Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:16

'Atası komaya düşür, ayılır, elə bilir Azadı yuxuda görüb'


A.Həsənov
A.Həsənov

4 ildir Litvada mühacir həyatı yaşayan, bugünlərdə onkoloji xəstə olan atasına baş çəkmək məqsədilə Azərbaycana qayıdan və bu zaman narkotik ittihamı ilə saxlanaraq haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilən müsavatçı Azad Həsənovun həyat yoldaşı Təranə Həsənova AzadlıqRadiosuna müsahibə verib.

Söhbətə başlamazdan öncə T.Həsənova «Bir dəqiqə gözləyin, uşaq yanımdadır, başqa otağa keçim, sonra danışaq» deyir. Oğlu 5-6 yaşındadır: «Hər gün soruşur atasını. Cavab verirəm ki, baba xəstələnib, Azərbaycana gedib, baban sağalsın qayıdacaq. Deyir: «Gəl dədəmə zəng edək». Deyirəm ki, telefonu burda qoyub. Sevinir, «Dədə getdi telefonu mənə qaldı» deyir. Uşaqdır, nə başa düşür...».

Qapı bağlanır və söhbət başlayır:

- Heç bir sözüm yoxdur. Necə başqa siyasi məhbuslar, eləcə də Azad. Bir maddə tapıb qoymalıydılar üstünə. Belə bir maddə yoxdur, axı: «Bu adam haqsızlığa qarşıdır». Bu adam həyatında siqaret çəkməyib. İmanlıdır...

- 4 il sonra həyat yoldaşınız Azərbaycana niyə gəlmişdi?

- Anası 2015-ci ildə rəhmətə getdi, biz gedəndən az sonra, onda Azad gələ bilmədi, biz o vaxt Litvada oturum da almamışdıq. İndi də atasının vəziyyəti ağırdır, komadadır. Azad o qədər vətənini, millətini sevən, qorxunun, təhlükənin üstünə yeriyən adamdır, mərd adamdır. Təhlükənin üstünə bilə-bilə getdi.

- Yəni, həbs olunacağını gözləyirdiniz?

- Mənə demədi ki, həbs edəcəklər. Bəlkə də nəyəsə ümid edirdi, dedi: «Narahat olma, cinayət törətməmişəm, çox güman qayıdaram». Amma bileti birtərəfli aldı, qayıdış bileti almadı. Artıq vətən həsrəti, ata həsrəti ona elə güc gəlmişdi ki, heç nə vecinə deyildi. «Türmədə olum, vətənimdə olum» deyirdi. O sözü bəlkə min dəfə dedi. Şəxsən özüm eşitdim, qardaşı da ona dedi: «Gəlmə, həyatını təhlükəyə atma».

- Nəyə görə həbs olunacağını gözləyirdiniz?

- Biz oradan təhlükədən qaçmışdıq. 80 faiz tutulacağını bilirdim. 20 faiz ümidim vardı ki, tutmayacaqlar. Azad 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. Həmişə mitinqlərdə, aksiyalarda öndə olub. Həmişə haqsızlığa qarşı çıxış edib, seçkilərdə müşahidəçi olub. Amma siyasi fəaliyyətinə görə getməmişik. Məktəb direktoru pul yığmışdı, deyəsən, Azad ona görə aksiya təşkil etmişdi. Aksiya da çox böyük olmuşdu. Ondan sonra Azadı apardılar, incitməyə başladılar. Məcbur qalıb qaçdıq oradan.

- Azərbaycana gələndən nə qədər sonra saxlanıb?

- Aeroportdan çox rahat keçib. Oradan da atasının yanına gəlib. Atası ilə günortaya kimi oturub. Gecə atasının telefonundan zəng də vurdu ki, çox normal keçdim, hər şey qaydasındadır. Hətta mən buna dedim: «Sən bəxtəvərsən, vətənindəsən». Kaş bu sözü deməzdim ona... O gecə səhərə kimi qardaşları ilə oturub söhbət ediblər, səhər bir yerdə yemək yeyiblər, qonşular gəlib, görüşüblər. Günorta məscidə gedib. Gözdən əlil müəllimi vardı, ədəbiyyat müəllimi, onu görmək arzusunda idi. Onunla da məsciddə görüşüb. Orda namaz qılıb. Məsciddən çıxanda «Hyundai» markalı maşın saxlayıb, mülkigeyimli 5-6 şəxs aparıb onu.

- Atasının vəziyyəti necədir?

