Keçmiş Sovet respublikalarında aylıq nominal əmək haqqına görə, Azərbaycan bir çox ölkələrdən, o cümlədən Gürcüstan və Ermənistandan da geridədir.
Bunu iqtisadçı alim Qubad İbadoğlu hesablayıb. O bildirir ki, Gürcüstanda bu, təqribən 647 manat, Ermənistanda 646 manat, Azərbaycanda isə 593 manatdır.
MDB-də bu sahədə ən yaxşı durum Rusiyadadır, 1265 manat.
Azərbaycan rəsmiləri ölkədə maaşların əksər MDB ölkələrindən, ələlxüsus da qonşu Ermənistan və Gürcüstandakından niyə az olduğu barədə suala cavab verməyiblər.
Bakı sakini Qənirə Qəniyeva orta aylıq əmək haqqından iki dəfəyə qədər aşağı- 200 manat maaş alır, xadimədir, deyir ki, pul ona çatmır:
“Ancaq çörəyə, çaya çatır. Bir də qaza işığa. Çətindir dolanmaq…”
Bəs normal yaşayış üçün ən azı nə qədər pul lazımdır? Bu barədə Bakı sakinləri fikirlərini bğlüşüblər:
Iqtisadçı alim Qubad İbadoğlu bildirir ki, hazırda Azərbaycanda təhsil işçilərinin orta aylıq maaşı orta aylıq əmək haqqından 1,5 dəfəyə qədər, səhiyyə işçilərinin maaşı isə orta aylıq əmək haqqından 2,5-3 dəfəyə qədər azdır.
Onun sözlərinə görə, maaşların belə az olması bu sahədə rüşvətxorluğa yol açır.
“Uzun illərdir, rəsmi dövlət siyasəti ona əsaslanıb ki, onsuz da həkimi xalq dolandırır. Həkimin əmək haqqını qaldırmağa ehtiyac yoxdur və həkim maaş hesabına yaşamır. Həqiqətən də Azərbaycanda ən korrupsiyalaşmış sahələrdən biri də səhiyyə sistemidir və səhiyyə sistemində çalışanlar da dövlətdən aldıqları maaşlarla deyil, onlara müraciət edən xəstələr və onların ödədikləri vəsaitlərlə, qeyri-rəsmi ödənişlərlə öz ailələrini dolandırırlar. Həmin vəsaitləri də götürəndə onlar sosial baxımdan bəraət hissi qazanırlar özlərinə və hesab edirlər ki, indiki əmək haqqı ilə yaşamaq mümkün deyil və bu baxımdan da xəstələrdən vəsait götürmək də utandırıcı deyil”.
Həkimlərin qanunsuz ödənişlər alması barədə ittihamları Səhiyyə Nazirliyi bir qayda olaraq inkar edir. Nazirliyin rəsmiləri belə cavab verirlər ki, bütün dövlət xəstəxanaları pulsuzdur və qanunsuz ödənişləri araşdırmağa hazırdırlar.
Qubad İbadoğlu isə bildirir ki, əmək haqlarının aşağı olması, yalnız həkimlərin deyil, başqa dövlət işçilərinin, o cümlədən, müəllimlərin də qanunsuz ödəniş almasına, işinin keyfiyyətininin aşağı düşməsinə səbəb olur.
Rəqəmlər və maaşlar
Bəs prezidentin maaş artımı ilə bağlı sərəncamları səmərə vermirmi?
Prezident İlham Əliyev Azərbaycanda əmək haqlarını davamlı olaraq artırıldığını bildirir. Bu aydan etibarən ölkədə minimum əmək haqqı da artırılıb, 180 manatdan 250 manata çatdırılıb. Oktyabrın 1-dən də əmək pensiyasının minimum məbləği 160 manatdan 200 manata qalxacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyunun 24-də, jurnalistlərə bildirib ki, minumum maaşlar artdıqca, əməkhaqqının digər pillələrində də artım olur. Yeni Azərbaycan Partiyasının internet səhifəsi nazirdən sitat dərc edib:
“Minimum əməkhaqqı artan zaman 19 pillədən ibarət Vahid Tarif Cədvəlinə uyğun şəkildə artırılır. Əməkhaqqının ən aşağı pilləsi, yəni minimum əməkhaqqı artdıqca bu, digər yuxarı pillələr üzrə olan əməkhaqlarında da artımı şərtləndirmiş olur. Eyni zamanda, minimum əməkhaqqı məbləği 250 manata çatdırılmaqla yaşayış minimumunu artıq 40 faiz üstələmiş oldu. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin daha bir əyani təzahürü, dövlətin sosial inkişafının göstəricilərindən biridir”.
İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, bu artımlar orta aylıq nominal əmək haqqı göstəricisinə təsir edəcək, bununla belə, artımlar hətta 10 faiz olsa belə, insanların həyatında əhəmiyyətli dəyişikliklə nəticələnməyəcək, çünki MDB-də Azərbaycanın maaş baxımından yeri xeyli aşağıdır.
İqtisadçı təklif edir ki, əmək haqqı artımı yalnız büdcə vəsaitləri hesabına aparılmasın, iqtisadi inkişaf, özəl sektor üçün imkanlar yaradılsın ki, daha sağlam mühitdə fəaliyyət göstərəcək özəl sektorda da maaşlar artsın və bu da nəticədə orta aylıq nominal əmək haqqının artımına gətirib çıxartsın.