Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Prezidentin dayısının maaşı 2000 manat oldu…


Daha kimlərin maaşı artırılmalıdır?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Daha kimlərin maaşı artırılmalıdır?

Oktyabrın 17-də prezident İlham Əliyev Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin maaşlarının artırılması ilə bağlı sərəncəm imzalayıb.

Noyabrın 1-dən Akademiyanın həqiqi üzvlər ayda indikindən 800 manat daha çox, yəni 2000 manat, müxbir üzvlər isə 350 manat artıq, yəni 1200 manat maaş alacaqlar.

Maaşı artanların ümumi sayı 180 nəfər civarındadır. Prezidentin dayısı Cəmil Əliyev, ölkənin birinci xanımının atası Arif Paşayev və bacısı Nərgiz Paşayeva, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev və bəzi deputatlar da akademiyanın həqiqi üzvləridir.

Yeni sərəncamla 800 manat daha çox maaş alacaq dilçi alim Möhsün Nağısoylu prezidentin bu qərarını elmə qayğı kimi dəyərləndirir.

Nisyə dəftəri

Təhsil sahəsində necə deyərlər “külüng vuran” çoxsaylı müəllimlər isə hələlik cüzi maaşla ayı başa vurmağa çalışdıqlarını deyirlər.

38 ildir Kürdəmirin Qarasu kəndində müəllim işləyən Sahib İbahimov da ümid edir ki, bir gün gələcək müəllimlərin də maaşı gözə çarpacaq dərəcədə artacaq:

“Maaş durub yerində ildə bir dəfə 5-10 faiz artırılır. Ərzaqın isə qiyməti bir ay ərzində bir neçə dəfə artır. Dolanışığımız belədir. Təkcə mənim yox, əskəriyyət bu durumdadır. Hakimiyyət nümayəndələri televziyada deyirlər ki, bəs, əhalinin güzəranı yaxşılaşır. Xahiş edirəm ki, bir etibar etdiyiniz adamı göndərin mən onları kənddəki dükanları gəzdirim. Görün nisyə dəftərlərində nəinki borclar geri qaytarılır, heç borc azalırmı? Hələ mənim aylıq stabil maaşım var. Bununla belə evimə qonaq gələndə gedib, dükandan nisyə nəsə alıb, gətirib masaya qoyuram”.

O aya 500 manat maaş alır. Deyir ki, bu maaşla bir təhər ailəsini dolandırır.

AzadlıqRadiosunun yeni televiziya layihəsi olan Currenttime-ın oktyabr ayında müxtəlif ölkələrdə müəllimlərin maaşları ilə hazırladığı infoqrafiya görə Azərbaycan müəllimlərin maaşına görə Ermənistan və Gürcüstandan geri qalır.

İqtisadçı Toğrul Maşallı düşünür ki, nəinki müəllimlər, özəlliklə, sosial sahədə çalışan bir çox peşə sahibləri olduqca aşağı maaş alır. O düşünür ki, ilk növbədə onların maaşının artırılmasına ehtiyac var:

“Ümumiyyətlə, Azərbaycanda Dövlət Statistika Komitəsinin yaydığı məlumatlar əsasında maaşların quruluşuna baxsaq görərik ki, ən aşağı maaşları sosial sahədə çalışanlar alır. Səhiyyə, təhsil, eyni zamanda elm sahəsi ən aşağı maaş alanlardır. Gələcəkdə məhz bu sahələrdə maaş artımına ehtiyac duyulur”.

Müəllimlərin də maaşları artırılır

2018-ci ilin dövlət büdcəsinin 9 aylıq yekunlarına görə büdcədə yarım milyard manata yaxın mənfəət - yəni artıq pul yaranıb. Bəs, bu əlavə vəsaitin hansı sahələrə yatırılması nəzərdə tutulur?

Millət vəkili Vahid Əhmədov da razılaşır ki, özəlliklə, sosial sahədə çalışanların da maaşlarının artırılmasına ehtiyac var. Amma əlavə edir ki, bu sahədə hökumət müəyyən işlər görür:

“Son vaxtlar dövlət büdcəsindən maliyyələşən həkimlər, müəllimlərin maaşları ilə bağlı müəyyən addımlar atılıb. İndi attestasiyadan keçən, yüksək qiymətlər alan müəllimlərin maaşlarında ciddi artımlar var. Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda müəllimlərin maaşlarına mütamadi baxılır. Düzdür, yüksək səviyyətdə addımlar olmasa da, 10-15 faiz artımlar olur. Maaşları birdən-birə artırmaq da qeyri-mümkündür çünki bu, inflyasiyaya gətirib çıxara bilər”.

AzaddlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, ilk növbədə kimlərin maaşlarının artırırlmasına ehtiyac var?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sonuncu maaş artımı builki prezident seçkilərindən əvvələ təsadüf edir. Adətən, vaxtaşırı, özəlliklə müəllim və həkimlərin maaşı 10 faiz civarında artılır.

Hökumət bunu sosial sahəyə diqqət kimi dəyərləndirsə də, hakimiyyətin təndiqçiləri bu artımı gözdən pərdə asmağa bənzədir. Tez-tez bu peşə sahibləri də artımı qənaətbəxş hesab etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG