Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 21:33

260 milyard yatırılan Azərbaycanda


Dollar
Dollar

Azərbaycan iqtisadiyyatına indiyədək 260 mlrd. ABŞ dollarından artıq investisiya qoyulub.

Bu barədə sentyabrın 27-də iqtisadiyyat nazirin müavini Sahib Məmmədov sahibkarlıqla bağlı keçirilən tədbirdə bildirib.

Nazir müavinin sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulan investisiyaların 50 faizi xarici investorların payına düşüb.

S.Məmmədov onu da qeyd edib ki, investisiyanın cəlb olunması baxımından getdikcə daha da aktuallaşan innovativ sahibkarlığın əhəmiyyəti Azərbaycanda həyata keçirilən iqtisadi islahatların başlıca istiqamətlərindəndir.

İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda əsas investisiyalar enerji və neft sektoruna yönəlir. Onun qeyd etməsinə görə, bu investisiyaların böyük hissəsi də infrastruktur layihələrinə qoyulmuş vəsaitlərdir:


«Onların bir çoxu kredit şəklində iqtisadiyyata yatırdılıb. Beynəlxalq maliyyə korporasiyaları milyardlarla ölçülən kreditləri neft və enerji layihələr üçün ayırır. Amma iqtisadiyyata investisiyalar dedikdə, görünür ki, nazir müavini, əsasən, neft sektoruna, neftlə bağlı infrastrukturun yaradılmasına və təbii qazın daşınması ilə əlaqəli layihələrə yönəlmiş investisiyaları nəzərdə tutur».

«Göstərilmiş vəsaitlərin 10 faizi belə...»

N.Bəydəmirlinin vurğulamasına görə, əgər göstərilmiş vəsaitlərin 10 faizi doğrudan da real iqtisadiyyata, qeyri-neft sektoruna yatırılmış olsaydı, istehsalçılar bunu aldıqları malların strukturunda görərdilər: «Təəssüf ki, marketlərə gedəndə görürük ki, malların 80-85 faizi xarici ölkələrdə istehsal olunub. Yerli istehsal olunmuş malların xammalı da xaricdən gətirilib».

N.Bəydəmirli
N.Bəydəmirli

«Niyə Azərbaycanda Aİ-95 markalı benzin istehsal olunmur?»

İqtisadçının sözlərinə görə, Azərbaycana daxil olan investisiyaların həcmini açıqlayanda nazir müavini ölkədən çıxan vəsaitin məbləğini da açıqlamalı idi: «Əgər Azərbaycana neft ölkəsi olaraq bu qədər vəsait daxil olubsa, niyə Azərbaycanda avrodizel, Aİ-95 markalı benzin istehsal olunmur? Niyə Azərbaycan hökuməti Türkiyədə neft emal edən «Star» zavoduna milyardlarla pul yatırır? Bunun Azərbaycana faydası nə qədərdir? Niyə biz neft zavodunu rekonstruksiya edə bilmədik?».

O, bu mövzudan bəhs edən bir sıra jurnalist araşdırmalarının da üzərində dayanır və bu istiqamətdə bəzi ehtimalları dilə gətirir:


«Azərbaycana investisiya adı ilə gələn vəsaitlərin bir hissəsi ölkədən çıxarılmış vəsaitlərin müxtəlif «yuyulma» mexanizmlərdən keçərək, ofşor şirkətlərdən yenidən məmur kapitalı kimi Azərbaycan iqtisadiyyatına dönməsidir».

«Ciddi islahatlar aparılmasa, bunun sonu heç də yaxşı görünmür»

N.Bəydəmirli habelə qeyd edib ki, ölkəyə 260 milyard investisiya qoyulsaydı, istehsal olunan malların əlavə dəyər vergisinin artım tempi yüksək olardı: «Biz isə əksini görürük, artım tempi aşağıdır və bu il keçən ilə nisbətən azalıb. Son 5 ildə bütövlükdə istehsal olunan malların əlavə dəyər vergisi (ƏDV) azalıb. Lakin ölkəyə idxal olunan məhsullardan toplanan ƏDV artmaqda davam edir. Bu da o deməkdir ki, biz istehlakçı olaraq ödədiyimiz vergilər xarici ölkələrin iqtisadiyyatına xidmət edir və vəsaitlər ölkədən çıxarılır. Ciddi islahatlar aparılmasa, bunun sonu heç də yaxşı görünmür».

V.Əhmədov
V.Əhmədov

«İnvestisiya bölgüsündə ən böyük səhvimiz ondan ibarətdir ki...»

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da «Turan» agentliyinə deyib ki, Azərbaycan iqtisadiyyatına yatırılmış vəsaitlərin böyük hissəsi neft-qaz sektoruna yönəlib: «Söhbət 200 milyarda yaxın məbləğdən gedir. Düzdür, son vaxtlar qeyri-neft sektoruna da müəyyən qədər investisiya yatırılıb. Amma investisiya bölgüsündə ən böyük səhvimiz ondan ibarətdir ki, biz qeyri-neft sektorunu istədiyimiz qədər inkişaf etdirə bilməmişik».

Deputatın sözlərinə görə, bəzi sənaye parkları yaradılsa da, bu kifayət deyil: «O sahələri inkişaf etdirmək lazımdır ki, onlar dövlət büdcəsinə gəlir gətirəcək, kifayət qədər vergi ödəniləcək, idxal olunan məhsulların miqdarını müəyyən qədər azaldacaq».

XS
SM
MD
LG