- Atası komaya düşür, ayılır. Elə bilir ki, Azadı yuxuda görüb. Onkoloji xəstədir, şəkərdir, ayağını amputasiya ediblər. Hal-hazırda özündə deyil. Elə bilir, yuxuda görüb Azadı. Bəlkə də belə bilməsi yaxşıdır. Ona Azadın həbs olunduğunu deməyəcəyik, amma yenə də belə düşünməyi, Azadı yuxuda gördüyünü düşünməsi daha yaxşıdır. Allah ona da şəfa versin. Özünün durumu onsuz da pisdir, bəlkə 5 gün yaşayar, amma balasının həbsini bilsə, bu dəqiqə canını tapşırar. Ona görə bilməsə yaxşıdır.

- Həsənovlar ailəsinə indi təzyiqlər olması haqda danışırlar. Təzyiqlər varmı?

- Hövsan balaca kənddir. Polis bölməsi yaxınlıqdadır. İmanlı insanların məscidə rahat gedib- gəlməsinə icazə vermirlər. İcra başçısı da Azadın düşmənidir. Təzyiqlər var. Azərbaycandır da, nə deyim...

- Vəkili nə deyir? Azad Həsənov ittihamı qəbul edirmi? Özünün durumu necədir?

- Nəhayət dünən – oktyabrın 17-də vəkillə görüş veriblər. Vəkilin dediyinə görə, özünün əhval-ruhiyyəsi pis deyil, yaxşıdır. Psixoloji basqı var deyəsən, amma özü heç nə deməyib. Heç nə bilmirəm. Özüm Litvadayam. Əlim çatsa, gedib oturardım Kürdəxanı təcridxanasının qabağında... Apellyasiya şikayəti veriləcək. Ona verilən saxta ittihamdır. Xəbər gələn ilk birinci-ikinci gün düşünürdüm ki, dünya uçub altında qalmışam. Amma indi baxıram ki, dünya dağılmayıb, o bir pəhləvandır, təhlükənin üstünə tək-tənha gedən qəhrəman. Əksinə, onunla qürur duyuram. Yaxşı edib gedib.

- Litvada başqa yaxınlarınız var, ya təksiniz orda?

- Bir oğlum, bir də özüməm. Kimsə yoxdur. Azad həm müəllimim idi, həm atam idi, həm də anam. Burda universitetdə oxuyuram, tələbəyəm. Məni universitetə o hazırlaşdırdı. Özü Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdi, ancaq kartof satırdı. Hakimiyyət onun işləməsinə imkan vermədi. Burda da çörək zavodunda işləyirdi. İndi orda hakimiyyətin əlindədir. Hələlik, onu itirmişəm... Heç nədən də narahat deyiləm Nə olacaqsa, olsun.

- Səsiniz xırıltılı gəlir. Xəstələnmisiz, ya həyəcandan belədir?

- Oktyabrın 16-da Azərbaycan səfirliyinin qarşısına çıxıb tək-tənha aksiya keçirdim. Heç kimə demədən getdim etirazımı bildirdim. Burda müsavatçı azərbaycanlı uşaqlar var, heç onlara da demədim. 5 gündür həyat yoldaşımdan xəbər yoxdur, ondan xəbər vermələrini istəyirdim. Ona görə orda sinirləndim, səsim batdı.

- Səfirlikdən nəsə bildirdilər?

- Təbii ki, cavab vermədilər, amma yenə də sözümü dedim. Heç planlaşdırmamışdım aksiyanı. Məktəbə gedirdim, Azərbaycan bayrağını səfirliyin qabağında görəndə çox pis hala düşdüm... İstədiyim odur ki, beynəlxalq təşkilatlar nə lazımdı etsinlər, kimin əlindən nə gəlir əsirgəməsin. Əlimdən nə gəlir? Bütün təşkilatlara yazmışam, Litva mətbuatı işıqlandırıb. Litva Azərbaycanla əməkdaşlıq edir, diplomatları orda yeyib-içməkdə... Bəlkə 20 yerə məktub göndərmişəm, email-lərimə cavab verilməyib, ona görə oğlum məktəbdə olduğu müddətdə 5-6 yerə gedib bir-bir ərizələri vermişəm, qeydiyyatdan keçirmişəm. Deyirəm, bəlkə onda baxarlar. Hələ də cavab yoxdur... Ümidimi itirmirəm. Azad orda tək deyil. Tək olsaydı, bəlkə də dözməzdim. Orda Qiyas var, Bayram var, Əfqan var...

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Qiyas İbrahimov və Bayram Məmmədov keçmiş prezident Heydər Əliyevin heykəlinin üstünə «Qul bayramınız mübarək!» şüarını yazandan dərhal sonra saxlanılıblar, narkotik ittihamıyla hərəsinə 10 il həbs cəzası kəsilib.

Jurnalist Əfqan Muxtarlı isə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Adları çəkilən şəxslər ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər. Hakimiyyət isə ölkədə siyasi həbslərin olmadığını, şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG