş örtüyü bir anlıq düşüb. Ancaq internet istifadəçilərinin ittihamları səngiməyib.

«Çadra örtüb-örtməməyin sənin öz işindir. Ancaq insanlara bir şey deyib, əslində, başqa şey etməksə düzgün deyil», - Twitter-də yazılmış bir şərhdə deyilir.

«Namdari rəsmilərin «Amerikaya ölüm!» qışqıraraq uşaqlarını ABŞ-a oxumağa göndərdiyi islam respublikasının, riyakarlıq respublikasının ideal rəmzidir», – bir Facebook istifadəçisinin şərhində deyilir.

Hicablı modelyer-dizayner
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Namdari onun özəl şəkillərini internetdə yayanları qınayıb. Ancaq internet istifadəçiləri onun başıaçıq şəkillərinin çəkildiyi parkın ictimai yer olduğunu, məcburi geyim qaydasınınsa İranda şəxsi məsələ olmadığını vurğulayıblar.

«HİCAB İCTİMAİ VƏ SİYASİ MƏSƏLƏDİR»

«Hicab heç vaxt şəxsi məsələ olmayıb. O, bütün cəmiyyətlərdə ictimai və siyasi məsələdir», – görkəmli qadın hüquqları fəalı Asieh Amini öz Facebook səhifəsində yazıb.

«Ancaq hicabın şəxsi məsələ olub-olmamasından daha vacibi yalan məsələsidir. İnanmadığımız bir şeyi təbliğ etmək və bu yalanı təbliğ etmək üçün media və ictimai resurslardan yararlanmaq», – deyə Amini «hicaba yox və yalana yox» həştəqi ilə yazdığı postda qeyd edib.

Son 30 il ərzində İran rəsmiləri qadınları hicab qaydalarına əməl etməyə məcbur etmək üçün mediadan tutmuş güc və təzyiqə qədər müxtəlif üsullardan yararlanıblar. Bu müddət ərzində onlar qadınların istədiklərini geyinmək və ictimaiyyət arasında istədikləri kimi görünmək kimi bəsit hüququnu əllərindən alıblar.

Bu müddət ərzində dövlət televiziyası rejimin məcburi islami geyim qaydalarının təbliği üçün faydalandığı əsas alətlərdən biri olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG