Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:43

Seçici sayı – köhnə məsələ yenidən gündəmə gəlir


Azərbaycanda 2018-ci il prezident seçkisi zamanı
Azərbaycanda 2018-ci il prezident seçkisi zamanı

Mərkəzi Seçki Komissiyasının son açıqlamasına görə, ölkədə seçicilərin sayı 5 milyon 212 min 902 nəfərdir. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə isə...

Hüquqşünas Ələsgər Məmmədli Komitənin məlumatlarına istinadla ölkədə seçicilərin sayının 7 milyon 450 mindən çox olduğunu bildirir. O deyir ki, DSK-nın verdiyi rəsmi rəqəmlərə əsasən, son 18 ildə 2 milyon 550 min nəfər doğulub:

“İndi MSK və Dövlət Statistika Komitəsi bir açıqlama verməlidir, görək 2 milyon 200 min nəfər seçici niyə siyahıdan kənarda qalıb? Bu rəqəm seçicilərin 40%-nə yaxın bir rəqəmdir və nəticələrə çox ciddi təsiri ola bilər”.

Ələsgər Məmmədli AzadlıqRadiosuna açıqlamasında rəsmi qurumların təqdim etdiyi rəqəmlərin arasındakı ziddiyyətin səbəbini bilmədiyini söyləyir. Ancaq hesab edir ki, hər iki dövlət qurumu statistikasını gözdən keçirib, hansının səhv etdiyini ortaya çıxarılmalıdır:

“Ya MSK düz deyir – ölkədə seçicilərin sayı 5 milyon 200 mindən çoxdur. O zaman da ölkə əhalisinin 18 yaşdan yuxarı olanların sayına nisbətdə sayı 7 milyon yarım olur. Yəni 10 milyon deyilik. O zaman da DSK yalan demiş olur”.

MSK və DSK-nın izahatı varmı?

AzadlıqRadiosu bununla bağlı Dövlət Statistika Komitəsinə müraciət edib. Mətbuat xidmətindən bu sualı cavablandıra bilməyəcəkləri üçün başqa şöbəyə yönləndirsələr də, ordan da açıqlama almaq mümkün olmayıb. Əməkdaşımıza sualı yazılı ünvanlamağı və 7 gün ərzində cavab veriləcəyini bildiriblər.

Mərkəzi Seçki Komissiyasından “Turan”a bildiriblər ki, əhalinin bütünlükdə qeydiyyatı ilə seçici sayı fərqli məsələlərdir: “Əhali qeydiyyatı belədir ki, ölkə ərazisində anadan olan kimi vətəndaş kimi reyestrdə qeydə düşür”.

Komissiyadan deyilib ki, seçici sayına müxtəlif amillər təsir edir - vətəndaş ölkədən gedə, seçki dairəsini dəyişə, yenisində qeydiyyata düşənə kimi fasilə yarana bilər.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli isə hesab edir ki, Konstitusiyaya görə seçici sayına təsir edən bircə amil var, o da məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz elan edilənlərin səsvermə hüququnun olmaması ilə bağlıdır, yerdə qalan hər kəsin belə bir hüququ var. “Düşünmürəm ki, bu fərq 2 milyon 200 etsin, ən çox 5-10 min edə bilər”.

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Hafiz Həsənov MSK-nın seçicilərin daim yer dəyişməsi ilə bağlı arqumentini əsassız saymır. Ancaq vahid seçici siyahısında bu qədər fərq yaranmasının şübhələrə yol açdığını düşünür:

“Onsuz da MSK-nın seçici siyahıları reallıqlara əsaslanmır. Əvvəllər də bu tənqidə məruz qalırdı. Hamı bilir ki, Azərbaycanda elan olunan qədər seçici yoxdur. Bəziləri Rusiyada, Türkiyədə işləyir. DSK-nın məlumatı isə formal qeydiyyatı olanlar əsasında formalaşır. Bu siyahıları real saymıram. Hətta ötən seçkilərdə protokollarla müqayisə aparılmışdı və bu zaman seçkidən əvvəl və sonra ortaya qoyulan seçici sayı ilə bağlı məlumatlarda ziddiyyətlər üzə çıxmışdı”.

MSK-nın keçmiş üzvü Akif Qurbanov da rəsmi qurumun arqumentini əsaslandırılmış saymır: “Vətəndaş bir ünvandan başqasına köçürsə 6 ay ərzində adı avtomatik seçici siyahısına düşməlidir. İcra qurumları qeydiyyata düşmə və çıxma haqqında məlumatları paylaşırlar, məntəqə komissiyasının borcudur ki, həmin məlumatı yerindəcə dəqiqləşdirsin. Buna görə ilin əvvəlində hər il siyahılar dəqiqləşdirilir. Mənim qardaşım 9 ildir xaricdə yaşayır, amma hər seçkidə ona bülleten gəlir. Necə olur ölkə xaricində olanların və ya ölən şəxslərin adlarına vəsiqə göndərilir?”

Deputat: “DSK dəfələrlə belə səhvlərə yol verib”

Deputat Asim Mollazadə “dəfələrlə belə səhvlərə yol verildiyini” bildirir. O bu səhvin nədən qaynaqlanması ilə bağlı məlumatsız olduğunu söyləsə də, ehtimalını bölüşür:

“Seçki ərəfəsində bəzi vətəndaşlar Azərbaycanda olmadıqlarına görə qeydiyyata alınmırlar. Amma Azərbaycan vətəndaşlığı daşıyan vətəndaşlar Dövlət Statistika Komitəsi tərəfindən qeydə alınırlar”.

O, bu durumda yaranmış anlaşılmazlığa belə aydınlıq gətirir: “Seçkilərlə bağlı məlumatları daha dəqiq MSK bilir, DSK-nın seçki ilə əlaqəsi yoxdur”.

“MSK rəhbərliyi yarızarafat sual etdi ki, siz hansı rəqəmlərə inanırsınız?”

Seçki məsələləri üzrə ekspertlər seçici sayı və ya seçici siyahıları üzrə məsələlərin həmişə şübhələrə yol açdığını vurğulayırlar. Hətta müxtəlif vaxtlarda yerli qurumlarla yanaşı ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının seçki hesabatlarında tənqidə məruz qalan məsələlərdən olduğunu xatırladırlar.

MSK-nın keçmiş üzvü Akif Qurbanov ATƏT-in 2013, 2018-ci il seçkilərində bu məsələyə diqqət yetirdiyini, rəsmi qurumlara sorğu göndərdiklərini, amma bununla bağlı hökumətdən “ağlabatan izah verilmədiyini” bildirir.

Akif Qurbanov
Akif Qurbanov

O, hələ 2008-ci ildə bu məsələni MSK-da qaldırdığını, həmin zaman iki rəsmi qurumun məlumatında seçici sayı ilə bağlı fərqin 1 milyon 600 min olduğunu, indi isə bu fərqin 2 milyonu ötdüyünü söyləyir:

“O zaman MSK rəhbərliyi yarızarafat sual etdi ki, siz hansı rəqəmlərə inanırsınız? DSK-nın yoxsa bizim?.. Qanuna görə, 18 yaşı tamam olan və Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaşın seçki hüququ təmin edilməlidir. MSK və onun sədrinin açıqlamalarına görəsə, məsələnin həlli ondan keçir ki, vətəndaş adının seçici siyahısında olduğunu özü müəyyənləşdirsin və adı yoxdursa siyahıya daxil ediləcək”.

Akif Qurbanov həm MSK-ya, həm də DSK-ya seçici sayı ilə bağlı məlumatları uyğun dövlət qurumlarının təqdim etdiyini söyləyir. Onun rəhbərlik etdiyi Demokratik Təşəbbüslər İnstitutu 2014-cü ildə bu məsələni araşdırıb:

“İki metod seçdik. Birincisi, seçici siyahılarında təsadüfi seçilən seçicilərin həmin ərazidə yaşayıb yaşamadığı müəyyənləşdirirdik. İkinci yola görəsə təsadüfi ünvanlar seçərək ordakı seçiciləri sorğulayır və onlar barədə məlumatların seçki siyahısında olub-olmadığı yoxlanılırdı. Bu mexanizmin məqsədi ikitərəfli yoxlama aparmaq idi, yəni seçicinin nə dərəcədə real həyatda mövcud olduğu və real vətəndaşların adlarının siyahıda olub-olmadığını üzə çıxarmaq. Son nəticə belə oldu ki, vətəndaşların 19 faizi seçici siyahılarından kənardadır. Həmin rəqəm DSK ilə MSK-nın təqdim etdikləri rəqəmlər arasındakı fərqi üzə çıxarırdı”.

“Bu da inkişaf nağılları və ya korrupsiya məqsədləri ilə bağlıdır”

Akif Qurbanovun sözlərinə görə, bu araşdırmadan sonra iki qənaətə gəliblər:

“Ya ölkə əhalisinin sayı göstərildiyi qədər deyil, şişirdilir. Bu da inkişaf nağılları və ya korrupsiya məqsədləri ilə bağlıdır. Ya da seçici siyahısındakı adlar azaldılıb. Burda siyasi məqsəd ola bilər. Hər seçki dönəmində seçici fəallığı şişirdilir, bu aktivliyi göstərmək üçünsə “karusel əməliyyatı”, müxtəlif saxtalaşdırma metodları həyata keçirilməlidir və s. Bu halda bir var 5 milyona nəzarət, bir də var tutalım 7 milyona nəzarət. Buna böyük enerji, resurs lazım olur”.

Hafiz Həsənov
Hafiz Həsənov

Hafiz Həsənova görəsə, məqsəd ölkədə seçicilərin sayının çox olduğunu, vətəndaşların ölkə xaricinə getmədiyini göstərməkdir.

“Bir də ötən illərin təcrübəsi göstərir ki, seçici sayı çox olanda nəticələrlə bağlı istənilən rəqəmi almaq, saxtalaşdırma, “karusel əməliyyatları”nı həyata keçirmək baxımından asan olur. Ölkədə olmayan insanların adından istifadə edilir”.

Deputat Asim Mollazadə isə seçki mütəxəssislərinin korrupsiya və saxtalaşdırma haqqında iddialarını əsassız sayır.

Mütəxəssislər problemi həll etməyin bircə yolunu görürlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, aşağı seçki komissiyaları vəzifələrini yerinə yetirib hər il yanvarın 1-dən mayın 31-dək seçici siyahılarındakı məlumatları dəqiqləşdirməlidirlər, o zaman gerçək rəqəmlər üzə çıxacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG