Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:36

Müsavatçı fəal: 'Məni şərləyib, indi də üzümə dayanır'


A.Həsənov
A.Həsənov

«Bir balaca vicdan olsa, mənə verilən bu narkotik ittihamının yalan olduğunu sübut eləmək 5 dəqiqəlik işdir. Amma mən 5 aydır ki, həbsdəyəm. Bunu heç kimə bağışlamayacam...», – Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənov martın 11-də məhkəməsində belə deyib.

2014-cü ildən ailəsi ilə birlikdə Litvanın paytaxtı Vilnüsdə siyasi mühacir statusuyla yaşayan A.Həsənov ötən il oktyabrın 11-də Bakıya gəldiyi gün Hövsanda atasının yaşadığı evin yaxınlığında həbs olunub. İddia olunur ki, onun üzərindən 3.5 qram heroin tapılıb.

«Məqsəd təxribat yaratmaq idi»

A.Həsənovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Martın 11-də məhkəmədə A.Həsənov özü ifadə verib. Heç vaxt narkotik maddə görmədiyini, hətta siqaret belə çəkmədiyini deyən A.Həsənov bildirib ki, narkotiki polislərin özləri onun cibinə atıblar. 19 yaşından Müsavat Partiyasının üzvü olduğunu yada salan A.Həsənov bildirib ki, bundan öncə də icra nümayəndəsi onu həbs etdirməkdən ötrü xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi. 2014-cü ildə həmin iddia əsasında CM-in 147.2 (böhtan) maddəsi ilə onun haqqında cinayət təqibi başlanandan sonra 6-yaşlı oğlunu da götürüb ölkədən gedib:

«Mən həmişə müxalifətin etiraz aksiyalarında iştirak etmişəm. Bir dəfə Hövsanda məktəbdə direktor uşağı döymüşdü. Valideynlər buna görə aksiya keçirmişdi. Polislər bilə-bilə ki, valideynlər direktorun əlindən yanıqlıdır, onu mühafizə etmək əvəzinə gətirib aksiya iştirakçılarının arasına saldılar. Məqsəd də təxribat yaratmaq idi. O aksiyada bir neçə valideyn jurnalistlərə müsahibə verdi, mən də danışdım. Direktorun döyülməsinin polisin öz təxribatı olduğunu demişdim. Buna görə məni cəzalandırmaq istəyirdilər».

2018-ci il oktyabrın 11-də Azərbaycana qayıtması barədə danışan A.Həsənov bildirib ki, o, mühacirətdə olanda anası dünyasını dəyişib, amma onun yasına da gələ bilməyib. Bu dəfə gəlməmişdən bir gün öncə atasıyla görüntülü danışarkən onun da vəziyyətinin ağır olduğunu görüb, heç olmasa, son günlərinə özünü çatdırmaq istəyib. Ona görə də dərhal bilet alıb Bakıya yola düşüb: «Atam onkoloji xəstə idi, ayağını da kəsmişdilər, hələ üstəlik, infarkt keçirmişdi. Gördüm ki, ölüm ayağındadır, tələsik yola çıxdım. Ayın 11-də səhər saat 5-də Bakıya çatdım. Atamla görüşdüm, həmin gün xəstə dayıma baş çəkdim, oradan məscidə günorta namazına getdim. Namazdan sonra anamın məzarını ziyarət etdim. Saat 16:00 radələrində qardaşım və onun azyaşlı oğlu ilə küçəyə çıxdıq. Bu zaman böyük qardaşım zəng eləyib dedi ki, köhnə iş yerimdə məni axtarırlar, həbs eləmək istəyirlər. Küçəmizdən nabələd maşın keçdi, şübhələndim, az sonra bir də qayıtdı, 4-5 nəfər mülkigeyimli düşüb, məni zorla maşına mindirdilər, Bakı şəhər Baş Polis İdarəsinə gətirdilər».

A.Həsənov deyir ki, idarənin qarşısında qollarını burub başını aşağı əyəndə cibinə narkotiki atıblar. Narkotikin ona aid olması barədə etiraf xarakterli ifadəyə imza atmasına gəlincə, Müsavat fəalı bunu idarədə psixoloji təzyiqlərə məruz qalmasıyla izah edir: «Döyülməmək, evdəkilərin, xüsusən xəstə atamın narahat olmaması üçün onların yazdığı izahatı imzaladım. Başımın üstündə dayananlar dedilər ki, burada qol çəkməmək söhbəti olmur».

«Beş aydır nahaqdan həbsdəyəm»

A.Həsənovun həbs olunmasında iştirak etmiş Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Elvin Kazımov da məhkəmədə dindirilib. Deyir ki, şəxsən onun özünə Hövsanda Azad adlı şəxsin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Elə həmin gün əməliyyat qrupu yaradılıb, o da qrupun rəhbəri olub. E.Kazımovun sözlərinə görə, gedib Hövsanda A.Həsənovu saxlayıb idarəyə gətiriblər: «İdarədə Azad Həsənov cibindən üç bükümdə heroin çıxartdı. Dedi ki, qəbiristanlıqdan tapmışam».

A.Həsənov polisin yalan danışdığını bildirib: «Gözünün içinə qədər yalan danışır. Bunun yalanlarına görə beş aydır nahaqdan həbsdəyəm. Məni şərləyib, indi də gəlib üzümə dayanır».

Vəkil Osman Kazımov da deyib ki, A.Həsənov həbs olunduğu gün ölkəyə gəlibsə, onun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olması mümkün deyildi.

Məhkəmə martın 18-də davam edəcək.

A.Həsənova qarşı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs nəzərdə tutulub.

Müsavat Partiyası A.Həsənovun siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG