Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:48

Azərbaycan ən islahatçı 20 ölkə sırasında?


Doing Business

Dünya Bankının «Doing Business-2020» hesabatında Azərbaycanın adı 20 islahatçı dövlət sırasına daxil edilib. Qurumun 2019-cu ilə aid hesabatında Azərbaycan 25 islahatçı ölkə arasında yer alırdı.

Hesabatda Azərbaycanın əmlakın qeydiyyata alınması və bir sıra başqa məsələlərdə irəliləyişlər əldə etdiyi vurğulanır.

Amma müşahidəçilər arasında bu məsələyə fərqli yanaşmalar var.

«Azərbaycanda islahat imitasiyası»

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İqtisadiyyat komissiyasının sədri Nemət Əliyev «Doing Business» hesabatının Azərbaycan gerçəkliyini əks etdirmədiyini düşünür:


«Azərbaycan hökuməti də daim bu hesabata istinad edir. Hətta son vaxtlara kimi bu hesabata istinadən deyirdilər ki, Azərbaycanın adı 10 islahatçı ölkə sırasında çəkilir. Mənə elə gəlir ki, hesabatın Azərbaycana aid hissəsində ya ədalətsizlik var, ya da bilərəkdən təhrifə yol verilib».

N.Əliyev vurğulayıb ki, Azərbaycanda islahatların hansı vəziyyətdə olmasını yerli sahibkarlar daha yaxşı bilirlər: «Onu yaxşı bilirlər ki, Azərbaycanda islahat adına bir şey yoxdur. Azərbaycanda islahat imitasiyası yaratmağa çalışırlar».

N.Əliyev
N.Əliyev

N.Əliyev deyib ki, əgər doğrudan da islahat həyata keçirilirsə, bunun nəticələri görünməlidir: «Əgər islahat həyata keçirilirsə, bu, özünü Ümumi Daxili Məhsulun (ÜDM) artımında, yoxsulluq səviyyəsinin aşağı salınmasında, pensiyaların, orta aylıq əmək haqlarının, ümumi əhali gəlirlərinin artmasında, xüsusən də yerli istehsalın inkişafında göstərməlidir».

«Bu saxta hesabatdır...»

İqtisadçının sözlərinə görə, sadalanan məsələlərdə real olaraq artım yoxdur. Onun deməsinə görə, yerli istehsalda da 18-20 faizə qədər azalma var: «O zaman bu sual çıxır ortaya. Haradadır bu islahat? Niyə burada özünü göstərmir? Qeyri-neft sahəsində həqiqətən həmin islahatlar varsa, niyə hökumət büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payını artırmır? Əksinə, növbəti il üçün dövlət büdcəsində neftin payı bir az da artdı. Əgər islahatlar varsa, niyə pensiya yaş həddini artırmaqla insanları pensiya almaq hüququndan məhrum edirlər?».

N.Əliyevin fikrincə, ölkədə biznes sahəsində mühit yaxşı deyil: «Niyə sahibkarlar qan ağlayır? Gömrüyə yolu düşən iş adamlarını boğaza yığıblar, vergi orqanlarının təzyiq və basqılarından sahibkarlar beziblər. Ona görə, açığı düşünürəm ki, bu, saxta hesabatdır. Ən azından Azərbaycana aid hissəsi gerçəkliyi əks etdirmir».

Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev isə bu məsələdə fərqli düşünür. Onun deməsinə görə, Dünya Bankının «Doing Business» hesabatı xüsusi metodologiya əsasında hazırlanır və qiymətləndirmə bir çox parametrlər üzrə xüsusi indikatorlarla müəyyənləşdirilir:

Ə.Nuriyev
Ə.Nuriyev

«Bütün dünya ölkələri üzrə vahid metodologiyadır»

«Bütün dünya ölkələri üzrə vahid metodologiyadır və Azərbaycana münasibətdə fərqli bir metodologiya tətbiq edilmir. Həmin metodologiyaya əsasən də, Azərbaycan bu il 20 islahatçı ölkə sırasına daxil edilib. Əslində, 2016-cı ildən başlanan iqtisadi islahatlar və Strateji Yol xəritələrin qəbul edilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunan qanun, fərman və sərəncamlar bu mühitin yaxşılaşması üçün imkanlar yaradıb».

Ə.Nuriyev vurğulayıb ki, ölkədə biznesin qeydiyyata alınması tam elektronlaşıb: «... Bu islahatlar davam etməlidir. Çünki müxtəlif prosedurların azaldılması, biznes mühitinin yaxşılaşdırılması, kredit əlçatanlığı məsələləri bu reytinqə təsir göstərir».

Hüquqşünas vurğulayıb ki, «Doing Business» hesabatında daha çox biznesin qanunvericilik baxımından tənzimlənməsi məsələsi diqqət mərkəzində olur. Onun sözlərinə görə, hesabat hazırlanarkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes nümayəndələriylə də ətraflı müzakirələr aparılır: «Hökumətin hədəflərindən biri beynəlxalq reytinqlərdə ölkənin mövqeyini yaxşılaşdırmaqdır. Başlıca reytinqlərdən biri də «Doing Business» idi, aparılan islahatlar burada öz sözünü deyib...».

Ə.Nuriyev əlavə edib ki, islahatlar davam etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG