Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:08

Azad Həsənov aclığı dayandırıb


A.Həsənov
A.Həsənov

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Azad Həsənov aclıq aksiyasını dayandırıb.

Bunu bu gün, iyulun 31-də Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

M.Sadıqovun sözlərinə görə, A.Həsənov vəkilinin yanında saxlandığı müəssisəsinin rəhbərinin adına ərizə yazaraq, aclıq aksiyasını dayandırdığını qeyd edib.

Vəkil: «Azad Həsənov xahişlərə cavab verərək...»

Bu məlumatı A.Həsənovun vəkili Osman Kazımov da təsdiq edib: «Azad Həsənov iyulun 31-də mənim yanımda Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasının rəisinə ərizə yazaraq, aclıq aksiyasını dayandırdığını bildirdi və birlikdə təcridxana rəisi ilə görüşdük».

O.Kazımov A.Həsənovun aclıq aksiyasını dayandırmasının səbəblərinə də toxunub: «Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, bir çox tanınmış şəxslər və vəkili olaraq mən də çağırış etmişdik ki, aclığı dayandırsın. Azad Həsənov da həmin çağırış və xahişlərə cavab verərək aclığı dayandırıb».

A.Həsənov aclıq aksiyasını cinayət işi üzrə məhkəmə prosesinin süni uzadıldığını bildirərək elan etmişdi. Onun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı Şəhər Baş Polis İdarəsinə sorğu göndərib. Son məhkəmə proseslərində bildirilib ki, sorğuya cavab gəlməyib və beləcə, proses təxirə salınıb. İyulun 22-də də hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən hələ də cavab ala bilməyiblər. Elə həmin iclasda da A.Həsənov aclıq aksiyasına başlayacağını elan etmişdi.

Amma bundan az sonra Penitensiar Xidmətdən A.Həsənovun aclıq aksiyasına başlamasını təkzib etmişdilər. Hərçənd, bunun ardınca - iyulun 25-də vəkili ilə görüşündə və sonra da məhkəmə prosesində A.Həsənov aksiyanı davam etdirdiyini açıqlamışdı.

A.Həsənovun məhkəməsindəki açıqlamalara Daxili İşlər Nazirliyindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.

Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. A.Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG